Naxçıvan Şəhər Vergilər İdarəsində yeni fəaliyyətə başlayan sabit vergi ödəyicilərinə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”lərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov açaraq qeyd edib ki, 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun milli vergi qanunvericiliyində bir sıra mühüm yeniliklərin tətbiq olunmasına imkan yaradıb. Onlardan biri də fərdi əməklə məşğul olan şəxslərlə bağlıdır. Belə şəxslər vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəməlidirlər. Sabit vergi fərdi fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq, ödədiyi dəyişilməz vergi məbləğidir. Belə şəxslər kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan vətəndaşlardır. Bundan başqa, dayə, fərdi sürücü, ev təsərrüfatında təmizlikçi, bağban, aşpaz, gözətçi və nəqqaşlıqla məşğul olanlar da sabit vergi ödəyiciləridir.
Vurğulanıb ki, sabit vergi ödəyiciləri vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla yerinə yetirməlidirlər. Bu şəxslərin vergi orqanına hər hansı bəyannamə təqdim etməsi artıq nəzərdə tutulmur. Sadələşdirilmiş verginin bu qəbildən olan ödəyiciləri üçün sabit vergi mexanizminin tətbiqi fərdi qaydada fəaliyyət göstərən aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati yükünün azaldılmasına, eyni zamanda məşğulluq sahəsində uçot sisteminin dürüstlüyünün təmin olunmasına xidmət edir.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin əməkdaşı Elçin Babayevin, nazirliyin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyevin, Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi Rəşad Əliyevin çıxışları olub. Çıxışlarda məbləğin ödənilməsi haqqında qəbz almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyalarından söhbət açılıb. Bundan başqa, çıxış edənlər iştirakçılara aylıq sabit verginin məbləği, fəaliyyət göstərilən ərazi üzrə tətbiq olunan əmsallar, sabit vergi ödəyicilərinin qeydiyyata alınması prosedurları, sabit vergi üzrə qəbz almadan fəaliyyət göstərildikdə və nağd pul hesablaşmalarının aparılması qaydaları pozulduqda tətbiq olunan maliyyə sanksiyasının məbləği haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, sabit verginin ödəyicisi olan fiziki şəxs vergi orqanında uçota alınmayıbsa, qeydiyyatda olduğu ərazinin vergi orqanına müraciət etməli və VÖEN almalıdır. Bundan başqa, fiziki şəxs fəaliyyətə başlayanadək vergi orqanından sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi əldə etməlidir. Bu zaman verginin ödənilməsini təsdiq edən ödəniş sənədi müraciətə əlavə edilməlidir. Qəbz, yazılı müraciət olunduqda iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət zamanı isə real vaxt rejimində verilir.
Sonda vergi ödəyicilərinin sualları cavablandırılıb, vergi ödəyicilərinə sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzlər və “ Sabit vergi” adlı məlumat vərəqələri təqdim edilib.
Səbuhi HÜSEYNOV