Şahbuz rayonunun, sözün həqiqi mənasında, Naxçıvan adlı ulu məmləkətimizin mərcan gözü olan Batabat yaylağında arıçılarla görüşüb həmsöhbət olmaq, onların oba həyatını görmək üçün həmin ünvana getmək fikrimiz qətiləşəndə yadıma bu kiçik rayonun sovet dönəmi düşdü. Ucqar əyalət timsallı təbii gözəlliklər diyarı elə bil yaddan çıxmış bir yurd yeri idi. Kənddən seçilməyən indiki Şahbuz şəhərinin ovaxtkı miskin görkəmi, darısqal, tozlu-torpaqlı küçələri buraya rayon mərkəzi deməyə imkan vermirdi.
Yolumuz Şahbuz şəhərinədir
Bu gün o mənzərələr yoxdur daha. Şahbuz şəhəri müasirliyə qovuşub. Rayon mərkəzinin girəcəyindəki Bayraq Meydanından başlayaraq gözəl mənzərələr insanı ovsunlayır. Belə mənzərələr elə təəssüratlar yaradır ki, neçə illər qabaq gördüklərini bir an belə, xatırlamaq istəmirsən. Və düşünürsən ki, şəhər də, kənd də, qəsəbə də insan kimidir, qayğı istəyir, nəvaziş istəyir. Bu gün Şahbuzun hər bir ünvanı belə qayğıdan yetərincə bəhrələnib.
Batabata gedən yol insanın ruhunu təzələyir
Qarşımıza çıxan ilk kənd Kolanıdır. Bu kənd rayonun iri yaşayış məntəqələrindən biridir. Dadlı-tamlı meyvələri, keyfiyyətli balı, dişgöynədən suyu, digər kənd təsərrüfatı məhsulları ilə tanınan Kolanıya gedən yol müasir standartlar səviyyəsində yenidən qurulub. Ümumilikdə isə, demək olar ki, Şahbuz rayonu ərazisindəki yolların hamısına son illərin quruculuq tədbirlərindən pay düşüb. Bu isə o deməkdir ki, nəqliyyatın intensiv hərəkəti təmin olunub. Bir yaşayış məntəqəsindən digərinə gedən insanlar belə rahat yolların salınmasını onlara göstərilən qayğı kimi dəyərləndirirlər.
Budur, Kolanı kəndinə çatırıq. Kənddə son illərin quruculuq tədbirləri olan kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası 2008-ci ildə sakinlərin ixtiyarına verilib. Bu ünvanlarda yüksək iş şəraiti yaradılıb. Muxtar respublikanın bütün kənd yaşayış məntəqələrini əhatə edən belə tədbirlər kəndlərimizi müasirliyə qovuşdurmaqla, həm də sosial-iqtisadi inkişafımızdan soraq verir.
Yolumuz Batabat yaylağınadır.
Bu yol Biçənəkdən keçir
Müasirliyə qovuşmuş Kolanıdan xoş təəssüratlarla ayrılıb Biçənəyə üz tuturuq. Şüşə kimi asfalt yol bizi 5-10 dəqiqədən sonra Biçənəyə çatdıracaq. Əyləşdiyimiz maşının pəncərəsindən içəri dolan xəfif meh qəlbimizə bir sərinlik gətirir. Bu sərinlik getdikcə artır. Dağların qoynunda yerləşən yurd yerinə çatırıq. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun bu kəndin adının etimologiyası ilə bağlı gəldiyi qənaəti xatırlayıram. Alim yazırdı ki, çox haqlı olaraq bu adın mənşəyini tədqiqatçılar qədim türk-peçeneq tayfasının adı ilə bağlayırlar. Mahmud Kaşğarlı qeyd edirdi ki, peçeneq tayfası oğuz tayfalarından biridir. Bu fakt türk sultanı Əbülqazi Bahadır xanın “Seçere-i terakime” əsərində də öz əksini tapıb.
Akademik Ziya Bünyadov Biçənək toponimində qədim türk-peçeneq tayfa adının əks olunduğunu göstərib, ondan sonra dilçi və toponimçi alimlərimiz də bu məsələyə eyni mövqedən yanaşıblar. Adil Bağırov bu fikrə tərəfdar olaraq belə qənaətə gəlirdi ki, Biçənək sözü qədim peçeneq tayfa adını özündə yaşadan onomastik vahiddir.
Bu gün Biçənək öz müasir həyatını yaşayır. Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərindən bu kəndə də pay düşüb. 2001-ci ildə burada yeni məktəb binası inşa olunub. 2008-ci ildə biçənəklilər kənd və xidmət mərkəzlərinin açılışlarının sevincini yaşayıblar. Kənd mərkəzinin binasında həm də feldşer məntəqəsi yaradılıb. Bu il fevral ayının 15-də yenidən qurulan kənd məktəbinin binası təhsilin səviyyəsinin yüksəldilməsində başlıca amillərdən biri olub. Kolanıdan Biçənəyə qədər olan yolun yenidən qurulması kənddən bir qədər aralıda yerləşən Batabat yaylağına gediş-gəlişi xeyli artırıb. Elə ki istilər düşməyə başladı, ta payızın soyuqlarınadək Batabat yaylağı insanlarla dolu olur. Gözəl şairimiz İslam Səfərlinin misralarını xatırlayıram:
Bulaqların bir səmtədir axarı,
Salvartının xoş görünür baxarı,
Biçənəkdən at səyridib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Füsunkar Batabat yaylağında arıçılarla söhbət
Hər il yaz aylarından başlayaraq buraya regionumuzun müxtəlif bölgələrindən arı ailələri gətirilir. Ərazinin füsunkar təbiəti, təmiz havası, suyu, gül-çiçəyi keyfiyyətli bal üçün ən gözəl xammaldır. Buraya gələrkən muxtar respublikada arıçılığın inkişafı ilə bağlı əldə etdiyim statistik rəqəmləri xatırlayıram. Tarixi qaynaqlara görə, Naxçıvanda arıçılıq – vəhşi arı balı toplamaq, meşə arıçılığı və mütərəqqi arıçılıq kimi inkişafın bütün mərhələlərini keçib. XIX əsr və XX əsrin əvvəllərindən Naxçıvanda arıçılığın xüsusi təsərrüfat sahəsinə çevrildiyi, hətta bəzi təsərrüfatlarda böyük arıxanaların olması haqqında məlumatlara rast gəlirik. XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olub. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılıb. Həmin dövrdə K.A.Qorbaçev Ordubad ərazisində 2 arı cinsinin olması haqqında məlumat verib.
Bu gün muxtar respublikada 70 min arı ailəsi saxlanılır. Bu da 1 yanvar 1996-cı il tarixə olan göstəricidən 8,8 dəfə çoxdur. Arı ailələrinin artımı məhsul istehsalına da müsbət təsir göstərib, 2016-cı ildə muxtar respublikada 1403 ton bal istehsal edilib.
Muxtar respublikada arıçılığın inkişafını stimullaşdırmaq məqsədilə 2016-cı ildə Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal festivalı” keçirilib. Ötən il arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 335 min 600 manat, ümumilikdə, son beş il ərzində 2 milyon 341 min 600 manat həcmində kreditlər verilib.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi bu sahəyə dövlət qayğısının daha bir ifadəsi kimi arıçılıqla məşğul olanlar, eləcə də muxtar respublika sakinləri tərəfindən rəğbətlə qarşılanıb.
Yaylaqda Babək rayonunun Cəhri kənd sakini Natiq Alməmmədov, Şahbuz rayonunun Şahbuzkənd sakini Nazim Piriyev, Kolanı kənd sakini Etibar Səfərov və başqaları ilə həmsöhbət oluruq. Kolanılı Etibar Səfərov deyir ki, 50 arı ailəsi bəsləyir. Hər il də yüksəkkeyfiyyətli məhsul istehsalına nail olur. Buna başlıca səbəb arı ailələrini Batabat yaylağında saxlamasıdır. Onun sözlərini 65 arı ailəsi bəsləyən cəhrili Hacı Siyasət Əmirov da təsdiq edir. Deyir ki, arı saxlamaqla hələ gənc yaşlarından məşğuldur. Ağlı kəsəndən atasının arıçılıqla məşğul olduğunu görüb. Bu sahənin sirlərini ondan öyrənib. Arı çox həssas və qayğı sevəndir. Onların dilini bilməyən adam arı saxlaya bilməz. Siyasət kişinin sözlərinə görə, arıçılıq, sözün həqiqi mənasında, bir elmdir. Bu elmi öyrənmək üçün hövsələ, səbir və təcrübə lazımdır. O deyir ki, sovet dönəmində də arı saxlayıblar. Lakin o dövrdə qoyulan məhdudiyyətlər üzündən saxladıqları arıların verdiyi məhsul ancaq öz ailələrini görürdü. İndi isə belə deyil, kim nə qədər istəyir, bir o qədər arı saxlaya bilər. Bu gün tələbatını arıçılıqla məşğul olaraq ödəyən ailələr az deyil.
Digər arıçılar da söhbətə qoşulurlar. Arıçılıqla, balla bağlı yaranan zərb-məsəllərdən, atalar sözlərindən danışırlar. Balın, arı südünün müalicəvi əhəmiyyət daşıdığını dilə gətirirlər. Bu gün arıçılığın
inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən arıçılar onu da dedilər ki, muxtar respublikanın təbii-coğrafi iqlimi, zəngin floraya malik olması arıçılığın geniş yayılmasına imkan verir. Bu sahənin Naxçıvanda nə vaxtdan yarandığı elmə dəqiq məlum deyil. Ancaq Ballıqaya, Pətəklik, Pətəkqoyulan kimi coğrafi adların bu gün də mövcud olması burada insanların qədim dövrdən arıçılıqla məşğul olduğunu göstərir.
Arıçılarla söhbətimizi başa çatdırmalı oluruq. Çünki şəhərə qayıtmaq üçün ayrılmaq vaxtıdır. Başımı qaldırıb əsrarəngiz Batabatı bir daha seyr edirəm. Yenə də yadıma İslam Səfərlinin misraları düşür:
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Muxtar MƏMMƏDOV