Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar cari ilin ilk altı ayı ərzində də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Hesabat dövrünün ən mühüm hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəb binasının, Culfa və Şahbuz rayonlarının mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılış, Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimlərində iştirak etmiş, muxtar respublikada aparılan irimiqyaslı tikinti-quruculuq tədbirlərini yüksək qiymətləndirərək demişdir: “Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
Cari ilin yanvar-iyun aylarında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 208 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 2686 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,5 faizlik payla sənaye tutmuş və maddi istehsalın payı 57,8 faiz təşkil etmişdir.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında sənaye məhsulunun həcmi 1,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2 faiz, o cümlədən mobil rabitə xidməti 1,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,7 faiz, ixracın həcmi 1,3 faiz, əhalinin gəlirləri 1,1 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
**) yanvar-may ayları
Sənaye
Muxtar respublikada son dövrlər aparılan uğurlu sənayeləşmə prosesi və yeni məhsul növlərinin istehsalının təmini bu sahənin dinamik inkişafını sürətləndirmişdir.
2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 523 milyon 693 min 400 manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 23 milyon 250 min 700 manatlıq, qeyri-dövlət sektorunda isə 500 milyon 442 min 700 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 95,6 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının dinamikası, min manat
2017-ci ilin ilk yarımilində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 23 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmışdır. Hazırda 28 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, cari ilin yanvar-iyun aylarında 150 milyon 610 min 600 ABŞ dolları dəyərində məhsul ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir. 2017-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, təlim-tədris mərkəzinin, tibb və texniki qulluq məntəqələrinin, avtomobil dayanacağının, anqarın tikintisi, sərhəd dəstəsi binasının yenidən qurulması davam etdirilmişdir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında infrastruktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Şərur rayonunda “N” hərbi hissədə infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Babək rayonunda anqarın tikintisi başa çatdırılmış, Culfa rayonunda dörd, Şahbuz rayonunda iki anqarın, Babək rayonunda texniki istismar hissəsinin tikintisi davam etdirilir.
Şərur rayonunda əsgər yeməkxanasının tikintisi, qərargah binasının və əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2017-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 536 milyon 605 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 506 milyon 910 min manatı və ya 94,5 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 78 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 134 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər 2017-ci ilin yanvar-iyun aylarında da davam etdirilmiş, 3 kənd mərkəzi istifadəyə verilmişdir. 8 kənd mərkəzində tikinti işləri davam etdirilir.
Muxtar respublikada iki yaşayış binasının tikintisi, bir yaşayış binasının yenidən qurulması başa çatdırılmış, iki yaşayış binasının tikintisi, beş yaşayış binasının yenidən qurulması, bir yaşayış binasının əsaslı təmiri davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2017-ci ilin ilk yarımilində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 235 min 320 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 1,1 faiz çoxdur.
Naxçıvan şəhərində və Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun, Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilmişdir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır.
2017-ci ilin məhsulu üçün 61 min 531 hektar sahədə əkin aparılmışdır ki, bu da 2016-cı ilin məhsulu üçün əkilmiş sahədən 5 hektar çoxdur.
Cəmi əkin sahələri, hektarla
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrant hesabına Naxçıvan Muxtar Respublikası “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları – 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtrtəmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar təqdim olunmuşdur. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2017-ci ilin məhsulu üçün 31632 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30320 hektarı payızlıq, 1312 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 22268 hektarında buğda, 9364 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 53 hektar artmışdır. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2017-ci ildə 3183 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2016-cı ildə əkilmiş sahədən 130 hektar çoxdur.
2017-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı istiqamətində də tədbirlər görülmüş, Kəngərli rayonunda 9 hektar sahədə tütün əkini aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Cari ilin ötən dövründə üzümçülüyün inkişafı istiqamətində yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması üçün tinglərin becərilməsinə başlanılmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 143 ədədi 2017-ci ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında əvvəlki dövrlərdə gətirilənlərlə birlikdə 152 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 7 ədədi nağd yolla satılmışdır. Bu dövr ərzində məhsul istehsalçıları 5293 ton mineral gübrə ilə təmin olunmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmışdır. Cari ilin ilk yarımilində 8 heyvandarlıq təsərrüfatı yaradılmış, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 851 min 700 manat həcmində kredit verilmişdir.
Ötən dövr ərzində süni mayalandırma istiqamətində tədbirlər həyata keçirilmiş, bu sahənin maddi-texniki bazası gücləndirilmişdir. 2017-ci ilin ilk yarımilində muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 5615 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 3806 baş sağlam bala alınmışdır. 1 iyul 2017-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 120 min 7 baş, qoyun və keçilərin sayı 754 min 667 baş olmuşdur ki, bu da 1 iyul 2016-cı il tarixə olan göstəricilərdən müvafiq olaraq 1,6 və 1,9 faiz artıqdır.
2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 11550 ton ət, 47694 ton süd istehsal olunmuşdur ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 2,3 və 1,3 faiz çoxdur.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 2 quşçuluq təsərrüfatı yaradılmışdır. Hazırda 3 quşçuluq təsərrüfatının yaradılması davam etdirilir.
Muxtar respublikada arıçılığın inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2017-ci ilin ilk yarımilində bu sahədə müvafiq tədbirlər görülmüş, təsərrüfat subyektlərinə 15 min manat həcmində kredit verilmişdir.
Cari ilin ilk yarımilində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 1 milyon 206 min 300 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur.
2017-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 3,1 faiz çox, yəni 122 milyon 439 min 800 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatının ümumi məhsulu, min manat
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2017-ci ilin ilk yarımilində muxtar respublikadan 40 milyon 47 min 200 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Culfa rayonu ərazisində və Şahbuz rayonunun Kiçikoba kəndində suvarma boru xətlərinin tikintisi, Şərur rayonunun Alışar və Qışlaqabbas, Babək rayonunun Hacıvar kəndlərində və Babək qəsəbəsində qapalı drenaj xətlərinin çəkilişi, Şərur rayonunda Arpaçayda, Babək rayonunda Cəhriçayda, Naxçıvançayda və Qahab selovunda istiqamətləndirici bəndlərin tikintisi başa çatdırılmışdır. Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin, Şərur rayonunun Yuxarı Aralıq kəndində suvarma kanalının tikintisi, Kəngərli rayonunun Böyükdüz kəndində suvarma boru xəttinin bərpası, Şərur, Babək və Sədərək rayonlarında kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, Naxçıvan şəhərinin Qaraçuq kəndində qapalı drenaj, Babək rayonunun Hacıvar kəndində açıq drenaj xətlərinin çəkilişi, Uzunoba Su Anbarına sugətirici kanalın təmiri davam etdirilir.
Muxtar respublikada 7 kəhrizin təmiri başa çatdırılmış, 5 kəhrizin təmiri hazırda davam etdirilir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində də tədbirlər görülmüş, cari ilin ötən dövründə 273,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 196 min 400 ədəd ağac və bəzək kolları əkilmişdir.
Nəqliyyat, informasiya və rabitə, energetika
İqtisadiyyatın aparıcı sahəsi olan nəqliyyatın inkişafı istiqamətində muxtar respublikada ardıcıl tədbirlər görülmüşdür. Cari ilin ilk yarımilində Kəngərli rayonunun Qıvraq qəsəbəsində daxili yolun, Şərur rayonunun Ələkli, Yuxarı Aralıq və Aşağı Aralıq, Babək rayonunun Payız, Kəngərli rayonunun Qarabağlar, Culfa rayonunun Dizə, Şahbuz rayonunun Badamlı kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərində yerüstü piyada keçidinin və 400 yerlik avtomobil parkının tikintisi, Naxçıvan şəhəri Xətai məhəlləsi-Şıxmahmud-Xəlilli avtomobil yolunun, Şərur rayonunun Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli avtomobil yolunun, Kəngərli rayonunun Qıvraq-Şahtaxtı avtomobil yolunun, Babək rayonunun Payız kəndində körpünün yenidən qurulması davam etdirilir.
Babək rayonunun Payız kəndində, Ordubad rayonunda Sabirkənddə və Ordubad şəhərində avtomobil yollarında istinad divarlarının, Babək rayonunun Payız kəndində və Kəngərli rayonunun Qarabağlar kəndində selötürücülərin, Şahbuz şəhərinin daxili avtomobil yollarında su kanallarının tikintisi davam etdirilir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan-Ərzurum avtobus marşrutu fəaliyyətə başlamışdır.
Culfa stansiyasında İstismar Vaqon Deposunun, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri, Naxçıvan Beynəlxalq Hava Limanının karqo terminalının yenidən qurulması davam etdirilir.
2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,9 faiz, sərnişin daşınması 2,3 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 26 milyon 3 min 500 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,9 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir.
Cari ilin ilk yarımilində Naxçıvan şəhərində 17 nömrəli yeni poçt bölməsi yaradılmış, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Arpaçay kəndlərində yeni poçt bölmələri istifadəyə verilmiş, Çəmənli kəndində poçt bölməsi yeni binaya köçürülmüşdür. Ordubad rayonunda rabitə evinin tikintisi davam etdirilir.
Naxçıvan şəhərinin Tumbul kəndində avtomat telefon stansiyası yeni binaya köçürülmüş, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərinin hər birində 384 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmışdır.
Babək rayonunun Cəhri və Nehrəm kəndlərində, Culfa rayonunun mərkəzi və Əbrəqunus kəndindəki avtomat telefon stansiyalarının hər birində 1 ədəd DSLAM avadanlığı quraşdırılaraq əhalinin genişzolaqlı internet xidmətindən istifadəsi təmin edilmişdir.
Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası istiqamətində 41 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir.
2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 1297 ədəd yeni telefon şəbəkəyə qoşulmuş, 1 iyul 2017-ci il tarixə hər yüz ailəyə 72 telefon aparatı, hər yüz nəfərə 104 mobil telefon düşmüşdür.
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2016-cı ilin müvafiq dövründəki göstəricini 2 faiz üstələyərək 25 milyon 144 min manat olmuşdur. Ümumi xidmətlərin 82,4 faizi mobil rabitənin payına düşmüşdür. Mobil rabitə xidmətlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
2017-ci ilin ilk yarımilində Ordubad rayonunda gücü 36 meqavat olan Ordubad Su Elektrik Stansiyasının tikintisi, Babək rayonunun Xal-xal kəndi ərazisindəki 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının gücünün daha 2 meqavat artırılması üzrə tədbirlər davam etdirilmişdir.
Muxtar respublikada 19,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 7 ədəd transformator yarımstansiyası quraşdırılmışdır.
1 iyul 2017-ci il tarixə muxtar respublikada 85 min 238 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.
2017-ci ilin ilk yarımilində muxtar respublikada sahibkarlara 1 milyon 814 min manat həcmində kreditlər verilmişdir. Bu dövr ərzində 24 hüquqi və 1158 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 371 növdə məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq, 250 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 1,1 faiz artaraq 819 milyon 988 min 100 manata, onun hər bir nəfərə düşən həcmi isə 1822,6 manata çatmışdır. Cari ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 414,1 manat təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 2,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır.
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 1302 yeni iş yeri yaradılmışdır ki, bunun da 1273-ü və ya 97,8 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq cari ilin ötən dövründə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, xalçaçı, elektrik montyoru, qaz avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, bərbər, aşpaz köməkçisi və dayə peşələri olmaqla, ümumilikdə, 231 nəfər peşə kurslarına cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində cari ilin ötən dövrü ərzində 1646 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 767 milyon 784 min 100 manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərində xidmət mərkəzləri istifadəyə verilmişdir. Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Qarahəsənli, Ələkli və Ərəbyengicə, Babək rayonunun Payız və Gərməçataq, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində xidmət mərkəzlərinin inşası davam etdirilir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 203 milyon 822 min 200 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 190 milyon 657 min 800 ABŞ dollarını ixrac, 13 milyon 164 min 400 ABŞ dollarını idxal təşkil etmiş və 177 milyon 493 min 400 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsinə, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuş, məxaricdə emissiyanın xüsusi çəkisi 2016-cı ilin müvafiq dövründəki 45,1 faizdən azalaraq 36,3 faiz təşkil etmişdir.
1 iyul 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 60764-ə çatmışdır ki, bunun da 51631-i və ya 85 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-iyun aylarında açılmış 17611 bank hesabının 17553-ü aktiv hesablar olmuşdur.
1 iyul 2017-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1250-yə çatmışdır.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 3713 min manat olmaqla, bir il öncəki göstəricini 27,1 faiz üstələmişdir.
Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi və Naxçıvan Müəllimlər İnstitutu üçün korpusların tikintisi davam etdirilir.
Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Naxçıvan şəhərinin Tumbul kəndində 376 şagird yerlik 13 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380 şagird yerlik, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Ərəbyengicə, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Ələkli və Qarahəsənli, Babək rayonunun Payız və Gərməçataq kəndlərində məktəb binalarının yenidən qurulması hazırda davam etdirilir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224 yerlik uşaq bağçası binasının tikintisi başa çatdırılmışdır. Şərur rayonunun Ələkli kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” muxtar respublikada bu kateqoriyadan olan uşaqların təhsilinin təmin edilməsində və onların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyətə malikdir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə kəndində həkim ambulatoriyası binasının tikintisi hazırda davam etdirilir.
Sosial layihələr çərçivəsində 2017-ci ilin ilk yarımilində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 375 cərrahi əməliyyat, o cümlədən 7 xəstədə açıq ürək, 41 xəstədə göz və 327 xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır.
2017-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 998 min 623 manat həcmində ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, ötən dövrdə muxtar respublikada 15 aztəminatlı ailənin hər birinə fərdi təsərrüfatlarını qurmaq üçün “Simmental” cinsli inəklər verilmişdir.
Bu dövr ərzində 246 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 133 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 142 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 40 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 182 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 55 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur. Hesabat dövründə 19 nəfərin ölkə daxilində müalicəsinə, 22 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir. Bundan əlavə, cari ilin ötən dövründə sağlamlıq imkanları məhdud 60 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahəti təmin olunmuşdur.
Məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində “Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzinə xüsusi nəqliyyat vasitəsi və texniki reabilitasiya avadanlıqları təqdim olunmuşdur.
Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar demoqrafik vəziyyətin daha da yaxşılaşmasını təmin etməkdədir. Belə ki, cari ilin may ayının 4-də muxtar respublikanın 450 mininci sakini dünyaya göz açmışdır. Bu münasibətlə Doğum Mərkəzində tədbir keçirilmiş, yeni doğulan körpənin valideyninə mükafat və hədiyyələr təqdim olunmuşdur. Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynamış, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4 min 200 nəfər artaraq 1 iyun 2017-ci il tarixə 450 min 400 nəfəri ötmüşdür.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk yarımilində pensiya və müavinətlərin ödənilməsinə bir il öncəyə nisbətdə 4,2 faiz çox, yəni 33 milyon 199 min manata yaxın vəsait yönəldilmişdir.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Cari ilin ötən dövrü ərzində “Xatun” Bədii Gimnastika Klubunun Şərur Olimpiya-İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan Uşaq Bərpa Mərkəzində filialları yaradılmışdır. Bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti, eləcə də yaşayış şəraiti nəzərə alınaraq gənc idmançı mənzillə təmin olunmuşdur.
Şərur rayonunun Dəmirçi kəndində stadion yenidən qurulmuşdur.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. İslam mədəniyyəti nümunələri ilə zəngin və bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan şəhəri 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş altıncı konfransında 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamı ilə elan olunmuş müsabiqədə seçilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin təqdimatı keçirilmiş, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində məscidin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının, Babək rayonunun Nehrəm kəndində İmamzadə tarixi abidəsinin, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilmişdir. Bu dövr ərzində Naxçıvan şəhərində yeni istirahət parkı istifadəyə verilmişdir.
Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, Naxçıvan Dövlət Televiziyasının rayonlarda xüsusi müxbir postları yaradılmış, dövlət radiosunun internet üzərindən yayımı təmin olunmuşdur.
Muxtar respublikada infrastruktur quruculuğu tədbirlərinin genişlənməsi, turizmin kompleks şəkildə inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlər, yeni turizm obyektlərinin istifadəyə verilməsi bu sahənin inkişafı üçün əlavə imkanlar açmışdır.
2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 195 min 495 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 4,2 faiz çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Cari ilin ötən dövründə muxtar respublikada təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerli istehsal olan 4 xidməti avtomobillə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binasının və təlim mərkəzinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının tikintisi başa çatdırılmış, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi hazırda davam etdirilir.
Aparılan təhlillər göstərir ki, muxtar respublikada həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ümumi inkişaf təmin edilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi