23 Dekabr 2024, Bazar ertəsi

Bu yaşayış məntəqəsinin yolu yenidən qurulur, kənddə 3 obyekt inşa olunur

 

Naxçıvan şəhərinin Bulqan və Qaraçuq kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilərək həmin yaşayış məntəqələri müasirliyə qovuşub. Hazırda belə tədbirlər Qaraxanbəyli kəndində aparılır. Bu gün bu yaşayış məntəqəsi əsl tikinti meydançasını xatırladır. Kəndin girəcəyindən başlayaraq Qaraçuğa qədər gedən yol genişləndirilir. Bu ərazidə olan həyət evlərinə hasarlar çəkilir. Yolda torpaqbərkitmə işləri görülür.

Qaraxanbəylidə həyata keçirilən kompleks quruculuq tədbirlərindən biri kənd məktəbi üçün inşa olunan yeni binadır. Binanın layihəsində kəndin gələcək perspektivi nəzərə alınıb. Təhsilin səviyyəsini yüksəltmək məqsədilə inşa edilən yeni bina 414 şagird yerlik olmaqla, 3 mərtəbədən ibarətdir. Müəllim və şagirdlərin ixtiyarına 23 sinif otağı, hərbi kabinə, kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, idman zalı veriləcək. Onlar həm də kompüter və elektron lövhəli siniflərdən istifadə edəcəklər. Bunun üçün 2 kompüter otağı və 3 elektron lövhəli sinif nəzərdə tutulub. Məktəb binası fərdi qazanxana sistemi ilə qızdırılacaq. Tikintiyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb edildiyindən inşaat işləri sürətlə aparılır. Bütün mərtəbələrdə əsas hörgü işləri başa çatdırılıb. Hazırda inşaatçılar binadaxili tikinti işləri ilə məşğuldurlar. Məktəbin ərazisi abadlaşdırılacaq, gülkarlıqlar salınacaq.

Digər bir obyekt kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada bir çox işləri başa çatdırıblar. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin kənddə rabitə evi və poçt bölməsi də yaradılacaqdır. Burada abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər təklif olunacaqdır.
Kənd mərkəzinin binasında səhiyyə məntəqəsi üçün də otaqlar ayrılacaq. Bu isə qaraxanbəylilərə göstəriləcək səhiyyə xidmətinin səviyyəsini yüksəldəcək.
Kənd sakinləri yaşayış məntəqəsində inşa olunan xidmət mərkəzini onlara göstərilən növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Burada sənaye malları mağazası, ət satışı yeri və müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları hər 3 obyektdə gördükləri işin keyfiyyətinə ciddi diqqət yetirirlər.

 

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR