22 Dekabr 2024, Bazar

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən 2006-cı il martın 26-da qəbul edilmiş qətnaməyə əsasən, hər il may ayının 17-si “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd edilir.
İnformasiya cəmiyyəti anlayışı ictimai həyatın bütün sahələrində, cəmiyyətin və şəxsiyyətin həyat fəaliyyətində informasiyanın rolunun durmadan artırılmasını nəzərdə tutur. İnformasiya cəmiyyətində əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.
Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biridir. İnformasiya cəmiyyətinin hüquqi əsaslarının hazırlanması, elektron hökumətin, elektron ticarətin və vahid milli elektron informasiya məkanının formalaşdırılması, müasir informasiya-kommunikasiya infra­strukturunun yaradılması, informasiya təhlükəsizliyinin təmini kimi vacib məsələlər informasiya cəmiyyətinin formalaşmasının əsas tərkib hissəsi hesab olunur.

Ümummilli lider Heydər Əliyev 2003-cü ilin fevral ayında respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etmiş, Milli Strategiyanın qəbulundan ötən müddət ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilmişdir. Rabitə və informasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı kimi ilk dəfə olaraq İsveçrənin Cenevrə şəhərində keçirilən informasiya cəmiyyəti üzrə dünya sammitində iştirak etmişdir. Qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyətinin, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ilə bağlı olmasını nəzərə alan ölkə başçısı informasiya-kommunikasiya texnologiyaları sahəsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Mən informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm”.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlər görülür. Son illər həyata keçirilən Dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş, bu il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikasında da informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması zəruri məsələlərdən birinə çevrilmişdir. Qəbul edilmiş Dövlət proqramlarına uyğun olaraq, informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, rəqəmsal yayımın təşkilinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanı elektron hökumətin formalaşması ilə bağlı muxtar respublikada görülən işləri daha da sürətləndirmişdir. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fərmanın müvafiq bənd­lərinin icrası ilə əlaqədar artıq 76 dövlət təşkilatına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Həmçinin nazirlik tərəfindən 34 dövlət orqanı tərəfindən göstərilən elektron xidmətlərin reqlamentləri hazırlanaraq təsdiq edilmiş, reyestr kodları verilmiş və həmin orqanların internet saytlarında yerləşdirilmişdir.
Muxtar respublikada “Elektron İmzanın Sertifikat Mərkəzi”nin və “Elektron hökumət” portalının “Data Mərkəzi”nin də layihələri hazırlanmış, “Elektron hökumət” portalı yaradılmışdır. Əlavə olaraq, muxtar respublikada “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq, 82 poçt şöbə və bölməsinin avtomatlaşdırılması və mərkəzi server avadanlıqlarının quraşdırılması işləri başa çatdırılmışdır. Ötən ilin fevral ayından rəqəmsal televiziyanın yayımına başlanılmış, muxtar respublikanın əsas yaşayış ərazilərinin təxminən 40 faizində 12 televiziya kanalının rəqəmsal formatda yayımı təmin edilmişdir. Bütün bunlar elektron hökumət və informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir.
Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 89 faizi optik şəbəkəyə birləşdirilmişdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Bununla yanaşı, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Sədərək-Ordubad arası yeni böyük tutumlu fiber-optik kabel xəttinin tikintisinə başlanmışdır. Ümumilikdə, muxtar respublika üzrə fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 674 kilometrə çatdırılmış, fiber-optik telekommunikasiya şəbəkəsinin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını xeyli artırmışdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompyuterlərin 83 faizi internetə qoşulmuş, internet xidmətlərinin tarifləri aşağı salınmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 80 faizində simsiz internet, 65 faizində isə genişzolaqlı internet xidmətləri göstərilir. Statistik məlumatlara əsasən, muxtar respublikada kompyuterdən istifadə edənlərin sayı 300 mindən, internetdən istifadə edənlərin sayı isə 344 mindən artıqdır.
Muxtar respublikada digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyalarının inkişafında da ardıcıl tədbirlər görülməkdədir. 2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm kəndini, ötən ilin mart ayında isə Şərur və Sədərək rayonlarını əhatə edən, ən müasir 3G rabitə xidmətlərinin göstərilməsinə imkan yaradan Yeni Nəsil Telekommunikasiya (NGN) Sisteminin istifadəyə verilməsi bu sahədə görülən işlərin daha bir nümunəsidir. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Qeyd edək ki, NGN texnologiyası istifadəçilərə İP-TV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, çoxlu sayda digər servis xidmətlərindən də istifadə imkanı verir. Hazır­da muxtar respublika ərazisində 3 GSM mobil operatoru və 1 CDMA simsiz rabitə şəbəkəsi fəaliyyət göstərir. Rəsmi statistikaya əsasən, 1 aprel 2013-cü il tarixə əhalinin hər 100 nəfərinə düşən mobil telefonlarının sayı 103-ə, hər yüz ailəyə düşən telefon aparatlarının sayı isə 67-yə çatmışdır.

İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Odur ki, muxtar respublikada informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR