23 Dekabr 2024, Bazar ertəsi

Məlumdur ki, alış-veriş üçün keçirilən vaxt sosial həyatın mühüm tərkib hissələrindən biridir. Bu, hər bir insanın vacib istehlak tələbatlarının ödənilməsi ilə yanaşı, eyni zamanda asudə vaxt keçirməyin də bir yoludur. Elə bu məqsədlə hər gün çox sayda insan dükan, bazar və marketlərə üz tutur, ticarət xidmətlərindən istifadə edir. Şübhəsiz, cəmiyyətin bütün sahələrində olduğu kimi, ticarət xidmətləri sahəsində də müasirləşmə, son nəticədə, hər birimizin rifahının göstəricisidir. 

Hər bir insanın ömür uzunluğu, təhsil və mədəni səviyyəsi ilə yanaşı, əhatə olunduğu xidmətlərin sayı və keyfiyyəti də onun yaşayış səviyyəsini müəyyənləşdirən mühüm şərtlərdən sayılır. Belə xidmətlər sırasında ticarət xidmətləri həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib.
Tarixən ticarət xalqımızın mühüm iqtisadi fəaliyyət növündən biri olub. Azərbaycanlı tacirlər dünyanın naz-nemətini ölkəmizə gətirib, bu torpaqda hasilə gələn məhsulları isə ixrac ediblər. Qədim İpək Yolu üzərində Avropadan Çinə qədər hərəkət edən tacirlər Azərbaycan ərazisindən də keçib, yurdumuzun gözəlliyinə heyran qalıblar. Müasir dövrdə də ölkəmiz nəqliyyat imkanları, beynəlxalq ticarət əməliyyatları ilə dünyada özünü etibarlı tərəfdaş kimi tanıdaraq iqtisadiyyatını daha da möhkəmləndirib.

Müasir ticarət xidmətləri rəng­a­rəng və çoxçeşidlidir. Bütün dünyada olduğu kimi, muxtar respublikamızda da ticarət xidmətləri sürətlə modernləşir, insanları maraqlandıran yeniliklər burada tətbiq olunur. İstehlakçı maraqlarının qorunması, alıcılara seçim imkanlarının yaradılması və daha da artırılması, elektron ödəniş alətlərindən istifadəyə və onlayn ticarətə üstünlük verilməsi müasir dövr ticarətinə xas olan əsas tələblərdəndir. Ənənəvi Şərq bazarlarına xas olan qələbəlik və kənd təsərrüfatı məhsulu istehsalçıları üçün təşkil olunan həftəsonu yarmarkaları da Naxçıvan əhalisinin müxtəlif çeşidli ərzaq və təzə meyvə-tərəvəz məhsulları ilə təmin olunmasında mühüm rol oynayır. İndi insanlar daha alış-veriş edərkən əsəb gərginliyi deyil, göstərilən xidmətlərdən məmnunluq hissləri keçirirlər. Ancaq ötənlərə nəzər salsaq görərik ki, bir çox səbəbdən yaxın keçmişdə ticarət xidmətləri nəinki insanların rifahına xidmət edən bir sahə, tam əksinə, dırnaqarası işbaz­ların harda gəldi bazar açıb, alıb-aldatmaq meydanı olub.
Bir vaxtlar atomu, kosmosu ilə dünyaya meydan oxuyan keçmiş Sovetlər Birliyi dövründə insanların gündəlik rahatlığına hesablanmış müasir ticarət xidmətlərinin təşkili nədənsə yada düşmürdü. Keyfiyyətli istehlak mallarının qıt olduğu o dövrdə yarımqaranlıq, uçuq-sökük kənd dükanlarına, yaxud sanki alıcıların növbəyə durub mal alırmışlar kimi layihələndirilmiş geniş şəhər mağazalarına təzə mal gələn kimi müdir dərhal dost-tanışlarına xəbər göndərib gizlicə həmin malları satardı. Sadə camaat da rəflərdə toz basıb qalmış köhnə, qiyməti enmiş malları almaqla güzəranına şükür edərdi.
Ticarət xidmətlərində yaşlı və orta nəslin yaxşı xatırladığı “piştaxta altından satış” üsulunun geniş tətbiq olunduğu həmin dövr 1990-cı illərin əvvəllərində daha da arzu­edilməz hala gəlmişdi. Birdən-birə bazar iqtisadiyyatına keçidlə özünə varlanmaq fürsəti qazanmış, o dövrün təbirincə “alverçi” adlandırılan bir ovuc tacir dünyanın müxtəlif yerindən mənşəyi məlum olmayan hər cür ərzaq və qeyri-ərzaq məhsullarını daşıyıb daxili bazarı doldurar, onların birgünlük qazancından həvəslənən digər insanları, xüsusən uşaq və gəncləri də bu işə sövq edərdilər. Nəticədə, şəhər küçələrində karton qutuların üzərinə düzülmüş saqqızdan tutmuş dərman yeridilmiş toyuq buduna, dayanacaqlarda un kisələrinə doldurulmuş çörəkdən, elə buradaca asılmış kişi qalstuklarınadək hər şey satmaq və almaq mümkün idi. Hələ şəhərimizin bəzi yerlərindəki “cin” bazarlarını demirəm. Burada olan qeyri-leqal ticarətdən nə qədər adamın qısa müddətdə varlandığı, nə qədərinin isə, sözün əsl mənasında, soyulduğunu bir çoxumuz yaxşı xatırlayırıq. Bu barədə o dövr ziyalılarının ürək yanğısı ilə qələmə aldığı sözləri “Şərq qapısı” qəzetinin 10 yanvar 1996-cı il nömrəsindən də oxuyuruq. Qəzetin “Tək əldən səs çıxmaz” başlıqlı yazısında müəllif yazır: “Həqiqətən, son illər şəhərimizin siması adama heç də xoş gəlmir. Naxçıvan bir neçə il bundan qabaqkı şəhərə bənzəmir. Küçə-bacalar, xiyabanlar toz-torpaq, zir-zibil içərisindədir. Çox yerdə antisanitariya vəziyyəti hökm sürür. Şəhərdə gedən dağıntılar, parkların, xiyabanların, küçələrin bərbad vəziyyətə düşməsi, yaşıllıqların kor-koranə məhv edilib yerində komission mağazalarının və köşklərin yan-yana düzülməsinə, görəsən, kim cavabdehlik daşıyır? Əgər şəhərdaxili yollarda, küçələrdə hərə dəmir bir köşk qoyub alver edirsə, ətrafa yığın-yığın mer-meyvə qabığı, kağız-kuğuz, xarab olmuş tərəvəz kolları, kartof, kələm qalıqları atılırsa, onda hansı təmizlikdən danışmalıyıq? Əgər yollarda, məhəllələrdə nəzarətsiz ət kəsilirsə, mal-heyvanın qanı, zir-zibili ətrafa dağıdılırsa, kimi günahkar bilməliyik?”
Bir anlığa geri qayıdıb yenə həmin günlərə bir daha baxanda təkcə ticarət xidmətləri sahəsində nə qədər yol keçildiyinin şahidi oluruq. Müasir ticarət mərkəzlərimizdə əhaliyə nümunəvi xidmətlər göstərilməsi üçün hər cür şərait yaradılıb. Bir-birindən yaraşıqlı, geniş və işıqlı market və ixtisaslaşdırılmış mağazalar, təyinatına görə uyğun rəflərdə yerləşdirilmiş bol çeşiddə istehlak malları, lazım olan müxtəlif məhsulların rahat seçim imkanı, alış-veriş üçün tətbiq olunan elektron ödəniş alətləri və müştərilərlə gülərüz rəftarı ilə seçilən gözəl geyimli satıcılar müasir Naxçıvanda göstərilən ticarət xidmətlərinin ümumi portretini formalaşdırır. İndi şəhərimizdə əhalinin sıx şəkildə istifadə etdiyi, bir-birindən geniş və rahat şəraitə malik bir neçə böyük ticarət mərkəzi, müasir standartlara uyğun xidmətlərin təklif olunduğu çox sayda mağaza və marketlər, butik və köşklər həm naxçıvanlılara, həm də turistlərimizə nümunəvi ticarət xidmətləri göstərir. Hər gün yüzlərlə və hətta minlərlə alıcının axın etdiyi bu ticarət obyektlərində bütün işlərin qaydasında getməsi üçün yaradılmış komfortlu şərait, son nəticədə, insanların rifahında və sahibkarın uğurunda özünü göstərir.
Ötən dövrdə Naxçıvanda yaradılan kənd və xidmət mərkəzləri ölkəmizdə bu sahədə həyata keçirilən ən uğurlu layihələrdən biridir. Xüsusən kəndtipli yaşayış məntəqələrində dövlətin yaratdığı xidmət mərkəzləri sakinlərin nümunəvi ticarət xidmətləri ilə təchiz olunmasında mühüm modeldir. Çünki bir idarəetmə sahəsi kimi ticarət xidmətlərinin də dövlət tənzimlənməsinə ehtiyacı vardır. Xüsusən xidmətlərin komfort baxımından yüksək standartlar səviyyəsində qurulması, sığorta, təhlükəsizlik, istehlakçı hüquqlarının qorunması, dövlət büdcəsinə vergilərin cəlb olunması və digər məsələlərin pərakəndə ticarət xidmətlərinin təşkilində həlli dövlətin mühüm tənzimləmə funksiyalarındandır. Burada həyata keçirilən işlərin əsas məğzi isə hər bir insanın yaşadığı həyatdan zövq alması, ailə büdcəsinə, vaxta qənaət və alınan mallara zəmanətdir. Beləliklə, bazar iqtisadiyyatına xas olan “müştəri hər zaman haqlıdır” ifadəsini yaxşı mənimsəmiş müasir ticarət şəbəkəsi muxtar respublikamızda istehlakçı maraqlarının, onların rahatlığının həmişə üstün olduğu xidmətlər təklif edir.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR