Ulularımız torpağa həmişə müqəddəs varlıq, ruzi, bərəkət yeri kimi baxıblar. Çünki bu qiymətli sərvət öz üzərində insan yaşayışı üçün lazım olan nemətləri yetirir. Taxıl isə bu nemətlərin şahıdır. Bəs torpaq nə vaxt gözəl olur, cazibədar görünür? Təbii ki, insan qayğısı görəndə, insan nəfəsi duyanda, yaşıl libası, gülzarlığı çox olanda, sinəsində büllur sular axanda, ən başlıcası isə qızılı sünbüllü taxıl ərsəyə gətirəndə...
Bir vaxtlar cadar-cadar olan torpaqlar neçə illərdir ki, bərəkət xonçasını tutub. İndi muxtar respublikada, hər şeydən əvvəl, taxılın, çörəyin bolluğu yaradılıb. Artıq əhalinin çörəyə olan tələbatı yerli imkanlar hesabına ödənilir. Bunun üçün münbit şərait və möhkəm maddi-texniki baza vardır. Ata-babalarımız həmişə bu müqəddəs nemətə üstünlük veriblər, taxıl, çörək bolluğu yaradıblar. Taxılı bol olan vətən basılmaz, – deyiblər. Lakin nə vaxt ki, insanlar torpaqdan uzaq düşüblər, müqəddəs nemətin əkilib-becərilməsinə laqeyd münasibət göstəriblər, onda qıtlıq yaranıb, əhalinin gün-güzəranı pisləşib.
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri çoxumuzun yaxşı yadındadır. Bir parça çörək əldə etmək müşkül məsələyə çevrilmişdi. Çörək mağazalarında uzun növbələr vardı. Belə vaxtlarda hətta çörəyin çəkisi, keyfiyyəti də çoxlarını maraqlandırmırdı. Təki bir parça çörək olsun.
Bu gün fəxrlə demək olar ki, həmin çətin günlər arxada qalıb. Təkcə bir faktı qeyd edək ki, ötənilki mövsümdə muxtar respublikamızda 31579 hektar zəminin məhsulu biçilib, 94117 ton məhsul istehsal edilib. Bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Bu il isə 31 min 632 hektar sahədən taxıl yığılır. Bunun da 22 min 268 hektarı buğda, 9 min 364 hektarı isə arpadır.
Məlumat üçün bildirək ki, bu il də taxıl tədarükü kampaniyasına hərtərəfli hazırlıq işləri aparılıb. Odur ki, biçin mütəşəkkil qaydada həyata keçirilir, fasilələrə yol verilmir. Taxıl biçini kampaniyasına 92 taxılbiçən kombayn, 125 lafet, 250 presvuran, 80 yükünüözüboşaldan avtomaşın saz vəziyyətə gətirilib. Həmin kombaynların 22-si “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 70-i isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır. Taxıl biçinində iştirak edəcək kombaynların, maşın və mexanizmlərin ahəngdar işləməsini təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri ehtiyat hissələri də alınıb gətirilib. Bundan başqa, həmin texnikalar üçün lazım olan ehtiyat hissələr Naxçıvan şəhərindəki satış bazarı mağazalarında da mövcuddur.
Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı kombaynçılar arasında maarifləndirmə tədbirləri də aparılıb, bütün kombaynlar yanğınsöndürmə balonları ilə təchiz edilib.
Bu gün muxtar respublikamızın bütün bölgələrində taxılın əkilib-becərilməsində mütərəqqi metodlara üstünlük verilir. Qədim əkinçilik diyarı olan Şərur rayonunda da bu istiqamətdə müvafiq işlər görülür. Ötən il Şərurda 7 min 637 hektar taxıl zəmisindən 24 min 117 ton məhsul tədarük edilib. Bu da hər hektardan orta hesabla 31,6 sentner məhsuldarlıq deməkdir. Bu il rayonda bol məhsul yetişdirilib. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon bazasının kollektivi taxıl biçinində mütəşəkkillik nümunəsi göstərir.
Babək rayonunun taxılçıları da min bir zəhmətlə zəmilərdə bol məhsul yetişdiriblər. Rayonun taxılçıları ötən il 9 min 167 hektar sahədən 28 min 587 ton məhsul əldə ediblər. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Babək rayon bazasının kollektivi də taxıl biçininə vaxtında hazırlıq işləri aparıb. Odur ki, bu rayonda elin varı, müqəddəs nemət olan taxıl həvəslə yığılır, bunkerlər dolub-boşaldıqca kəndlinin də üzü gülür. Məhsulun bolluğu isə iqtisadi səmərə deməkdir. Həm çörək bolluğu yaranır, həm də heyvandarlığın yem bazası təmin edilir.
Yarımca Babək rayonunda taxılçılıqla geniş şəkildə məşğul olunan yaşayış məntəqələrindən biridir. Bu il kənddə 450 hektarda taxıl yetişdirilib. İndi əsas diqqət məhsulun vaxtında və itkisiz toplanmasına yönəldilib. Hələlik zəmilərə iki kombayn çıxarılıb. Hər hektardan orta hesabla 30 sentnerdən yuxarı sarı kəhrəba götürülür. Kənddə taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərindən biri Elsevər İsmayılovdur. Onun əldə etdiyi nəticə daha yüksəkdir. Belə ki, hər hektardan 35 sentner taxıl əldə edən mülkiyyətçi bunu son hədd hesab etmir. O, payızlıq taxıl əkini üçün indidən keyfiyyətli toxumluq material da tədarük edir. Məqsəd isə gələcəyin bol məhsulu üçün əsaslı zəmin yaratmaqdan ibarətdir.
Yarımca kəndində Arif Cəfərovu təcrübəli təsərrüfatçı kimi tanıyırlar. O, taxıl əkini sahələrini ilbəil genişləndirir, mütərəqqi metodlara üstünlük verməklə məhsuldarlığı artırır. Builki mövsümdə Arif Cəfərov yetişdirdiyi 67 hektar taxıl sahəsindən məhsul yığır. Təcrübəli təsərrüfatçının əldə etdiyi nəticələr də sevindiricidir. Belə ki, o, hər hektardan orta hesabla 45 sentner sarı kəhrəba əldə edir.
Uzun illərdir ki, Hacıvar kəndində Darıdağ taxıl emalı müəssisəsi fəaliyyət göstərir. Bu müəssisənin səmərəli fəaliyyəti taxıl əkib-becərən insanların ürəyincədir. Belə ki, onlar istehsal etdikləri taxılı buraya gətirir, qısa müddətdə üyüdüb un halına salır, kəpəyindən isə yem kimi istifadə edirlər. Müəssisə taxıl qəbuluna tam hazır vəziyyətə gətirilib və qısa müddətdə burada 20 tondan artıq taxıl üyüdülüb.
54 yaşlı Hacıvar kənd sakini Telman Bayramov əvvəllər sürücü işləyib. Aqrar islahatlar həyata keçiriləndən sonra özünün ailə təsərrüfatını yaradıb. O, uzun illərdir ki, taxılçılıq, kartofçuluq, bostançılıq və tərəvəzçiliklə məşğul olur. Builki mövsümdə 5 hektar sahədə taxıl, 2 hektarda bostan məhsulları, 0,5 hektarda isə kartof yetişdirib. Becərmələr aqrotexniki qaydalar əsasında həyata keçirildiyindən məhsuldarlıq da yüksəkdir.
Bəli, bu gün muxtar respublikada taxıl biçini mütəşəkkil qaydada aparılır. Məlumat üçün bildirək ki, 24 iyul tarixə Şərur rayonunda 3516, Babəkdə 9697, Ordubadda 1439, Culfada 5028, Kəngərlidə 4001, Şahbuzda 802, Sədərəkdə 2168, Naxçıvan şəhərində 799 hektar sahənin məhsulu toplanılıb. Ən yüksək məhsuldarlıq Şərur rayonunda qeydə alınıb: 31,9 sentner.
Taxılın bolluğu uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsi, muxtar respublikamızda əhalinin gün-güzəranının yaxşılaşmasına səbəb olan amillərdəndir.
Məhəmməd FƏRƏCOV
Naxçıvan Dövlət Radiosunun baş redaktoru