Naxçıvan Muxtar Respublikası müxtəlif faydalı qazıntı yataqları ilə zəngindir. Ərazicə kiçik olsa da, muxtar diyarımızın hər bölgəsində təbiətin bizə bəxş etdiyi yerüstü və yeraltı sərvətlər iqtisadi inkişaf baxımından unikal imkanlar ortaya qoyur. Belə əhəmiyyətli ərazilərə malik bölgələrimizdən biri də Kəngərli rayonudur. Rayonun ərazisi müxtəlif təbii ehtiyatların zənginliyi ilə diqqət çəkir. Belə ki, muxtar respublikada ən böyük travertin və əhəng yataqları bu bölgənin payına düşür. Hələ Sovetlər Birliyi dövründən rayon ərazisində istismar olunan bu yataqlar tikinti sənayesində mühüm yeniliklərin tətbiqinə şərait yaratmış, muxtar respublikamızın keçmiş SSRİ məkanında tanınmasına səbəb olmuşdur.
Rayonun ən böyük yaşayış məntəqəsi olan Qarabağlar kəndi isə həm tarixi-mədəni, həm də böyük travertin ehtiyatlarına malik ərazi kimi tanınır. Kəndin şimal-qərb hissəsində böyükhəcmli daş yataqları ötən əsrin 80-ci illərindən mühəndislər tərəfindən istismara cəlb olunmuş, istehsal edilən məhsul həm muxtar respublikada, həm də regionumuzdan kənarda tikinti sənayesində istifadə olunmuşdur. Su və nəmliyə davamlılığı, yüksək təzyiqə dözümlülüyü və digər müsbət keyfiyyətləri ilə seçilən travertin daşları o zamanlar ittifaq səviyyəli tikinti obyektlərinin, o cümlədən metro stansiyalarının, park və müxtəlif mədəniyyət müəssisələrinin fasadında istifadə edilmiş, ornamental memarlıq nümunələrində işlədilmişdir. Ancaq xalqımızın bu cür təbii sərvətlərin əsl sahibinə çevrilməsi müstəqilliyimizin bərpasından sonra mümkün olmuşdur. “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağlar kəndindəki daş karxanasında olduğumuz zaman bu fikirlər müsahibimiz tərəfindən bir daha səsləndirildi.
Məhərrəm Zeynalov adıçəkilən müəssisənin Qarabağlar daş karxanasının müdiridir. Onunla elə Qarabağlardakı istehsal müəssisəsində görüşdük, buradakı yataqlar, istehsal prosesi haqqında məlumat verməsini xahiş etdik. Onun dediklərindən: “Qarabağlar kəndindəki travertin yataqları “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ən böyük xammal yataqlarından biridir. Bu daş yataqları Sovetlər Birliyi dövründən istismar olunur. Ötən əsrin sonlarına doğru istehsal prosesində fasilələr yaransa da, sonrakı dövrdə, müstəqilliyimizin bərpasından sonra daha müasir avadanlıqlar və texnikaların köməyi ilə işlər davam etdirilib. Elə xalqımız həmin dövrdən də öz
sərvətlərinin sahibinə çevrilib. Buradakı travertin ocağının yerləşdiyi ərazi təsdiq olunmuş hesablamalara görə 50 hektarı əhatə edir. Mədəndə istehsal prosesinə 2005-ci ildən başlanılıb. Digər yatağımız – Qarabağlar oliv ocağı isə 2008-ci ildən fəaliyyətə başlayıb və bunun da sahəsi 5 hektardır. Hazırda daş karxanasının yaxınlığında fəaliyyət göstərən istehsal müəssisəsi 2009-cu ildə istifadəyə verilib. 10 min kvadratmetr əraziyə malik müəssisədə, əsasən, travertin və mərmər bloklar istehsal olunur. Burada Türkiyədən gətirilmiş müasir avadanlıqlar quraşdırılıb, eyni zamanda yataqlarda 9 ədəd müxtəlif texnikalardan istifadə olunur”.
Məhərrəm Zeynalov iş prosesi haqqında danışmazdan əvvəl bildirdi ki, Sovetlər Birliyi dövründə yataqlardan daş çıxarılma prosesi indiki kimi müasir üsullarla aparılmırdı. Daşın çıxarılması, əsasən, güclü partladıcı vasitələrlə aparılırdı ki, bu da xeyli xammal itkisinə səbəb olurdu. Həmin daşlar sonra bloklar şəklində kəsilərək daşınırdı. Ondan da müxtəlif üzlük və döşəmə daşlar hazırlanırdı. İndi isə bütün işlər müasir texniki avadanlıqların köməyi ilə aparılır, itkiyə yol verilmir. Əvvəlcə kəşfiyyat xarakterli qazıntı işləri görülür və daş kəsilərək nümunə götürülür, keyfiyyəti yoxlanılır. Kəsilən daşlar hər gün ağırtonnajlı avtomobillər vasitəsilə Şahtaxtı stansiyasına daşınıb yük vaqonları ilə istehsal müəssisələrinə göndərilir. Həmin daşlardan tələbata uyğun olaraq müxtəlif üzlük plitələr, mozaik divar daşları və sair hazırlanır. Buradakı istehsal müəssisəsində isə, əsasən, kiçikölçülü daş parçalarından istifadə olunur. Onlardan bordürlər, döşəmə daşları və digər çeşiddə tikinti materialları hazırlanır. Qarabağlar daş karxanasında hazırda 100-dən çox işçi çalışır. Onların əksəriyyəti Qarabağlar, Yurdçu, Şahtaxtı kəndlərindəndir ki, bu da həmin kənd sakinlərinin məşğulluq məsələlərinin həllində önəmli rol oynayır. Müsahibimiz onu da qeyd etdi ki, burada işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Daş karxanasının yerləşdiyi dağlıq əraziyə elektrik xətti, su çəkilib, avtomobil yolu salınıb. İşçilər üçün yeməkxana, hamam, 12 yerlik yataqxana mövcuddur. İş prosesində təhlükəsizlik tədbirlərinə ciddi əməl olunur.
Qeyd edək ki, Çalxanqala kəndində də 2008-ci ildən daş karxanası fəaliyyət göstərir və buradakı daş yatağının sahəsi 10 hektardır. Hazırda Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal müəssisəsinə göndərilir və burada müxtəlif çeşiddə daş məhsulları hazırlanır. Həmin daş məhsullarından isə həm muxtar respublikamızın tikinti obyektlərində istifadə olunur, həm də paytaxt Bakı şəhərinə və Gürcüstan Respublikasına göndərilir.
Qarabağlar kəndindəki daş karxanasından ayrılırıq... Bizdən bir az aralıda blok şəklində kəsilmiş daşlarla yüklənmiş yük avtomobilləri də hərəkət edir. İstehsal müəssisələrində bu bloklardan hazırlanacaq daş məhsulları müxtəlif ünvanlara göndəriləcək, neçə-neçə binaların, küçə və parkların, bağ evlərinin bəzəyinə çevriləcək.
Səbuhi HƏSƏNOV