23 Dekabr 2024, Bazar ertəsi

Aparılan tədqiqatlardan da məlum olduğu kimi, hələ miladdan 3 min il öncə qədim Naxçıvan diyarında yaşayan türk tayfalarının əsas məşğulluq sahələrindən biri də üzümçülük olub. Ona görə də uzun illərdən bəri qədim diyarda xalq seleksiyası nəticəsində çoxlu sayda qiymətli üzüm sortları yaradılaraq nəsildən-nəslə ötürülüb. İslam dininin qəbul edilməsinə qədərki dövrdə bu ərazidə süfrə üzümçülüyü ilə yanaşı, üzümdən, əsasən, şərab məhsullarının hazırlanmasına daha çox diqqət yetirildiyindən üzüm bağlarında texniki sortlar üstünlük təşkil edib. Lakin İslam dininin qəbul edilməsi ilə əlaqədar şərab məhsullarının istehsalı qadağan olunduğuna görə üzüm bağlarında daha çox süfrə sortlarının becərilməsinə başlanılıb. O dövrdə üzümdən müxtəlif spirtsiz məhsulların, həmçinin kişmiş və mövüc hazırlanmasında istifadə olunub, hətta belə məhsullar Yaxın Şərq ölkələrinə ixrac edilib. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılan və Naxçıvan ərazisindən tapılmış VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru bu diyarın yerli əhalisinin çox qədimdən üzümçülüklə məşğul olduğunu bir daha təsdiq edir.

Üzümçülük dünən və bu gün

Sovet dövründə, xüsusən 1969-1982-ci illərdə muxtar respublikada üzümçülük inkişaf etdirilsə də, 1985-ci ildən başlayaraq keçmiş sovet rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı “mübarizə” adı altında həyata keçirdiyi “tədbirlər” muxtar respublikamızda da üzümçülüyün inkişafına ciddi zərbə vurub. Bunun nəticəsi idi ki, artıq ötən əsrin 90-cı illərinin əvvəllərində hektarlarla üzüm bağları quru çölü xatırladırdı. İnsanların alın təri tökərək halal zəhmətlə çörək qazandıqları bağlar isə muxtar respublikaya mavi yanacaq axınının kəsilməsindən sonra məhv edilib, süfrə üzümü kolları qırılaraq yanacaq kimi istifadə olunub. Muxtar respublika əhalisi üçün əsas qazanc mənbəyi olan üzümçülüyün bir sahə kimi ləğv edilməsi əhalinin məşğulluğuna da böyük zərbə vurub, bağlarda və şərab zavodlarında çalışanların hamısı işindən məhrum olub. Çünki istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlər pozulub və nəticədə, bir sıra şərab istehsalı müəssisələri fəaliyyətini dayandırıb.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra bu sahəyə diqqət yenidən artıb. Ulu öndər üzümçülük və şərabçılığı müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün hüquqi bazanın yaradılması məqsədilə 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Qanunun tətbiq edilməsi barədə Fərman imzalayıb. Dahi şəxsiyyətin bu sahədə başlatdığı iş hazırda onun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında təsdiq olunan “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Pro­qramı” ölkəmizdə, eləcə də muxtar respublikamızda üzümçülük sahəsində dövlət siyasətinin və strategiyasının həyata keçirilməsində, müvafiq təşkilatların bu sahədəki işlərinin koordinasiyasının və sürətləndirilməsinin təmin edilməsində mühüm rol oynayır.
Həmin dövlət proqramı muxtar respublikada da üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini gücləndirir, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına əhəmiyyətli təsir göstərir. Onu da qeyd edək ki, 1995-ci ildən başlayaraq muxtar respublikada aborigen üzüm sortlarının kompleks şəkildə tədqiq olunması, qədim üzümçülük ənənələrinin bərpa edilməsi, üzümçülüklə məşğul olan təsərrüfatçıların yüksəkkeyfiyyətli, immunitetli, müxtəlif vaxtlarda yetişən və iqtisadi səmərəliliyi yüksək olan yeni sort və formalardan ibarət əkin materialları ilə təmin edilməsi öz bəhrəsini verməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sahənin, o cümlədən üzümçülüyün inkişaf etdirilməsində də mühüm rol oynayır. Bunun nəticəsində bu gün muxtar respublikada yüzlərlə hektar üzüm bağları salınıb, istehsal artırılıb. Qədim Naxçıvan diyarının torpaq-iqlim şəraiti burada dadı və tamı ilə seçilən müxtəlif üzüm məhsullarının dünya bazarlarına və sərgilərə çıxarılması, yüksək mükafatlara, diplomlara layiq görülməsi də bu baxımdan təsadüfi deyil.

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərurda üzümçülük inkişaf etdirilir

Bölgədə üzümçülüyün geniş sənaye miqyaslı inkişafının əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulub. Burada bir məqama toxunmaq yerinə düşər. Belə ki, Şərur rayonunda qədim zamanlardan üzüm becərilsə də, artıq sovet dövründə doğma torpağın səxavətinə bələd adamların arzusunun əksinə olaraq pambıq əkininə göstəriş verilmişdi. Ancaq Naxçıvanın iqlimi pambıqçılıq üçün əlverişli deyildi. Qozalar hasilə gəlib yığılmaq vaxtına çatanda soyuqlar düşür, məhsul zay olurdu. Üzümün isə yığımı sentyabr ayından başladığından məhsul vaxtında tədarük edilirdi. Bu mənada, 1969-cu ildən sonra ulu öndər Heydər Əliyevin göstərişi ilə üzüm plantasiyalarının salınması üçün qəbul edilən qərar şərurlulara böyük bir töhfə oldu. Sevə-sevə dədə-baba məşğuliyyətlərinə qayıdan kənd adamlarının gün-güzəranı həqiqi mənada dəyişdi. Bu qərarın uğurlu icrası isə 70-ci illərin sonlarında Azərbaycanın üzümçü­ləri içərisində Şərur üzümçülərinə liderlik qazandırdı. Bu illərdə respublikada yığılan 1 milyon ton məhsulun 10-12 faizi Şərur rayonunun payına düşürdü.
Rayon ağsaqqalları bildirirlər ki, Şərurda məhz üzümçülüyün inkişaf etdirilməsindən sonra gözoxşayan evlər tikilib, şəxsi avtomobillərin sayı artıb. O vaxtlar ailələrin əksəriyyəti çoxuşaqlı idi və onların dolanışığı, əsasən, bu sahədən gələn gəlirlə təmin olunurdu.
Bu gün Şərur rayonunda 93 hektar sahədə üzüm bağı var. Onlardan 91 hektarı barverəndir. Ötən il rayonun ərazisindəki üzüm sahələrinin hər hektarından 157,8 sentner məhsul yığılıb. Cari ilin yaz aylarında iməciliklərdə 1 hektar sahəyə müxtəlif sortlar olmaqla, 6 min üzüm çubuğu əkilib. Onlardan rayon ərazisində yerləşən üzüm bağlarını genişləndirmək üçün istifadə olunacaq.
Yaxşı haldır ki, üzümçülər o vaxt bağlar söküləndə qiymətli növləri seçib həyətyanı sahələrində becəriblər, kökünün kəsilməsinə imkan verməyiblər. Bu gün isə o sortları pay torpaqlarına köçürüblər. Yeni üzüm bağları salan Əbdürrəhman Mehdiyev, Sucəddin Seyidov, Knyaz Cabbarov, Abdulla Adıgözəlov bu sahəyə daha çox maraq göstərirlər.
Ötən günlərdə Şərur rayonuna növbəti səfərimizdə Çərçiboğan kəndi ərazisində gördüyümüz bir mənzərə bizi sevindirdi. Burada salınan üzüm bağı böyük bir ərazini əhatə edir. Bu təsərrüfatın sahibi Sucəddin Seyidovla söhbət zamanı o bildirdi ki, Naxçıvan üzümün yetişdirilməsi və onun emalı ilə məşğul olan qədim diyardır. Burada yüzdən çox üzüm sortu olub. Sapsarı kəhrəba kimi hazan, kişmişi üzümləri sağalmaz dərdlərə şəfa verir, xəstənin gözlərinə işıq, canına qüvvət gətirir. Şəfayi üzümü, sözün əsl mənasında, can dərmanıdır. Ən tezyetişən, uzun müddət saxlamağa davamlı, ən çox məhsul verən üzüm sortları bizim diyarda becərilib, bu gün də becərilməkdədir. Üzümçülüyün inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər belə bir təsərrüfatın yaradılmasına imkan verib. Sahibkar deyir: “Ötən il 0,25 hektar sahədə üzüm bağı salmışıq. Biz yerli məhsuldar sortların əkininə üstünlük veririk. Ancaq bununla belə, xarici ölkələrdən gətirilən üzüm sortlarına da maraq göstəririk. Hazırda üzüm bağına Türkiyə mənşəli 100 ədəd atasarısı, 100 ədəd retkol fidanı əkilib. Bu üzüm sortları həm görünüşünə görə, həm də məhsuldarlıq baxımından çox sərfəlidir”.
Sucəddin Seyidovun sözlərinə görə, bu bağlara yaxşı qulluq edilərsə, yaxşı qazanc əldə etmək mümkündür. Üzüm o qədər susevən bitki deyil. Kolu vaxtında budanmalı, qış aylarında soyuqdan qorunmalıdır. Hazır­da bu bağlarda onlarla gənc çalışır. Gələcəkdə həmin gənclər arasında üzümçülük sahəsində yaxşı mütəxəssislər yetişəcək və bəlkə də, burada çalışanların da özlərinə məxsus üzümçülük təsərrüfatları olacaqdır. Bağların suvarma suyu ilə təmin olunması üçün də lazımi tədbirlər görülüb. Belə ki, çay ətrafında 2 artezian quyusu qazılıb. Bu da imkan verir ki, üzüm bağları keyfiyyətlə becərilsin.
Bəli, muxtar respublikada yeni üzüm plantasiyalarının salınması bir daha belə deməyə əsas verir ki, əhalinin süfrə üzümünə, üzüm emalı və şərabçılıq sənayesinin isə xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, yeni iş yerlərinin yaradılmasına, kənd əhalisinin gəlirlərinin artmasına şərait yaradacaqdır. Bundan başqa, dövlət büdcəsinə və yerli büdcəyə daxilolmalar artacaq, kənd əhalisinin sosial şəraiti yaxşılaşacaq, üzümçülük və şərabçı­lıq­la bağlı sahələrin inkişafı təmin ediləcəkdir.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR