Avqustun 15-də Naxçıvan Biznes Mərkəzində xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə “Xidmət sahələrində çalışan işçilərin xidmət səviyyəsinin yüksəldilməsinin zəruriliyi”, “Təbriz Mehmanxanası” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəkir Baş “Beynəlxalq təcrübədə xidmət sahələrində çalışan işçilərin xidmət səviyyəsi və normaları”, “Naxçıvan” Universiteti Turizm İnformasiya Mərkəzinin rəhbəri Şahnaz Məmmədova “Turizmin inkişafında xidmət sektorlarının rolu” mövzularında çıxışlar ediblər.
Çıxışlarda bildirilib ki, sahibkarlığın inkişafı üçün muxtar respublikada münbit şərait təmin edilib. Özəl sektorun inkişafına göstərilən hərtərəfli dövlət dəstəyinin nəticəsində muxtar respublikada çoxsaylı sahibkarlıq subyektlərinin yaradılmasına nail olunub. Özəl sektorun inkişafı eyni zamanda xidmət sahələri üzrə peşəkar kadrların hazırlanmasını zəruri edir. Qeyd olunub ki, bu gün muxtar respublikada turizmin inkişaf etdirilməsi xidmət sahələrinin rolunu daha da artırıb. Çünki xidmət sahələrində çalışan işçilər turistlərlə birbaşa təmasda olduqlarından onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də əsas məsələlərdəndir. Buna görə də xidmət sahələrində çalışan işçilərin öz peşəsini daha dərindən bilməsi, regiona gələn turistlərin tələbatlarına uyğun olaraq servislərin təşkili tələb edilir. Servislər zamanı göstəriləcək operativlik və peşəkarlıq bu sektorun uğuruna zəmin yaradır.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, ikigünlük seminar bu gün başa çatacaq. Seminarda iştirakçılar “Xidmət sektorunda peşəkarlığın artırılması” və “Xidmət sahələrində çalışan işçilər üçün tələblər” mövzularında məruzələr dinləyəcəklər.
Səbuhi HÜSEYNOV