22 Dekabr 2024, Bazar

Şərur həm ərazisinə, həm əhalisinin sayına görə muxtar respublikamızın ən iri rayonlarındandır. Rayonda əkin sahələrindən səmərəli istifadə edilir.
Bitkiçilik bu yerlərin əzəli məşğuliyyətidir. Şərur rayonu əksər ərzaq məhsulları ilə nəinki özünü təmin edir, hər il muxtar respublika paytaxtının bazarlarına da xeyli məhsul çıxarır. Bölgədə, əsasən, taxıl, kartof, qarğıdalı, günəbaxan, tərəvəz, meyvə, üzüm, paxlalı və bostan bitkiləri yetişdirilir. Sahibkarlığa geniş meydan açıldıqca insanların əməyə həvəsi, çöllərin isə barı-bərəkəti artır.
Ötən ilin göstəriciləri də dediklərimizi təsdiqləyir. 2012-ci ildə Şərurda 28 min 230 ton taxıl, 9774 ton kartof, 1510 ton paxlalı, 2125 ton qarğıdalı, 76,3 ton günəbaxan, 19 min 454 ton tərəvəz, 17 min 971 ton meyvə, 1401 ton üzüm, 5218,2 ton bostan məhsulları istehsal edilmişdir.
Rayonda heyvandarlığa olan marağın nəticəsidir ki, qaramalın sayı 33 min 150, davarın sayı 115 min 790, quşların sayı 229 min 950 başa çatdırılmışdır. Ət, süd, yumurta və yun istehsalının göstəriciləri də yüksəlmişdir. 2012-ci ildə rayon üzrə 5970 ton ət (diri çəkidə), 26 min 190 ton süd, 178,1 ton yun, 20 milyon 100 min ədəd yumurta istehsal olunmuşdur. İstər bitkiçilik, istərsə də maldarlıq məhsullarının çoxalması nəzərə alınaraq rayonda 400 tonluq soyuducu anbar tikilib istifadəyə verilmiş, emal müəssisələri yaradılmışdır.

Şərurda arıçılığın inkişafına da diqqət yetərincədir. Rayonda arıçılıqla məşğul olan 278 təsərrüfatda 8360 arı ailəsi saxlanılır. Təkcə keçən il 151 ton bal istehsal edilmişdir ki, bu da əvvəlki ilin göstəricisini 22 ton üstələmişdir. 
Bu gün də hansı səmtə yolun düşsə, orada qızğın iş getdiyinin şahidi olarsan. Hələlik rayonda 260 hektara yazlıq arpa, 742 hektara kartof, 1562 hektara tərəvəz, 603 hektara qarğıdalı, 29 hektara günəbaxan, 468 hektara bostan və 2990 hektara yem bitkiləri əkilmişdir. Hazırda yaz əkinləri davam etdirilməklə yanaşı, becərmə və suvarma işləri də görülür. Taxıl sahələrində birinci suvarma başa çatdırılmış, alağa qarşı herbisid vurulur. Zəif sahələrə isə azot gübrəsi verilir.
Yeri gəlmişkən qeyd edək ki, ötən ilin payızında bu ilin məhsulu üçün 7312 hektar sahədə buğda və 113 hektar sahədə arpa əkilmişdir. Rayonda taxıl səpinində akademik Cəlal Əliyevin yetişdirdiyi yeni toxum sortlarından istifadə edilir. Bu toxumlardan istifadə nəticəsində sahələrin hər hektarından azı 40-45 sentner məhsul götürmək mümkündür.
Keçən ilin payızının və builki qışın yağmurlu və mülayim keçməsi taxıl sahələrində yaxşı çıxış alınmasına münbit şərait yaratmışdır. Əvvəlki illərlə müqayisədə taxıl daha tez – fevral ayında inkişaf fazasına keçmişdir.
Torpaq sahibkarları və fermerlər taxıl biçininə də indidən hazır­laşırlar. Bütün texnikalar baxışdan keçirilərək təmir olunur və saz vəziyyətə gətirilir. Şərurlular əmindirlər ki, çəkdikləri zəhmətin əvəzində bu il də yüksək göstəricilərə nail olacaqlar. Bunun üçün torpaq mülkiyyətçiləri işə ürəkdən can yandırır və çalışırlar ki, ərzaqla nəinki özlərini təmin etsinlər, həm də muxtar respublika paytaxtının bazarlarına istənilən qədər məhsul çıxara bilsinlər.

 Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR