23 Dekabr 2024, Bazar ertəsi

Culfa Rayon Vergilər Şöbəsində “Sabit vergi və onun tətbiqi” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbirdə Culfa rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan rayon sakinləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilən tədbiri muxtar respublika vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov açaraq bu ilin birinci yarısında sabit verginin tətbiqi ilə bağlı görülən işlər barədə məlumat verib, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərə, ümumilikdə, 253 sabit vergi qəbzinin verildiyini, dövlət büdcəsinə 5560 manat ödənildiyini deyib, Culfa rayonunda bu sahədə işin miqyasının genişləndirilməsinin vacibliyindən söhbət açıb.
Qeyd edilib ki, 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun milli vergi qanunvericiliyində bir sıra mühüm yeniliklərin tətbiq olunmasına imkan yaradıb. Onlardan biri də fərdi əməklə məşğul olan şəxslərlə bağlıdır. Belə şəxslər vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəməlidirlər. Sabit vergi fərdi fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq, ödədiyi dəyişilməz vergi məbləğidir. Belə şəxslər kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan vətəndaşlardır. Bundan başqa, dayə, fərdi sürücü, ev təsərrüfatında təmizlikçi, bağban, aşpaz, gözətçi və nəqqaşlıqla məşğul olanlar da sabit vergi ödəyiciləridir.

Vurğulanıb ki, sabit vergi ödəyiciləri vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla yerinə yetirməlidirlər. Bu şəxslərin vergi orqanına hər hansı bəyannamə təqdim etməsi artıq nəzərdə tutulmur. Sadələşdirilmiş verginin bu qəbildən olan ödəyiciləri üçün sabit vergi mexanizminin tətbiqi fərdi qaydada fəaliyyət göstərən aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati yükünün azaldılmasına, eyni zamanda məşğulluq sahəsində uçot sisteminin dürüstlüyünün təmin edilməsinə xidmət edir.
Tədbirdə muxtar respublika Vergilər Nazirliyinin şöbə rəislərindən Zahid Qənbərovun, Rəşad Əliyevin çıxışları olub. Çıxışlarda sabit vergi və onun tətbiqi, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi, həmin məbləğin ödənilməsi haqqında qəbz almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyalarından söhbət açılıb. Bundan başqa, çıxış edənlər iştirakçılara aylıq sabit verginin məbləği, fəaliyyət göstərilən ərazi üzrə tətbiq olunan əmsallar, sabit vergi ödəyicilərinin qeydiyyata alınması prosedurları, sabit vergi üzrə qəbz almadan fəaliyyət göstərildikdə və nağd pul hesablaşmalarının aparılması qaydaları pozulduqda tətbiq olunan maliyyə sanksiyasının məbləği haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, sabit verginin ödəyicisi olan fiziki şəxs vergi orqanında uçota alınmayıbsa, qeydiyyatda olduğu ərazinin vergi orqanına müraciət etməli və VÖEN almalıdır. Bundan başqa, fiziki şəxs fəaliyyətə başlayanadək vergi orqanından sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi əldə etməlidir. Bu zaman verginin ödənilməsini təsdiq edən ödəniş sənədi müraciətə əlavə edilməlidir. Qəbz yazılı müraciət olunduqda iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət zamanı isə real vaxt rejimində verilir.
Culfa Rayon Vergilər Şöbəsinin rəisi Qurban Piriyev çıxışında bu ilin birinci yarısında Culfa rayonunda sabit vergi üzrə görülən işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə əlaqədar müzakirələr aparılıb, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərə sabit vergi qəbzləri və eyniadlı məlumatlandırıcı vərəqələr paylanıb.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR