Kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov açıb. Komitənin sədri Hicran Rüstəmov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar cari ilin ilk 6 ayı ərzində qorunub saxlanılıb, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib. Bütün bunların əsası ümummilli liderimiz tərəfindən müəyyən olunmuş inkişaf strategiyasının davamlı şəkildə həyata keçirilməsi nəticəsində əldə edilib.
Kollegiyada çıxış edən Baş nazirin birinci müavini Asəf Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində muxtar respublikada iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru da sürətlə inkişaf etməkdədir. 2017-ci ilin birinci yarısında muxtar respublikada komitənin xətti ilə 43 milyon 117 min manat inşaat işləri yerinə yetirilib. Cari ilin 6 ayında Naxçıvan şəhərindəki 3 və 13 nömrəli, Şərur şəhərində 2 nömrəli, Şərur rayonunun Çəmənli, Şahbuz rayonunun Kolanı kəndlərində tam orta məktəb binaları istifadəyə verilib. Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Ərəbyengicə tam orta məktəblərinin və musiqi məktəbinin, Culfa rayonunun Dizə, Ordubad rayonunun Üstüpü kəndlərində orta məktəb binalarının tikintisi, Şərur rayonunun Ələkli, Qarahəsənli, Babək rayonunun Payız kəndlərində tam orta məktəb binalarının yenidən qurulması davam etdirilir.
Qeyd olunub ki, hesabat dövründə Kəngərli rayonunun Qıvraq qəsəbəsində 222 yerlik uşaq bağçası üçün müasir bina tikilib, Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün tədris binasının yenidən qurulması və Naxçıvan Müəllimlər İnstitutu üçün yeni korpusun tikintisi davam etdirilir.
Cari ilin 6 ayı ərzində Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri başa çatdırılıb, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası binasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə, Ordubad rayonunun Üstüpü kəndlərində həkim ambulatoriyalarının tikintisi aparılır.
Tarixi-mədəni irsin qorunması və təbliği məqsədilə Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilir. Bundan başqa, Şərur rayonunun Yengicə kəndindəki qədim hamamda bərpa işlərinə başlanılıb, Kəngərli rayonunun Şahtaxtı kəndində M.Şahtaxtinskinin ev-muzeyində təmir işləri, Naxçıvan şəhərində məscidin tikintisi, Sədərək rayonunda isə mədəniyyət evində yenidənqurma işləri aparılır.
2017-ci ilin birinci yarısında Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli və Arpaçay yaşayış məntəqələrində kənd mərkəzlərinin açılışı olub, Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Qarahəsənli, Ələkli, Ərəbyengicə, Babək rayonunun Payız, Gərməçataq, Culfa rayonunun Dizə, Ordubad rayonunun Üstüpü kəndlərində kənd mərkəzlərinin tikintisi davam etdirilir.
Baş nazirin birinci müavini deyib ki, əhalinin mənzil-kommunal təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilib, Naxçıvan şəhərində 1 yaşayış binasının tikintisi başa çatdırılıb, 5 yaşayış binasının əsaslı təmiri və yenidən qurulması işləri görülür.
Təsərrüfat subyektlərinin elektrik enerjisinə olan tələbatının tam təmin edilməsi məqsədilə Araz çayı üzərində 36 meqavat gücündə olan derivasiyatipli Ordubad Su Elektrik Stansiyasında inşaat işləri aparılır.
Dövlət idarəetmə, inzibati və hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlərdən də danışan Asəf Məmmədov daha sonra diqqətə çatdırıb ki, muxtar respublikada görülən tədbirlərin davamı kimi avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin salınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, bu işlər cari ilin 6 ayı ərzində də davam etdirilib, 10 kilometr uzunluğu olan Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər avtomobil yolunun tikintisinə başlanılıb.
Vurğulanıb ki, bir qayda olaraq tikintisi həyata keçirilən obyektlərin maya dəyərinin aşağı salınması üçün inşaat işlərində yerli materiallardan istifadə edilir və yalnız muxtar respublikada istehsal olunmayan tikinti materiallarının idxalına icazə verilir. Eyni zamanda daxili bazarın qorunması diqqət mərkəzində saxlanılır.
Ötən dövr ərzində əldə edilmiş müsbət nəticələrlə yanaşı, muxtar respublikada fəaliyyət göstərən tikinti təşkilatlarının işində hələ də nöqsan və çatışmazlıqlar vardır. Aparılan quruculuq işləri zamanı keyfiyyət amilinin əsas şərt kimi qeyd olunmasına baxmayaraq, bəzi tikinti təşkilatları tikintinin və istifadə olunan tikinti materiallarının keyfiyyətinə laqeyd münasibət göstəriblər. Ona görə də tikintidə işlərin keyfiyyətinə nəzarət daha da artırılmalı və yenidən görüləcək bərpa işləri həmin təşkilatların öz vəsaiti hesabına aparılmalıdır.
Kollegiya iclasına Asəf Məmmədov yekun vurub.
Xəbərlər şöbəsi