Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” MMC-də kəpəkli çörək istehsalına ötən ilin sonundan başlanılmışdır.
Məlumat üçün qeyd edək ki, sağlamlıq baxımından olduqca faydalı olan vitaminlər buğda üyüdülən zaman vitaminlərin daha çox olduğu üst qabığının kəpək olaraq ayrılması nəticəsində ağ unun tərkibində qalmır. Buğdanın üst qabığı B2 və B6 vitaminləri, niyasin, fol turşusu, dəmir və sinklə zəngindir. Ağ un hazırlanarkən kəpəyin ayrılması nəticəsində buğdanın tərkibində olan B2 vitamini 50 faiz, B6 vitamini 77 faiz, niyasin 65 faiz, fol turşusu 60 faiz, dəmir 65 faiz, sink 85 faiz miqdarında azalır. Lakin kəpəkli unun tərkibində yuxarıda sadalanan elementlərin qalması bu undan bişirilən çörəyin keyfiyyətli qida məhsulu kimi insanların sağlamlığının qorunması baxımından əhəmiyyətini artırır. Qeyd edək ki, kəpəkli çörək qidalar içərisində karbohidrat və yağlı maddələrin sorulmasına qismən mane olur, qan şəkəri və ürək-damar xəstəliklərinə, qan yağlarına, eləcə də ağır çəkidən əziyyət çəkənlərin arıqlamasına müsbət təsir göstərir. Kəpəkli çörəkdən təkcə artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkənlər deyil, heç bir sağlamlıq problemi olmayanlar da istifadə etməlidirlər. Çünki bu çörəkdən istifadə həm bol miqdarda vitamin qəbuluna, həm də mədə-bağırsaq sisteminin düzgün fəaliyyətinə səbəb olur, bağırsaq xərçənginə tutulma ehtimalının qarşısını alır. Həmçinin kəpəkli çörəyi digər növ çörəyə nisbətən daha çox müddətə saxlamaq mümkün olur ki, bu da israfçılığın qarşısını almaqla yanaşı, hər bir istehlakçının ailə büdcəsinə də müsbət təsir göstərir. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək yüksək keyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanır. Elə bunun nəticəsidir ki, satışa çıxarılan kəpəkli çörəyə tələbat get-gedə artır. Daxili bazarın tələbatına uyğun olaraq, müəssisənin tamamilə kəpəkli çörək istehsalına keçidi təmin olunmuşdur. İstehsal olunan müxtəlif çeşiddə kəpəkli çörək “Gəmiqaya Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı maşınlarla gündəlik olaraq Naxçıvan şəhərində, rayon mərkəzlərində, ucqar dağ və sərhəd kəndlərində fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır.
Kərəm HƏSƏNOV