23 Dekabr 2024, Bazar ertəsi

Zəngin təbiətə malik Naxçıvanın çoxsaylı faydalı qazıntıları və mineral sərvətləri vardır. Muxtar respublika ərazisində insan sağlamlığı üçün faydalı olan mineral suların qaynadığı bulaqlar çox əvvəllərdən tanınıb, onlardan müalicə və süfrə suyu kimi istifadə edilib. Azərbaycanı bütün dünyada tanıdan, “Sirab”, “Badamlı” kimi milli brendlərimizə çevrilmiş bu sular həm də Naxçıvanın rəmzinə çevrilib. “Darıdağ” mineral suyu da öz müalicəvi əhəmiyyətinə görə belə sərvətlərimizdən biridir. 

“Darıdağ” təbii mineral müalicəvi süfrə suyu Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Gülüstan kəndindən 2,5 kilometr şimal-qərbdə Əlincəçay məcrasında yerləşən təbii bulaqdır. Bu mineral su mənbəyi 1962-ci ildə tapılmış və hazırda dərinliyi 135 metr olan quyudan çıxır. “Darıdağ” təbii mineral müalicəvi süfrə suyu kimyəvi tərkibinə görə Rusiyanın Kislovodsk şəhəri yaxınlığındakı “Narzan” və Naxçıvan Muxtar Respublikasının Babək rayonundakı “Sirab” mineral sularının analoqudur.

O, iysiz, rəngsiz, şəffaf və çöküntüsüz bulaq suyudur. Suyun tərkibi zəif turş mühitə malik, az minerallaşmış, kimyəvi tərkibinə görə hidrokarbonatlı, maqneziumlu-kalsiumlu-natriumludur. “Darıdağ” suyu həm təbii mineral süfrə suyu, həm də müalicəvi su kimi xüsusi əhəmiyyətə malikdir. Onun tərkibində müalicə əhəmiyyətli bioloji aktiv mikrokomponent olan silisium turşusu və karbon qazı aşkar edilmişdir. Mütəxəssislərin fikrinə görə, bu suyun tərkibindəki mikroelementlər insan orqanizmi üçün çox faydalıdır. Artıq ölkəmizin tanınmış həkimləri mədə-bağırsaq, qaraciyər və öd yollarının xroniki xəstəlikləri, maddələr mübadiləsinin pozulması, habelə şəkərli diabet, piylənmə kimi xəstəliklərin təbii üsullarla müalicəsində “Darıdağ” mineral suyundan istifadə etməyi tövsiyə edirlər.
Cari ilin aprel ayından başlayaraq “Prestij Naxçıvan Pivəsi” MMC-nin Culfa rayonunun Gülüstan kəndində yerləşən mineral sular sexində “Darıdağ” təbii mineral müalicəvi süfrə suyunun qablaşdırılaraq istehsalının təşkilinə başlanılıb. Keçən qısa müddət ərzində sifarişçilərin rəğbətini qazanmış bu mineral su “Darıdağ” markası ilə 0,5 və 1 litr tutumlu plastik qablarda istehsal olunur. Müəssisədə olarkən bildirdilər ki, “Darıdağ” təbii mineral müalicəvi süfrə suyu Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Uyğunluq Sertifikatı və İSO 9001:2008 “Keyfiyyətin idarə edilməsi sistemi” sertifikatını alıb. Hazırda bu suya böyük tələbatın olduğunu və artıq 63 mindən çox “Darıdağ” suyunun istehsal olunaraq satış nöqtələrinə göndərildiyini də öyrəndik. İstehsal gücü saatda 3 min butulka olan müəssisədə hazırda 5 nəfər işlə təmin olunub. Gələcəkdə istehsalın genişləndirilməsi və daha çox həcmdə “Darıdağ” mineral suyunun istehlakçılara çatdırılması nəzərdə tutulub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR