22 Dekabr 2024, Bazar

Hər bir ölkə paytaxtı ilə tanınır deyiblər. Elə ölkələr var ki, əsas hissəsini kəndlər təşkil edir. Paytaxtla bölgələr arasında müəyyən fərqlərin mövcudluğu da qaçılmazdır. Bu, dövlətin yerinə yetirməli olduğu funksiyalarla bağlıdır. Paytaxt siyasi fəaliyyət, intellektin toplandığı məkan sayılmaqla bərabər, həm də elm, mədəniyyət, sənaye mərkəzidir. Bölgələrdə isə, əsasən, kənd təsərrüfatı ilə məşğul olunur, əhali tələbatının ödənilməsi üçün xammal və ya hazır məhsul istehsal edilir.

Naxçıvanda da əhalinin əksəriyyəti kənd yerlərində yaşayır. Bu gün, sözün geniş mənasında, Naxçıvan Muxtar Respublikası özünün şaxələndirilmiş inkişaf epoxasını yaşayır. Nəticədə, tarix üçün çox da böyük olmayan bir zaman kəsiyində Naxçıvan intibah mərhələsi səviyyəsinə çatmış, yeni dövrün böyük tarixi yazılmışdır.
Naxçıvanda böyük həcmdə quruculuq və abadlıq işləri aparılır. Son 17 il ərzində regionun kəndlərində, ucqar yaşayış məntəqələrində də böyük bir salnaməlik qədər quruculuq tədbirləri həyata keçirilmişdir.
Önəmli cəhət ondan ibarətdir ki, görülən işlər həm kəmiyyət, həm də keyfiyyət baxımından fərqlənir. Buna muxtar respublikanın hər bir sakini şahidlik edir, bu inkişafı hamı fərəh hissi ilə alqışlayır. Naxçıvana gələn qonaq-qara da bu gözəlliklərə heyran qalır, kəndlərdə qurulan büsata valeh olur.

Görünən dağa nə bələdçi... Həqiqətən, bu gün Naxçıvan kəndlərində regionların sosial-iqtisadi inkişafını təmin edən Dövlət pro­qramları çərçivəsində kompleks quruculuq tədbirləri həyata keçirilir. Blokada şəraitində yaşamasına baxmayaraq, burada tikilənlər, qurulanlar, yaradılanlar, ilk növbədə, mənfur ermənilər üçün gözdağına çevrilir. Məgər məkrli düşmənlərimiz ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanı iqtisadi blokadanın ağırlığı ilə yaşamağa məcbur edəndə onların məqsədi bu qədim diyarı iqtisadi cəhətdən zəiflətmək deyildimi? Əlbəttə, niyyətləri bu idi. İstəyirdilər ki, bu əzəli oğuz-türk yurdunda insanların əhval-ruhiyyəsini aşağı salmaqla, bir növ, adamları öz ev-eşiyindən, elindən-obasından “perik” salsınlar.
Əgər həmin ağır günlərdə Ulu Tanrı Heydər Əliyev kimi müdrik, dahi, uzaqgörən bir şəxsiyyəti, siyasətçini, görkəmli dövlət xadimini bu torpağa xilaskar göndərməsəydi, təbii ki, onda Naxçıvanın bugünkü varlığından danışa bilməzdik. Ulu öndər Heydər Əliyev öz əyilməz polad iradəsi, dərin zəkası ilə bu torpağı məkrli düşmən hücum­larından hifz etməklə qədim ­diyar­­da yeni, firavan həyatın əsasını qoymuşdur.
Təməli ulu öndər tərəfindən qoyulan quruculuq xətti Naxçıvanda bu gün uğurla davam etdirilir. Son illər təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın ayrı-ayrı kənd­lərində inşa olunan yeni məktəb binalarını böyük şəhərlərdəki tikililərlə müqayisə etmək olar. Elə götürək 2010-cu ilin oktyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Şərur rayonunun Yengicə kənd tam orta məktəbinin binasını. Gözəl arxitektura quruluşuna malik 3 mərtəbə və 3 korpusdan ibarət olan bu kənd məktəbində təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır. Yengicə kənd tam orta məktəbinin açılış mərasimində ölkə başçısı cənab İlham Əliyev demişdir: “Bu məktəbin tikintisi çox əlamətdar bir hadisədir və onu göstərir ki, Azərbaycanın hər bir yerində məktəb tikintisi sürətlə gedir. Bu məktəb, əslində, kənd məktəbinə oxşamır. Çox əzəmətli, geniş, işıqlı bir məktəbdir...”
Bəli, Yengicə bu gün müasir Azərbaycan kəndinə bariz nümunədir. Ümumiyyətlə, son illər Yengicədə şəhərdən seçilməyən bir mənzərə yaradılmışdır. Müasir arxitektura üslubunda inşa edilən, 2 mərtəbədən ibarət olan kənd mərkəzi də cəlbedicidir. Burada icra nümayəndəliyi, bələdiyyə, mədəniyyət evi, kitabxana, baytarlıq məntəqəsi, rabitə evi fəaliyyət göstərir. 4183 nəfər əhalinin yaşadığı bu kənddə həkim ambulatoriyası, xidmət mərkəzi də yengicəlilərin xidmətindədir. Bütün bunlar kəndə ayaq açan şəhər mədəniyyətinin əlamətləridir.
Eyni sözləri Culfa rayonunun Nəhəcir, Ləkətağ, Boyəhməd, Şahbuz rayonunun Ağbulaq, Biçənək, Aşağı və Yuxarı Qışlaq, Ordubad rayonunun Behrud, Parağa, Aşağı Əylis, Biləv, Gənzə, Kəngərli rayonunun Çalxanqala, Şahtaxtı, Qabıllı, Babək rayonunun Kərimbəyli, Şıxmahmud, Sirab, Nehrəm kənd­ləri və onlarla belə yaşayış məntəqələri haqqında da demək olar. Adları çəkilən kəndlərdə elə müasir təhsil ocaqları, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları inşa edilib, gözəl parklar salınıb ki, onlara heyran qalmamaq mümkün deyil. Hələ kəndləri şəhərlə birləşdirən geniş asfalt yolları, salınan körpüləri demirəm...
Bir sözlə, son illərdə Naxçıvan kəndlərində təqdirolunası çox işlər görülmüşdür. Yaxın tariximizə nəzər salsaq, burada tikilən yeni məktəb binalarının, həkim ambulatoriyalarının, kənd mərkəzlərinin əksəriyyətinin ucqar dağ kəndlərində inşa edildiyinin şahidi oluruq. Təkcə bir faktı qeyd edək ki, ötən il Naxçıvanın 14 kəndində yeni kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilmişdir.
...Kəndlərlə bağlı qeydlərimi belə bir sonluqla bitirmək istəyirəm: dağlar zirvələri ilə öyündüyü kimi, insanlar da dünyaya göz açdığı doğma Vətəni ilə öyünürlər. Bu gün Azərbaycan kəndinin siması büsbütün dəyişir, yeniləşir, gözəlləşir. Sürətlə və uğurla icra edilən Dövlət proqramları çərçivəsində Naxçıvan kəndləri də zaman və məkan baxımından şəhərə yaxınlaşır.

Aydın TARVERDİYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR