23 Dekabr 2024, Bazar ertəsi

Dövlət tərəfindən aqrar sahənin inkişafı üçün müasir infrastrukturların yaradılması, fermerlərə müxtəlif güzəştlərin edilməsi, aqrolizinq xidmətinin genişləndirilməsi bu vacib sahənin inkişafına müsbət təsir göstərməkdədir. Bunu Şərur rayonunun timsalında da görmək olar. Bölgədə adıçəkilən istiqamətdə həyata keçirilən tədbirlərdən biri soyuducu anbarların yaradılmasıdır.
Uzunmüddətli və güzəştli şərtlərlə verilən kreditlər, yaxud sa­hibkarın şəxsi vəsaiti hesabına son illər rayonda ümumi tutumu 3 min ton olan 11 müasirtipli soyuducu anbar tikilib. Artıq bu anbarlara mövsümün meyvə və tərəvəz məhsulları qəbul edilir.
Danyeri kəndində Ramiz Həsən­ovun 300, Qaraburc kəndində Qəşəm Kərimova məxsus 110, Yusif Quliyevin Şərur şəhərində tikdirdiyi 440, Cəlilkənddə Yaqub Tağıyevə məxsus 650, Əmir Əsədovun Qarxun kəndindəki 360 tonluq məhsul saxlamaq gücündə olan soyuducu anbarlara məhsul təhvil verərkən torpaq mülkiyyətçiləri heç bir maneə ilə rastlaşmırlar.

Sahibkar Yaqub Tağıyev deyir ki, tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarını qəbul etmək və saxlamaq üçün anbarlarımızda hərtərəfli şərait vardır. Soyuducu anbar sahibləri tədarükdən əvvəl meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan fermerlərlə və fərdi təsərrüfat sahibləri ilə əlaqə saxlayır, onların sifarişlərini qeyd edir və bu sifarişlər əsasında yerlər müəyyənləşdirirlər. Məhsul sahibkarlardan dəyəri yerində ödənilməklə, yaxud müqavilə əsasında saxlama haqqı alınmaqla anbarlara yığılır. Soyuducu anbarların işə salınması yerli meyvə və tərəvəzlərin ilboyu bazara çıxarılmasına imkan verir. Havanın temperaturuna gündəlik nəzarət olunur.
Şərur Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, hələlik soyuducu anbarlarda 1350 ton məhsul tədarük olunub ki, bunun da çoxu kartofdur. Anbarlara məhsul qəbulu davam edir.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR