23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında bu sahədə mühüm işlər görülür

Hər bir dövlətin dünyadakı imici və bir dövlət olaraq nüfuzu onun həyata keçirdiyi milli inkişaf və təhlükəsizlik siyasəti ilə bilavasitə bağlıdır. Milli inkişaf və təhlükəsizlik siyasəti ölkənin siyasi, iqtisadi, sosial və mənəvi inkişafının, xarici aləmdən qaynaqlanan təhlükələrə qarşı müqavimət gücünün göstəricisi kimi çıxış edir. Enerji təhlükəsizliyi isə müasir dövrdə milli təhlükəsizliyin əsas potensial bazası kimi daha ön planda mövqe tutur. Çünki bir ölkənin enerji təhlükəsizliyinin təmin olunması onun iqtisadi davamlılığını şərtləndirməklə yanaşı, siyasi gücünü, deməli, həm də nüfuzunu artırır. Digər tərəfdən, cəmiyyət inkişaf etdikcə, insanların tələbatları artdıqca, enerji və resurs tələbləri də artır. Təbii ehtiyatların məhdudluğu, enerji resurslarından səmərəli istifadə məsələləri bu baxımdan hər bir ölkədə gələcəyə hesablanmış strateji inkişaf xəttinin əsasını təşkil edir.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” adlı monoqrafiyasında oxuyuruq: “İnsan həyatının təminatında enerji resurslarının əhəmiyyəti davamlı olaraq artdığından enerji resursları insan həyatının keyfiyyət standartı olaraq qiymətləndirilməkdədir. Nobel mükafatçısı, akademik Jores Alferov qeyd edir ki, bu gün bəşəriyyətin qarşısında energetikadan daha əhəmiyyətli bir problem dayanmır. Sivilizasiyanın mövcudluğu onun həllindən asılıdır...”


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın enerji təhlükəsizliyini xarakterizə edərkən demişdir: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Qeyd edək ki, ölkəmizdə hələ 2004-cü ildən qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Pro­qramı”na əsasən enerji təminatı sahəsində resursəvəzləyici potensial əldə olunması strategiyası həyata keçirilir. Həmin proqramda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro su elektrik stansiyalarının tikilməsi daha məqsədəuyğundur. Bu işin təşviqi kimi bərpa olunan enerji mənbələrinin hasilatı üçün texnoloji avadanlıqların istehsalı Naxçıvan Muxtar Respublikasında qurulmalıdır. Ötən dövrdə bu sahədə ciddi addımlar atılmış, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilmişdir. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Vurğulamaq lazımdır ki, muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Bu, eyni zamanda ekoloji baxımdan təmiz bir enerji mənbəyi kimi ətraf mühitin qorunması və yüksək texnologiyaların tətbiqi baxımından çox əhəmiyyətlidir. Mövcud imkanlardan düzgün istifadənin nəticəsidir ki, 2006-cı ildə Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir.
Bu məlumatların ardından müqayisəli statistikaya müraciət etmək yerinə düşər: əgər 1995-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə çatdırılmışdır. 1995-ci ildə muxtar respublikada 111 milyon 500 min kilovat-saat elektrik enerjisi istehsal olunmuşdursa, 2016-cı ildə bu göstərici 4 dəfə artaraq 437 milyon 917 min kilovat-saata çatdırılmışdır. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji ixrac edən regiona çevirmişdir. 2016-cı ildə muxtar respublikada istehsal olunan elektrik enerjisinin 204 milyon 321 min kilovat-saatı və ya 46,6 faizi su elektrik stansiyalarında, 203 milyon 939 min kilovat-saatı və ya 46,6 faizi istilik elektrik stansiyalarında, 29 milyon 657 min kilovat-saatı və ya 6,8 faizi isə Günəş Elektrik Stansiyasında istehsal edilmişdir. Alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 53,4 faizini təşkil etmişdir. Energetika üzrə ekspertlərin fikrinə görə, bu göstərici çox nadir hesab olunur. Dünya ölkələri içərisində alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerjinin miqdarı ümumi istehsalın 50 faizdən çoxunu təşkil edən cəmi bir neçə ölkə mövcuddur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi ilə bağlı məqsədyönlü tədbirlər hazırda da davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il yanvar ayının 11-də muxtar respublikamıza səfəri çərçivəsində Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmiş, muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək”.
Naxçıvan Günəş Elektrik Stansiyasının gücünün artırılması ilə bağlı tədbirlərə isə bu ilin may ayından başlanılıb. Belə ki, İsveçrənin Ped Şirkəti ilə muxtar respublikanın Dövlət Energetika Xidməti arasında imzalanan müqaviləyə əsasən Günəş Elektrik Stansiyasında 7 min 700 ədəd günəş paneli quraşdırılması və şəbəkəyə qoşulması nəzərdə tutulub. Stansiyanın baş mühəndisi Azad Məmmədov dedi ki, artıq burada işlər yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, əvvəllər quraşdırılmış günəş panelləri 255 vatlıq idisə, yeni quraşdırılanlar 260 vatlıqdır. Bu işlər tam həyata keçirildikdən sonra stansiyanın istehsal gücü 30 milyon kilovat-saatdan 33 milyon kilovat-saata qədər artacaq. Ötən il Günəş Elektrik Stansiyasında elektrik enerjisi istehsalının 29 milyon 922 min kilovat-saat olduğunu deyən baş mühəndis bildirdi ki, bu ilin ilk 6 ayında stansiyada 14 milyon 365 min kilovat-saat elektrik enerjisi istehsal olunub. Qeyd edək ki, muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi Günəş Elektrik Stansiyasının səmərəli fəaliyyətinə imkan verir.
Xatırladaq ki, Günəş enerjisi və digər alternativ enerji mənbələrindən istifadə olunması ilə elektrik enerjisi alınması üçün Yer kürəsinin hər yerində imkanlar eyni deyildir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının yerləşdiyi cənub en dairələrində günəşli günlərin sayı belə məqsədli layihələrin rentabelliyini artırır. Bundan əlavə, Culfa rayonu ərazisində külək elektrik stansiyasının yaradılması ilə bağlı yeni layihənin həyata keçiril­məsi enerji sektorunda çoxşaxəli enerji mənbələrindən maksimum yararlanmaq imkanlarını ortaya qoyur.
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi istiqamətində dövlətimizin həyata keçirdiyi məqsədyönlü işlər nəticəsində artıq regionda külək, istilik, həm də yerli hidroenerji potensialına əsaslanan etibarlı enerji infrastrukturu yaradılmışdır. Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata ke­çirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”.
İndi Naxçıvanda istehsal edilən elektrik enerjisinin tələbatdan artıq hissəsinin xaricə ixrac olunması məhz düşünülmüş iqtisadi və siyasi addımların atılmasından, muxtar respublikanın gələcək inkişafının prioritet istiqamətlərindən biri kimi həyata keçirilmiş tədbirlərin nəticəsindən irəli gəlir. Bu sahədə görülən işlərin davamlı xarakter daşıması Naxçıvanın yaxın gələcəkdə enerji potensialını daha da artıracaq. Bu isə muxtar respublikanın milli təhlükəsizliyinə öz töhfəsini verməklə yanaşı, digər regionlarla da əməkdaşlığın yüksələn xətt üzrə inkişafına zəmin yaradacaq.

Səbuhi HHəsənov

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR