23 Dekabr 2024, Bazar ertəsi

Havaların isti keçdiyi bu günlərdə insan orqanizminin suya olan tələbatı daha da artır. Belə günlərdə susuzluğumuzu yatırmaq məqsədilə bol-bol maye qəbul edirik. Müşahidə aparsaq, görərik ki, daha çox istifadə olunan mineral sulardan biri də “Sirab”dır. Bu gün həmin mineral müalicəvi süfrə suyunun şöhrəti muxtar respublikamızdan çox-çox uzaqlara yayılıb.
Süfrələrimizin bəzəyi olan “Sirab” suyu haqqında məlumat almaq, onun istehsalı ilə tanış olmaq üçün üz tutduq Babək rayonunun Sirab kəndində yerləşən Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinə. Cəmiyyətin icraçı direktoru Zülfü Hüseynov ilə söhbətimiz zamanı o bildirdi ki, “Sirab” mineral su yatağından sənaye məqsədilə XX əsrin 50-ci illərindən istifadəyə başlanıb. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanıb və 1968-ci ildə Moskva Dövlət Ehtiyatları Komissiyasında təsdiq edilib. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilib. 2003-cü ildə “Sirab” Mineral Sular Zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Cəmiyyət bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq müasir avadanlıqlar alıb.
Bu gün 100-dən artıq insanın çalışdığı “Sirab” Mineral Sular Zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlı və qazsız “Sirab” təbii mineral müalicəvi süfrə suyu müxtəlif həcmli plastik və şüşə butulkalara doldurulur. Hazırda zavodda 21 çeşiddə məhsul istehsal olunur. Qablaşdırmada istifadə edilən xammal isə Türkiyə və Gürcüstandan, eləcə də muxtar respublikada fəaliyyət göstərən “Gəmiqaya Holdinq”dən alınır.

“Sirab” mineral su yatağı Babək rayonunun Sirab kəndi ərazisində, Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə dağ ətəyində yerləşir. Qədim zamanlardan indiyədək “Sirab”dan həm də müalicə məqsədləri üçün istifadə edilib. Məhz insanlara şəfa verdiyi üçün bu su “Sirab” adlandırılıb, mənası “sirli su” deməkdir. Belə ki, karbon qazlı “Sirab” mineral suyu güclü öd­qovucu təsirə malikdir. “Sirab”dan mütəmadi olaraq istifadə etməklə mədədəki qastrit xəstəliyinin qarşısını almaq olar. Bundan əlavə, maddələr mübadiləsinin pozulması, qaraciyər, mədə-bağırsaq, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən, allergik rinit xəstəliyinə tutulmuş insanlara “Sirab” içmək məsləhət görülür. Yəni bu mineral su min bir dərdin dərmanıdır.
Bu gün “Sirab”ın istehsalında ən müasir texnologiyalardan istifadə olunur. Su 114 millimetrlik paslanmayan boru ilə mənbədən zavoda gətirilir. İlkin mərhələdə suda olan iri hissəcikləri ayırmaq üçün o, mexaniki filtrdən keçirilərək 50 tonluq çənlərə doldurulur. Sonra 25 mikron qum filtrindən süzülərək emallı ehtiyat su çənlərinə ötürülür. Bu proses istehsala verilən mineral suyun davamlılığını təmin etmək və onun bir neçə saat ərzində olsa da, dincə qoyulması üçündür. Əsasən, istehsal prosesi ehtiyat su anbarından mineral suyun soyuducu qurğulara ötürülməsi ilə başlayır. Burada su 4-8 dərəcədə soyudulur, sonra istehsal sexlərinə verilir. Bu sexlərdə mineral su qablaşdırılmadan öncə bir neçə vacib mərhələdən keçir. Belə ki, ilkin olaraq 1 mikron filtrlərdən süzülür. Doldurulmadan öncə mineral su karbon dioksidlə qazlaşdırılır. Məhz mineral su karbon dioksid qazını rahat və lazımi miqdarda qəbul etsin deyə 4-6 dərəcəyədək soyudulur. Bu prosesdə məqsəd qablaşdırılan məhsulun saxlama müddətinin artırılması və mineral duzların çökmə ehtimalının qarşısını almaqdır. Bütün bu proseslərdən sonra mineral su lazımi çeşidlərdə qablaşdırılaraq paketlənib satış bazarlarına çıxarılır.
Zülfü Hüseynov məhsulun ixrac edildiyi ölkələr haqqında da danışaraq dedi:
– Bu gün süfrələrimizin bəzəyi olan “Sirab” mineral suyunun sorağı dünyanın bir çox ölkələrindən gəlir. Belə ki, minerallarla zəngin olan “Sirab” Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Rusiya, İraq, Türkiyə, Çin və Baltikyanı ölkələrdə çoxsaylı alıcı kütləsi qazanıb. Bundan əlavə, Körfəz ölkələrində də “Sirab”la əlaqədar qeydiyyat işləri artıq başa çatıb və yaxın zamanda həmin ölkələrə də ixracatı nəzərdə tutulur. Qazandığımız uğurlara əsaslanaraq əminliklə deyə bilərik ki, “Sirab” mineral suyu gələcəkdə Avropa bazarında da layiqli yerini tutacaqdır.
Öyrəndik ki, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində istehsal prosesi İSO standartlarında keyfiyyətli idarəetmə sisteminin tələblərinə uyğun şəkildə idarə edildiyi üçün müəssisə Almaniyanın “İQNET” və “DQS” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 9001-2015 və İSO 22000-2005 standartlarına uyğunlu­ğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Bu da “Sirab” suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi olmaqla yanaşı, həm də onun Avropa bazarına girişini təmin edir.
Dünya standartlarına cavab verən “Sirab” mineral suyu bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanıb. 2005-ci ildə Cenevrədə “Biznesdə yüksək keyfiyyətə görə” sərgisində, 2009-cu ildə Ukraynada keçirilən “Qida məhsulları və içkilərin XII forumu”nda qızıl, 2010-cu ildə Moskvada keçirilən XVII Beynəlxalq “PRODEXPO 2010” sərgisində gümüş, 2011-ci ildə Moskvada keçirilən XVIII Beynəlxalq “PRODEXPO 2011”sərgisində və 2011-ci ildə Qazaxıstanda keçirilən Beynəlxalq Yeyinti Sənaye sərgisində qızıl medallar qazanıb. Bununla yanaşı, 2009, 2012-ci illərdə “Azərbaycanda İlin Brendi” Birinci Milli Mükafatına layiq görülüb. 2012-ci ildə “Biznesdə uğur”, 2015-ci ildə Brussels İTQİ–Beynəlxalq Ləzzət və Keyfiyyət İnstitutu tərəfindən “Mükəmməl ləzzət” mükafatlarını alıb.
Bu əvəzsiz təbii sərvət həm də muxtar respublikamızın tanıtımında əsaslı rol oynayır. Çünki “Sirab” bütün müalicəvi keyfiyyətləri ilə qədim Naxçıvan torpağını dünyada tanıtma dəyərinə malikdir. Yerli istehsalımız olan brendlərimizin yaranması isə həm də iqtisadi inkişafımızın göstəricisidir.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR