Naxçıvan Muxtar Respublikasında artan əhali tələbatına uyğun olaraq iqtisadi və sosial sahələrin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməklə səmərəli məşğulluq təmin edilir. Kompleks inkişafın dinamik xarakter almasında “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası mühüm rol oynayıb, iri sənaye, kənd təsərrüfatı və xidmət sahələri yaradılıb, əhalinin təhsil, səhiyyə və digər sosial təminatları yaxşılaşdırılıb.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi göstəricilərin pozitiv meyilliliyi təmin edilib, 2004-cü illə müqayisədə 2016-cı ildə ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsulun həcmi 11,1, sənaye məhsulunun həcmi 36,9, əsas kapitala yönəldilən investisiyalar 12,4, kənd təsərrüfatının ümumi məhsulu 5,5, nəqliyyat sektorunda yük daşınması 2,6, informasiya və rabitə xidmətlərinin həcmi 7,8, o cümlədən mobil rabitə xidməti 9,2, pərakəndə əmtəə dövriyyəsi 12,7, əhaliyə göstərilən pullu xidmətlər 10, ixracın həcmi 80 dəfə artıb.
Yeni sənaye müəssisələrinin, istehsal və xidmət sahələrinin yaradılmasının, sahibkarlığa göstərilən qayğının nəticəsidir ki, ümumi daxili məhsulun tərkibində özəl bölmənin payı 2004-cü illə müqayisədə artaraq 2016-cı ildə 87 faizi ötüb.
Muxtar respublikada əmək bazarının tənzimlənməsində, əhalinin səmərəli məşğulluğunun və özünüməşğulluğunun təmin edilməsində, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ötən dövr ərzində həyata keçirilən digər tədbirlərlə yanaşı, 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015 və 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası da mühüm rol oynayıb. Aparılmış kompleks tədbirlərin nəticəsidir ki, 2004-cü ildən 1 iyul 2017-ci il tarixədək muxtar respublikada 69 min 375 yeni iş yeri açılıb ki, bunun da 75,9 faizi daimi iş yerləridir. Bu dövr ərzində muxtar respublikada açılmış 52 min 651 daimi iş yerinin 8 min 72-si və ya 15,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 15 min 94-ü və ya 28,7 faizi mövcud müəssisə və təşkilatlarda, 1141-i və ya 2,2 faizi fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 28 min 344-ü və ya 53,8 faizi isə fiziki şəxslərdə yaradılıb. Açılmış yeni iş yerlərinin 44,6 faizi Naxçıvan şəhərinin, 14,4 faizi Şərur, 11,9 faizi Babək, 6,8 faizi Ordubad, 8,1 faizi Culfa, 6,6 faizi Kəngərli, 5,2 faizi Şahbuz, 2,4 faizi isə Sədərək rayonlarının payına düşüb. Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün rəsmi işsiz statusu alan şəxs qeydə alınmayıb, məşğul əhalinin sayı 2004-cü ilin sonu ilə müqayisədə 1,4 dəfə artaraq 2017-ci ilin ilk yarımilində 234,5 min nəfərə çatıb.
Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaradıb, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 414 manatı ötüb. 2004-cü ildə bu göstərici 68 manat səviyyəsində olub. Hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 318 manat, qeyri-dövlət sektorunda isə 475,5 manat təşkil edir.
Yeni iş yerlərinin açılması, orta aylıq əməkhaqqının artımı, ümumilikdə, iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, 2004-cü illə müqayisədə 2016-cı ildə əhalinin gəlirləri 8,4 dəfə artaraq 1 milyard 825 milyon manatı ötüb. 2017-ci ilin ilk yarımilində də əhali gəlirlərinin artımı davam edib, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 1,1 faiz artaraq 820 milyon manata çatıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti