23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada aparılan geniş tikinti-quruculuq işləri tikinti materiallarına olan tələbatı artırıb. Əvvəllər bu materiallar xaricdən gətirilirdi. Bu da əlavə xərclərə yol açırdı. Sevindirici haldır ki, indi bu problem aradan qaldırılıb. Belə ki, muxtar respublikada bu sahədə ixtisaslaşmış müəssisələr fəaliyyətə başlayıb ki, bununla da tələbat daxili imkanlar hesabına ödənilir. Belə müəssisələrdən biri də rəqabət­qabiliyyətli, keyfiyyətli məhsullar istehsal edən “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Adıçəkilən müəssisə Babək rayonunun Qoşadizə kəndi yaxınlığında, Naxçıvançayın kənarında fəaliyyət göstərir.

Ötən günlərdə yolumuzu həmin ünvandan saldıq, istehsal prosesi ilə tanış olduq. Tanışlıq zamanı öyrəndik ki, “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci ildə fəaliyyətə başlayıb. Əvvəllər muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materialları, beton primitiv üsullarla hazırlanır, qurucu­luq obyektlərində istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. İndi həmin materiallar bu müəssisədə istehsal edilir. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb. Burada istehsal gücü saatda 150 ton xammal olan qum-çınqıl karxanası, günlük 100 kubmetr beton istehsal edə biləcək zavod və dekorativ daşlar istehsalı sexi fəaliyyət göstərir. Hazırda muxtar respublikanın inşaat meydançalarında bu müəssisənin məhsullarına böyük üstünlük verilir. Bu da onunla əlaqədardır ki, müəssisədə keyfiyyət amilinə xüsusi diqqət göstərilir.

Son illərdə su-kanalizasiya sistemlərinin yenilənməsi istiqamətində muxtar respublikada həyata keçirilən irimiqyaslı tədbirlər keyfiyyətli beton borulara olan tələbatı da artırıb. Bu məqsədlə müəssisədə yeni layihə həyata keçirilib, beton boru istehsalı sahəsi yaradılıb. 2012-ci ilin avqust ayından fəaliyyətə başlayan sexdə müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal gücü saatda 10 ədəd beton boru və beton daban olan müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, keyfiyyətli məhsul istehsalına nail olunub. Yeni istehsal sahəsində qalınlığı 15, hündürlüyü 60 santimetr, diametri 600-800-1000 millimetr olan beton borular istehsal edilir. Bu beton borular möhkəmliyi və davamlılığı ilə sınaqdan çıxıb.
Betona olan tələbatın artması Naxçıvanda inşaat işlərinin ildən- ilə genişləndirilməsi ilə əlaqədardır. Ancaq artan tələbatı ödəmək üçün hər bir müəssisəyə daha çox investisiya və yeni layihələr lazım olur. Müəssisə tərəfindən bütün bunlar nəzərə alınaraq Türkiyə Respublikasından istehsal gücü saatda 100 kubmetr olan müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Beton istehsalı mərhələli şəkildə həyata keçirilir. Belə ki, əvvəlcə beton istehsalı üçün keyfiyyətli qum tədarük edilir. Qum-çınqıl karxanasında bir saat ərzində 150 ton qum yuyularaq ələnir və çınqıl 3 növə ayrılır. Sonrakı mərhələdə isə yuyulmuş qum Beton Zavoduna daşınır. Burada texnoloji proseslərə kompüter vasitəsilə nəzarət olunur. Betonun hazırlanması üçün qumun, sementin və suyun həcmi də məhz kompüterlər vasitəsilə müəyyənləşdirilir. Eyni zamanda istehsal prosesinə laboratoriyada qurulmuş kompüterlə nəzarət təmin olunub. Kompüterdə betonun keyfiyyət göstəriciləri barədə məlumat öz əksini tapır. Bu da, son nəticədə, keyfiyyətli beton istehsal edilməsinə, istehsal prosesinin müasir tələblərə uyğun qurulmasına, müəssisənin daha rentabelli işləməsinə şərait yaradır.
Beton məmulatları istehsalı sexində istehsal gücü saatda 35 kvadratmetr kilid daş olan avadanlıqlar quraşdırılıb. Hazırda 2 istehsal xəttinin fəaliyyət göstərdiyi sexdə müxtəlif beton məmulatları – kilid daş, dekorativ kərpic, yağış kanalı, bordür istehsal olunur.
Qeyd edək ki, müəssisənin Şərur rayonunun Qarxun və Ordubad rayonunun Aza kəndləri ərazisində istehsal sahələri fəaliyyət göstərir. Hər birinin sahəsi 6 hektar olan istehsal sahələrinin saatda 100 kubmetr beton istehsal etmək imkanları vardır. Bu müəssisələr yerli əhalinin uzaq məsafələr qət olunmadan, rahat və sərfəli qiymətlərlə beton əldə etməsinə şərait yaradır.
Bəli, bu gün həm muxtar respublika əhalisi, həm də bütün tikinti obyektləri keyfiyyətli tikinti material­ları ilə təmin olunurlar. Bu materialların asan, ucuz və keyfiyyətli əldə olunmasına töhfə verən “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi qazanılan uğurlarla kifayətlənmir, müasir dövrün tələbləri çərçivəsində fəaliyyətini davam etdirir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR