23 Dekabr 2024, Bazar ertəsi

Su həyat mənbəyidir və bu sadə həqiqəti kiməsə sübut etməyə lüzum yoxdur. XXI əsrdə isə su təhlükəsizliyi hər bir ölkə üçün enerji və ərzaq təhlükəsizliyi kimi strateji əhəmiyyətli məsələlər sırasına daxil olub. Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdəndir və əhalinin etibarlı su təchizatı dövlətlərarası münasibətlərə təsir göstərə bilən amillərdən birinə çevrilməkdədir. 

Ölkəmizin su təhlükəsizliyinə də təhdidlər mövcuddur. Bu təhdidləri uzaqgörənliklə qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində deyib: “Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir”. Bununla bərabər, su təhlükəsizliyinin təmin edilməsi üçün ölkə başçısı “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanallar inşa etmək və su anbarları yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”, – deyib.

Digər tərəfdən nəzərə alaq ki, ölkəmizin coğrafi mövqeyi iqlim dəyişmələrinin təsirlərinə həssasdır. Beynəlxalq elmi mərkəzlərin hesablamalarına görə, Azərbaycan Respublikasının 2025-ci ildə bir nəfərə düşən su ehtiyatı ən az olacaq 13 ölkədən biri kimi proqnozlaşdırılır. Eyni zamanda beynəlxalq iqlim dəyişmələri ilə bağlı hesabatlarda iqlim dəyişməsindən ən çox zərər çəkəcək 39 ölkənin sırasında Azərbaycanın da adı çəkilir.
Ancaq onu da vurğulamaq lazımdır ki, ötən dövrdə ölkəmizin su təsərrüfatı sahəsində çox böyük işlər görülüb. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan 1996-cı ildə yaradılmış Dünya Su Şurasında 2013-cü ildən təmsil olunur və 2015-ci ildən həmin qurumun idarə heyətinə üzv seçilib. İstehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, yeraltı və yerüstü su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, daha mükəmməl sugötürücü konstruksiyaların tətbiqi, suyun keyfiyyət standartlarının təkmilləşdirilməsi, istifadə olunmuş suların dərin texnologiyalar əsasında təmizlənməsi və digər sahələrdə təcrübə mübadilələrinin aparılması baxımından üzvlüyün əhəmiyyəti böyükdür. Bununla yanaşı, ölkəmizin su siyasəti qəbul edilmiş bir sıra dövlət proqramları və milli layihələr vasitəsilə icra olunur. Dünya Bankının dəstəyi ilə hazırlanmış Ətraf Mühitin Mühafizəsi üzrə Milli Fəaliyyət Planı 1996-cı ildən Azərbaycan Hökuməti tərəfindən həyata keçirilir. Bu strateji sahəyə göstərilən böyük diqqətin nəticəsidir ki, “Azərbaycan – 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da ölkə əhalisinin təkmilləşdirilmiş su xidmətlərinə çıxışının yaxşılaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ətraf mühitin qorunması, o cümlədən torpaq ehtiyatlarının səmərəli idarə olunması məqsədilə səhralaşma proseslərinin qarşısının alınması və sair məsələlər öz əksini tapıb. Burada da əsas məqsəd əhəmiyyətli sosial-iqtisadi inkişafa davamlı şəkildə nail olmaq üçün Azərbaycanda mövcud su ehtiyatlarının səmərəli, bərabər və optimal istifadəsinə yönəlmiş milli cəhdlərin möhkəmləndirilməsi və təbliğ edilməsidir.
Qeyd edək ki, ölkəmizdə meli­orasiya və su təsərrüfatı sahəsində böyük uğurlara ilk dəfə ümummilli lider Heydər Əliyevin Azərbaycana ­rəhbərliyinin birinci dövründə imza atılıb. Həmin dövrdə Azərbaycanda böyük su anbarları, hidroqovşaqlar, nasos stansiyaları tikilib istifadəyə verilib, suvarılan torpaqların sahəsi xeyli artırılıb. Ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasında da yeni meliorasiya və irriqasiya sistemləri yaradılıb, Araz və Arpaçay kimi böyük su anbarları tikilib. 1993-cü ildə ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə meliorasiya və su təsərrüfatı sistemində daha geniş islahatlar həyata keçirilib, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Görülən işlər Naxçıvan Muxtar Respublikasında da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, son illərdə muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri, həmçinin içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülüb. Vurğulayaq ki, sərt kontinental iqlimə malik olması regionda suvarma suyuna olan tələbatın ödənilməsində məqsədyönlü tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu amil nəzərə alınaraq su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, torpaq sahələrini yeni əkin dövriyyəsinə daxil etmək məqsədilə yeni qapalı suvarma şəbəkələri tikilir, drenaj xətləri çəkilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin məlumatlarına görə, ötən dövrdə Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalı üzərində Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar sahəni əhatə edən 241,5 kilometrlik qapalı suvarma şəbəkəsi tikilib, 77,5 kilometr məsafədə yeni drenaj xətti çəkilib, 6,5 kilometrlik kollektor bərpa olunub. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində isə 400 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsi bərpa olunub, Böyükdüz və Xok kəndlərini əhatə edən 117 hektar ərazidə yeni qapalı suvarma şəbəkəsi tikilib, nəticədə, su itkisinin qarşısı alınıb, suvarma suyundan səmərəli istifadə etmək üçün şərait yaradılıb. Hazırda bu işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir. Həyata keçirilən meliorasiya və su təsərrüfatı tədbirləri yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına da səbəb olub. Belə ki, Uzunoba Su Anbarında yenidənqurma işləri aparılıb, anbardan Kəngərli rayonuna 32,4 kilometr uzunluğunda boru xətti çəkilib, yeni nasos stansiyası tikilib, nəticədə, 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Böyükdüz və Xok kənd­lərinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, su itkilərini aradan qaldırmaq üçün Araz çayındakı nasos stansiyasından 16,6 kilometr uzunluğunda yeni təzyiqli boru xətti çəkilib. Sədərək rayonunda əkinəyararlı torpaqların dayanıqlı suvarma suyu ilə təmin olunması üçün tikilən yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi də yenidən əkin dövriyyəsinə qatılıb.
Muxtar respublikamızın su təsərrüfatında əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm yer tutur və bu sahədə kompleks tədbirlər həyata keçirilir. Naxçıvan şəhərində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər, bu mənada, mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksi, eləcə də Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi, Şahbuz və Culfa şəhərlərində içməli su və kanalizasiya sistemləri istifadəyə verilib. Hazırda layihə üzrə Ordubad və Şərur rayonlarında içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam edir.
Göründüyü kimi, muxtar respublikamızın su təsərrüfatında indiyədək görülmüş işlər istər kənd təsərrüfatının inkişafında, istərsə də əhalinin içməli suya olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır. Həyata keçirilən tədbirlər, eyni zamanda regionun gələcək inkişaf perspektivləri nəzərə alınmaqla, uzunmüddətli strateji hədəflərini müəyyənləşdirir. Çünki su ehtiyatı olmadan gələcək üçün ərzaq və enerji təhlükəsizliyindən, deməli həm də iqtisadi inkişafdan söhbət gedə bilməz.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR