23 Dekabr 2024, Bazar ertəsi

16 mindən çox sakinin yaşadığı bu kənd muxtar respublikanın ən qədim və iri yaşayış məntəqələrindən biridir. Ümumilikdə, Nehrəm biz jurnalistlər üçün əsl mövzu mənbəyidir. Nəyi yoxdur axı bu kəndin?! Qədim tarixi, müasir inkişafı, sahibkarlıq subyektləri, zəngin təsərrüfat həyatı, bir-birindən yaraşıqlı tikililəri, bir sözlə, sanballı yazı hazır­lamaq üçün nə istəsən, bu kənddə tapa bilərsən. Ötən həftə Ali ­Məclis Sədrinin iştirakı ilə istifadəyə verilən Heydər Parkı isə kəndin hüsnünə yeni naxışlar vurub.

Redaksiyamızın fotomüxbiri ilə Nehrəmə hansı yolla getmək barədə məsləhətləşirik. Bu dəfə rayon mərkəzindən yox, “Pircuvar düzü” tərəfdən getməyi məsləhət görür. Sonra əlavə edir ki, fərqi yoxdur, istər “Ala qapı”dan, istər rayon mərkəzindən, istərsə də, “Pircuvar düzü”ndən bu böyük kəndə getmək istəsən, rahat yol insanı mənzil ­başınadək müşayiət edəcək. Ötən ilin noyabr ayında Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi istifadəyə veriləndən sonra adıçəkilən kəndlərin həyatında yeni mərhələ başlayıb. Həmin vaxt yeni kənd məscidinin istifadəyə verilməsi də nehrəmlilərin həyatında əlamətdar hadisə kimi qalmışdı. Dama-dama göl olar, – deyib ulularımız. Hər il bu böyük kənddə nə isə tikilir, qurub-yaradılır, sakinlərin rahatlığı təmin olunur. Budur, artıq ünvandayıq – müasir Azərbaycan kəndinə nümunə olan Nehrəmdə.

 Sakinlər minnətdarlıq edirlər

Kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbov elinə-obasına bağlı insanlardan biridir. Söz boğçası dolu olan bu el ağsaqqalı Nehrəmin bugünkü həyatından ürəkdolusu danışır. Deyir ki, orta və yaşlı nəslin nümayəndələri Nehrəmin illər öncəki görkəmini yaxşı xatırlayırlar. Hansısa rahat yoldan, müasir tikilidən söhbət gedə bilməzdi. Zaman dəyişdikcə kəndlinin həyatı da, yaşadığı doğma kəndi də görkəmini dəyişdi. Son illərdə bu yaşayış məntəqəsində mərhələli şəkildə həyata keçirilən genişmiqyaslı kompleks quruculuq tədbirləri Nehrəmə müasir görkəm gətirib. Ötən həftə isə kənddə daha bir yeni məkan – Heydər Parkı istifadəyə verilib. Hər yaş qrupundan olan insanlar bu parka gəlir, öz asudə vaxtını səmərəli təşkil edirlər. Burada Dövlət Bayrağı da ucaldılıb. Müstəqilliyimizin əsas atributlarından olan üçrəngli qürur mənbəyimizin kəndimizdəki parkda dalğalanması biz nehrəmlilər üçün, sözün əsl mənasında, iftixar mənbəyidir. Açılış mərasimində də qeyd olunduğu kimi, dahi şəxsiyyətin adının əbədiləşdiyi parkın yerində vaxtilə ulu öndər Heydər Əliyev nehrəmlilərlə görüşüb. Görkəmli dövlət xadimi o vaxt Nehrəm seçki dairəsindən Azərbaycan Ali Sovetinə deputat seçildi. Göründüyü kimi, nehrəmlilər tarixən ulu ­öndərin siyasi xəttini dəstəkləyib, bu yola sadiq olublar və bu gün də sadiqdirlər.
Gəlir Həsənov sürücüdür. Deyir ki, kənd yaşayış məntəqəsində ilk dəfədir ki, belə bir tədbir reallaşır və ərazidə Dövlət Bayrağı ucaldılır. Yeni salınan Heydər Parkı evimizə yaxın bir məsafədə yerləşir. İş vaxtımı başa vurduqdan sonra nəvələrimlə birgə parka üz tutur, onların sevincinə şərik oluram. Yaxşı xatirimdədir. Dahi rəhbər 1990-cı ildə məhz bu ərazidə bizimlə görüşmüşdü. O vaxt muxtar respublikamız ağır günlərini yaşayırdı. Ölkənin dahi şəxsiyyət Heydər Əliyev kimi bir Xilaskara ehtiyacı var idi. Ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də dönməz, əbədi olan müstəqilliyimizi bizə ərməğan etməsi idi. Bu gün nəvələrimlə birgə yeni parkda rahat istirahət edirəmsə, deməli, ölkəmiz müstəqil, iqtisadiyyatımız güclüdür. Bugünkü nəsil həm də ona görə xoşbəxtdir ki, onlar müstəqillik illərinin gəncləridir. Günbəgün, anbaan yeniləşən, inkişaf edən muxtar diyarımızın, ölkəmizin tərəqqisinə onlar da şahidlik edirlər. Sağ olsun təşkilatçıları.

Torpaqdan beşəlli yapışan nehrəmlilər

“O vaxt hər gün su bəndlərində dava-dalaş düşərdi. Həyət-bacanın suvarılması adı ilə verilən bir zinə su ünvanına çatmırdı. İndi nəinki həyətləri, üstəgəl, pay torpaqlarında əkin sahələrini, bostanları su ilə təmin edə bilirik. Hamıya məlumdur ki, Naxçıvanda qarpızın vətəni Nehrəmdir. Mövsümdə 10 min manatdan çox gəlir götürən sahibkarlar olur. Ona görə də kənddəki evlərin də üslubu, görkəmi hər keçən gün dəyişir”,– deyən torpaq mülkiyyətçisi Həsənqulu Cəfərov bildirir ki, məhsulun satışında heç bir problem yoxdur. Bir məqamı xatırlatmaq yerinə düşər. Görkəmli ədib Cəlil Məmmədquluzadə bu kənddə yaşayıb və o, zamanında kəndlilərin əməyini yüngülləşdirmək üçün Tiflisdən dəmir kotan gətirməyə nail olmuşdu. Artıq situasiya dəyişib. Müstəqil Azərbaycan dövlətinin kəndlisi elə müstəqil şəkildə də əkib-biçir, gün-güzəranını ən qiymətli sərvət olan torpaq hesabına təmin edir. Hər cür texnika və texnoloji avadanlığı da dövlət ona verir. Bunlar qətiyyən jurnalist təxəyyülünün məhsulu deyil. Faktlardır ki, burada bir-bir yada düşür. Digər bir fakt isə budur ki, bu günlərdə Naxçıvan-Ordubad magistralı boyunca Nehrəmin neməti olan bostan məhsulları – qarpız, qovun istehlakçılara ucuz qiymətə təklif olunur.

Gələcəyimizə xidmət edən Nehrəm məktəbləri

Bu yurd yeri Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, hərbi, mədəni və sosial həyatında mühüm rol oynayan görkəmli simalar bəxş edib. Bu kənddə neçə-neçə həkim, aqronom, müəllim, hərbçi və çoxlu ziyalılar yetişib. Kəndin təhsil ənənələri olduqca zəngindir. Hələ zamanında burada yaşayan böyük ədib Mirzə Cəlil qızları təhsilə cəlb etmək yolunda mühüm xidmətlər göstərib və heç bir şəraiti olmayan binalarda onlara dərs deyib.
Amma bu gün nehrəmli şagirdlər hər cür şəraitlə təmin olunmuş 3 böyük məktəbdə təhsil alırlar. Kənddəki 1 nömrəli tam orta məktəbdən aldığımız məlumata görə, builki qəbul imtahanlarında 27 şagird istənilən nəticəni əldə edib və ixtisas seçimi mərhələsinə adlayıb. Ümumilikdə isə kənd üzrə 49 şagird bu sevinci yaşayıb. Ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən 2 nömrəli tam orta məktəb də daxil olmaqla, hər üç təhsil ocağında müasir standartlara cavab verən təhsil infrastrukturu mövcuddur. Söhbət təhsildən düşmüşkən onu da qeyd edək ki, Nehrəmdə Uşaq Musiqi Məktəbi də fəaliyyət göstərir.

Dahi ədib Mirzə Cəlil 7 il bu kənddə yaşayıb

Və cəmiyyəti düşündürən ən qiymətli əsərlərini Nehrəmdə qələmə alıb. Həmin vaxt əsl xalq müəllimi kimi tanınan və Həlimə xanım Nağı qızı ilə ailə həyatı quran vətəndaş-publisistin xatirəsi dövlətimiz tərəfindən hər zaman uca tutulur. Təsadüfi deyil ki, Naxçıvan şəhərində onun ev, Şərur rayonundakı Cəlilkənddə və Nehrəmdə Xatirə muzeyləri fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Cəlil Məmmədquluzadə Xatirə Muzeyinin direktoru Akif Hacıyev deyir ki, daim xalqın savadlanmasına çalışan Mirzə Cəlilin Nehrəmdəki Xatirə Muzeyini hər il yüzlərlə adam ziyarət edir. Ədəbiyyatımızda, jurnalistikamızda yeni mərhələnin əsasını qoyan və kiçik hekayənin böyük ustadı olan ədibin həyat yolu və yaradıcılığı barədə ziyarətçilərə geniş məlumat veririk. Kənddə belə bir muzeyin fəaliyyət göstərməsi mədəniyyətimiz üçün də dəyərli töhfədir.

Dəyərlərimizə qırılmaz tellərlə bağlanan nehrəmlilər

Ötən ilin noyabr ayında kənddə istifadəyə verilən müasir məscid binası sakinlərin böyük sevincinə səbəb olub. Kənd sakini Əli Salahovun sözlərinə görə, bu tikili kənddəki 11 məsciddən biridir. Onun dediklərindən:
– Sovet dönəmində dini dəyərlərimiz unudulur, məscidlərdən anbar kimi istifadə olunurdu. İndi isə az qala Nehrəmin hər məhəlləsində məscid var. Onlar dövlət tərəfindən təmir olunur, dini dəyərlərə hörmətlə yanaşılır. Oğul, ağsaqqal sözü, ağbirçək öyüdü ən böyük mənəvi sərvətdir. Biz də onları yaşadıb gələcək nəsillərə ötürmək istəyirik. Kənddəki tarixi “İmamzadə” türbəsində də təmir-bərpa işləri aparılır. İşlər yekunlaşdıqdan sonra kəndimiz yerli və xarici turistlərin ən çox üz tutduğu məkanlardan biri olacaq.

* * *

Qeyd edək ki, Nehrəmdə sahibkarlığın inkişafına da böyük qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün kənddə 5 gəc sexi, 4 lavaşbişirmə müəssisəsi, 2 istixana kompleksi, 3 plastik qapı-pəncərə və 2 mebel sexi fəaliyyət göstərir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vahid Həsənov deyir ki, əlverişli investisiya mühitindən yararlanan hər kəs bu gün müəssisə qura bilər. Kənddə “Xalaoğlu” kənd­li-fermer təsərrüfatı var ki, burada müxtəlif qablarda satışa çıxarılan kərə yağı, ayran və qatıq istehsal olunur. Sahibkar Rafiq Əliyevə məxsus istehsal obyektində 20 ­nəfərə yaxın nehrəmli daimi işlə təmin olunub. Bu ildən təsərrüfatda quş əti istehsalına da başlanılıb. Bu, hələ son deyil. 2015-ci ildən Nehrəmdə üzümçülük təsərrüfatı da yaradılıb. İndiyə kimi heç bir bitkinin bitmədiyi bir sahədə – 150 hektarlıq geniş bir ərazidə üzüm bağı salınıb. Damcı üsulu ilə suvarılan bağa 7 kilometr ərazidən borularla su xətti çəkilib. Burada su ehtiyatı yaratmaq üçün biri açıq, digəri isə qapalı olmaqla, iki hovuz da yaradılıb, müasir kənd təsərrüfatı texnikaları alınıb. Bundan başqa, 25 hektar sahədə 50 mindən artıq məhsuldar alma tingi əkilib və təsərrüfatda 140 kənd sakini işlə təmin olunub.
Müsahibimiz bildirdi ki, kənddə sahibkarlarla yanaşı, sosial qayğıya ehtiyac duyan insanlar da dövlətin diqqətindən kənarda qalmayıb. Əlil və müharibə veteranı olan 5 nəfərə dövlət tərəfindən ev tikilib, həyətinə içməli su xətti çəkilib, üstəgəl, avtomobil də verilib.

Bir sözlə, qədim Nehrəm bu gün müasir görkəmə qovuşub. Bu inkişafın əsasında isə ulu öndər Heydər Əliyev siyasi xəttinə sadiqlik dayanır. Müstəqil Azərbaycan sürətlə və əmin addımlarla öz yolunda irəliləyir, inkişaf edir. Nehrəm kəndi də bu inkişafdan öz nəsibini alır və gün keçdikcə daha da müasirləşir.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR