Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmini məqsədilə müxtəlif dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin uğurla icra edilməsi bu məsələnin kompleks həllinə imkan verib.
Regionda əlverişli biznes mühitinin yaradılması, ərzaq məhsullarının istehsalı üzrə sahibkarlığın inkişaf etdirilməsi, dövlət investisiyalarının aqrar bölmənin infrastruktur təminatının yaxşılaşdırılmasına yönəldilməsi, suvarılan torpaq sahələrinin genişləndirilməsi və su ehtiyatlarından səmərəli istifadə, yeni kənd təsərrüfatı texnikalarının alınıb gətirilərək güzəştli şərtlərlə torpaq mülkiyyətçilərinə verilməsi, bu baxımdan çox əhəmiyyətlidir. Sevindirici haldır ki, bu gün ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə ciddi nəzarət, ərzaq məhsullarının satış-tədarük bazalarının və satış mərkəzlərinin, taxıl və soyuducu anbarların, qablaşdırma müəssisələrinin yaradılmasının dəstəklənməsi istiqamətində görülmüş genişmiqyaslı işlər artıq öz nəticəsini verməkdədir. Hazırda Naxçıvan bütün növ əsas ərzaq məhsulları ilə daxili tələbatını ödəyir.
Muxtar respublikamızda strateji sahə olan taxılçılığa ciddi diqqət yetirilir. Yeni suvarma şəbəkələrinin qurulması və meliorativ tədbirlərin görülməsi hesabına taxıl əkini sahələri genişləndirilib. Son məlumatlara əsasən, ümumilikdə, cari ilin məhsulu üçün muxtar respublikada 31 min 632 hektar taxıl əkilib. Əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilməsi, sahələrdə vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq işləri görülməsi nəticəsində taxıl zəmilərindən 93 min 419 ton məhsul toplanılıb. Zəmilərin orta məhsuldarlığı 29,5 sentnerdir. Muxtar respublikanın iri taxıl istehsalçıları olan Şərur, Babək, Kəngərli və Culfa rayonlarında taxılçılıqda əldə edilmiş nailiyyətlər bu vacib sahənin inkişafına göstərilən diqqətin nəticəsidir.
Şübhəsiz, ərzaq təhlükəsizliyi baxımından taxılın vaxtında toplanılması qədər onun itkisiz şəkildə anbarlanması, emalı məsələləri də vacib amildir. Bu baxımdan muxtar respublikada taxıl qəbulu, emalı və saxlanması üçün Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində yaradılmış şərait bu strateji sahəyə göstərilən dövlət qayğısından xəbər verir. 70 nəfərdən çox insanın çalışdığı və ən son texnoloji avadanlıqlarla təmin edilmiş müəssisədə hər il olduğu kimi, cari ilin bu dövründə də əsas diqqət sahələrdən tədarük olunan taxılın qəbuluna yönəldilib. Burada mövcud olan 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları məhsul tədarükündə mühüm rol oynayır.
Cəmiyyətdən aldığımız məlumata görə, burada qəbul olunan taxılın keyfiyyəti laboratoriya şəraitində yoxlanılır. Onu da bildirdilər ki, bu il anbarlara tədarük olunan 1 kiloqram buğda üçün 30 qəpik, arpa üçün isə 25 qəpik ödənilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində un və yem fabriki, habelə yarma istehsalı sahəsi də fəaliyyət göstərir ki, bu da məhsul istehsalında çoxçeşidliliyi təmin edir.
Hər il olduğu kimi, bu il də taxıl biçininin mütəşəkkil qaydada aparılması, məhsulun qəbulu, saxlanması və emalı üzrə həyata keçirilən işlər muxtar respublikamızda daxili bazarın tələbatının tam şəkildə ödənilməsinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına zəmanət verir.
Əli CABBAROV