May ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avstriyaya rəsmi səfəri çərçivəsində Vyanada Avstriya-Azərbaycan Biznes-Forumu keçirilmişdir.
Forum muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün də iqtisadi əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması baxımından yaddaqalan olmuşdur. Tədbirdə muxtar respublika sahibkarlarını “Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru İlqar Sadiqov və şirkətin Türkiyə Respublikasındakı ofisinin rəhbəri Ozan Göl, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının Bakı şəhərindəki ofisinin nümayəndəsi Emin Rəsulov, “AKİ Əczaçılıq Anbarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İbrahim Cəlilov təmsil etmişlər.
Səfər çərçivəsində nümayəndə heyəti səmərəli biznes görüşləri keçirmişdir. Belə ki, görüş zamanı “Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqı ilə “WACKER NEUSON” şirkəti arasında Avstriya və Almaniya mənşəli müxtəlif tikinti texnikalarının alınmasına dair müqavilə imzalanmışdır. Eyni zamanda iki ölkənin biznes dairələri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, əməkdaşlıq üçün imkanlar və onlardan səmərəli istifadə olunması, gələcəkdə belə görüşlərin iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən sahibkarların iştirakı ilə daha geniş tərkibdə keçirilməsi kimi məsələlər də müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti