Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Müslüm Cabbarzadə açıb.
Bildirilib ki, muxtar respublikamızda mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində müvafiq dövlət siyasətinin daha da təkmilləşdirilməsi torpaq və əmlak münasibətlərinin inkişafını yeni mərhələyə yüksəldib. Bu baxımdan əmlak və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi komitə əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılıb.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanına uyğun olaraq Naxçıvan şəhərinin 1-ci sahə inzibati ərazi dairəsində, Şərur rayonunun Yengicə və Təzəkənd yaşayış məntəqələrində daşınmaz əmlak obyektlərinin plana alınması işləri başa çatdırılıb, Naxçıvan şəhərinin 2-ci və 3-cü sahə inzibati ərazi dairələrində də bu işlər davam etdirilib, Şərur rayonunun Düdəngə kəndində planaalma işlərinə başlanılıb. Görülmüş işlərin nəticələri mütəxəssislər tərəfindən yerində yoxlanılıb, aşkar olunan uyğunsuzluqlar araşdırılaraq aradan qaldırılıb. 6 ay ərzində Naxçıvan şəhəri üzrə 4216, Şərur rayonu üzrə 878 daşınmaz əmlak obyekti plana alınıb.
Diqqətə çatdırılıb ki, “Bələdiyyələrin dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq Naxçıvan şəhər inzibati ərazi vahidinə daxil olan bütün bələdiyyələrin, Ordubad rayon inzibati ərazi vahidinə daxil olan Aşağı Əylis, Yuxarı Əylis, Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kələki, Unus, Dəstə, Dırnıs, Vənənd, Gənzə, Vələver, Nüsnüs, Xanağa, Düylün və Çənnəb bələdiyyələrinin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri hazırlanaraq Bələdiyyələrin Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilib. Rayonun Aza, Azadkənd, Üstüpü, Bist, Parağaçay, Xurs, Sabirkənd, Gilançay, Biləv, Nəsirvaz, Parağa, Qoşadizə, Tivi, Şəhriyar və Ordubad bələdiyyələrinin, Culfa rayonunun isə Ərəzin, Teyvaz, Camaldın, Dizə, Kırna, Yaycı, Ləkətağ, Şurud, Ərəfsə və Saltaq bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılıb. Bununla yanaşı, Şərur rayonunun 19, Babək rayonunun 25 bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq kadastr xəritələri hazırlanıb, buradakı məlumatlar ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılıb və uçotu aparılıb.
Komitə sədri vurğulayıb ki, cari ilin ilk 6 ayı ərzində muxtar respublika üzrə 1036 torpaq sahəsi, 39 qeyri-yaşayış binası, 41 qeyri-yaşayış sahəsi, 436 mənzil, 873 fərdi yaşayış evi, 7 əmlak kompleksi olmaqla, cəmi 2432 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. 172 girov qeydi aparılıb, yüklülüyə dair 1671 arayış verilib, 71 sorğu-məktub cavablandırılıb. Hesabat dövründə mülkiyyət hüquqlarının dövlət qeydiyyatının alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün 5195 ərizə qəbul edilib, muxtar respublikanın 46 yaşayış məntəqəsində 404 müraciətə baxılıb. Daxil olmuş müraciətlər əsasında 1873 texniki sənəd hazırlanıb. Bundan əlavə, 2017-ci ilin I yarımili ərzində muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 410 daşınmaz əmlak obyektinə ünvan verilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə komitənin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və aqrokimya ixtisasında təhsil alan tələbələrlə görüşlər keçirilib, tələbələrin komitədə təcrübə keçməsi təmin edilib, 2 tələbə yay tətili dövründə komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunda işə götürülüb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə yekun vurub.
Səbuhi HƏSƏNOV