Muxtar respublikada 2017-ci ilin yanvar-iyul aylarında 1 milyard 458 milyon 392 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3240,2 manata çatmışdır.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 604 milyon 952 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 568 milyon 505 min 800 manat dəyərində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 535 milyon 220 min 500 manatı və ya 94,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2017-ci ilin yanvar-iyul aylarında 223 milyon 716 min 400 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,4 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 12452 ton ət, 58589,8 ton süd istehsal edilmiş, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı 1,3 faiz artmışdır.
* * *
Bu ilin ötən dövrü ərzində informasiya və rabitə xidmətlərinin dəyəri 29 milyon 246 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 24 milyon 122 min 900 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,8 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13 milyon 266 min 200 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 2 milyon 712 min 800 manatı və yaxud 20,4 faizi qısamüddətli, 10 milyon 553 min 400 manatı və yaxud 79,6 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 avqust 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 61569-a çatmışdır ki, bunun da 52424-ü və ya 85,1 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-iyul aylarında açılmış 18726 bank hesabının 18663-ü aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 avqust 2017-ci il tarixə 1253-ə çatmışdır.
* * *
2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 4 milyon 448 min 700 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz çoxdur.
* * *
Cari ilin ötən dövrü ərzində muxtar respublikaya 224 min 936 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz və ya 8652 nəfər çoxdur.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada 238 milyon 339 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,3 faiz artaraq 220 milyon 484 min ABŞ dolları, idxalın həcmi 23,3 faiz azalaraq 17 milyon 855 min 600 ABŞ dolları təşkil etmiş, 202 milyon 628 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
* * *
Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 10 milyon 750 min manat, onun hər bir nəfərə düşən məbləği isə 0,2 faiz artaraq 2245,6 manat təşkil etmişdir.
* * *
Bəhs olunan dövrdə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 414,1 manat təşkil etmiş və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artmışdır.
* * *
1 iyul 2017-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4139 nəfər və ya 0,9 faiz artaraq 450 min 772 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti