23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada iqtisadiyyatın bazar münasibətləri istiqamətində inkişafı insanların torpağa və zəhmətə olan baxışını kökündən dəyişib, onların sahibkarlığa maraqlarını daha da gücləndirib. Bu istiqamətdə görülən işlər, yaradılan əlverişli şərait fəaliyyətlərin genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına, məhsuldarlığın və yerli istehsal sahələrinin artırılmasına böyük stimul verib.
Bu gün iqtisadiyyatımızın formalaşmasında özəl sektor, xüsusilə də kiçik və orta sahibkarlıq mühüm rol oynayır. Hazırda kiçik istehsal və emal müəssisələri yaradılır, sahibkarlıq fəaliyyəti inkişaf etdirilir. Bu isə əhalinin məşğulluğunun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğu yaradır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.
Muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları da bu məqsədlə təşkil edilir. Yarmarkada satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər. Bu isə onların məhsullarını asanlıqla satmasına imkan yaratmaqla yanaşı, istehlakçıların tələbatının ödənilməsini təmin edir.

Avqustun 12-də də Naxçıvan şəhərindəki Mərkəzi bazarda növbəti satış yarmarkası təşkil edilmişdi. 300-dən çox məhsul istehsalçısı satışa 65 tona yaxın mövsümi kənd təsərrüfatı məhsulu çıxarmışdı. Burada ­alıcılara müxtəlif növ ərzaq, meyvə-tərəvəz, ət və süd məhsulları, müxtəlif çeşiddə çərəzlər təklif edilirdi. Həmin gün ənənəvi olaraq muxtar respublikada fəaliyyət göstərən 26 istehsal müəssisəsi 87 adda, 175 çeşiddə məhsul satışa çıxarmışdı. Qiymətlərin bazar qiymətindən 10-25 faiz aşağı olması alıcıların da ürəyincə idi. Onlar yarmarkanın təşkilindən və qiymətlərin sərfəli olmasından razılıq edirdilər.
Şəhər sakini Sona Məhərrəmova yarmarkadan razı qaldığını və öz torpağımızda yetişən meyvə-tərəvəzin başqa yerin məhsulları ilə əvəz olunmadığını dedi. Müsahibimiz qiymətlərin də münasib olduğunu söyləməklə yanaşı, bazarda məhsul bolluğu olduğunu söylədi. O, kənd təsərrüfatı yarmarkalarını təşkil edənlərə öz minnətdarlığını bildirdi.
Digər şəhər sakini Abasət Əlverdiyev ilə də həmsöhbət olduq. O dedi ki, satış yarmarkası qiymətlərin aşağı salınmasına gətirib çıxarıb. Daha doğrusu, qiymətlər bazarlarda yaradılan bolluğa uyğun olaraq formalaşıb. Müsahibimiz belə yarmarkaların müntəzəm olaraq təşkil edilməsindən razılığını ifadə etdi.
Fürsətdən istifadə edib məhsul istehsalçıları ilə də həmsöhbət olduq. Yarmarkaya Ordubad rayonunun Dəstə kəndindən tərəvəz məhsulları gətirmiş Süleyman Əliyev burada kənd adamları üçün əlverişli şəraitin yaradıldığını bildirdi. Dedi ki, meyvə-tərəvəz məhsullarına yarmarkada maraq böyükdür və çəkdiyimiz zəhmət hədər getmir.
Təbriz Məmmədov Şərur rayonunun Ələkli kəndindəndir. Bu il təsərrüfatında meyvə becərilməsinə daha çox üstünlük verib. Sahəsində bol məhsul yetişdirə bilib. Yarmarkaya gətirdiyi məhsulun çoxunu artıq satıb və yaxşı qazanc əldə edib. O, belə satış yarmarkalarının təşkilini torpaq mülkiyyətçilərinə böyük qayğı kimi dəyərləndirir.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsində məqsəd istehsalçıların məhsullarını bazara çıxarmasına kömək etmək, süni qiymət artımının qarşısını almaqdır. Bundan isə həm satıcı qazanır, həm də alıcı.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR