Muxtar respublikamızda alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadə daim diqqət mərkəzindədir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə nağdsız ödənişlərin genişləndirilməsi bir neçə istiqamətdə aparılır. Bunlar, əsasən, əhalinin bu sahəyə marağının artırılması ilə bağlı maarifləndirici, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikasında da bu tədbirlər sürətlə həyata keçirilir. Bütün bunlar barədə ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyevlə görüşüb həmsöhbət olduq. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
– “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin VII tirajı plastik kart istifadəçilərinin həvəsləndirilməsi baxımından maraqla qarşılandı. İstərdim, ümumilikdə, bu tədbirin əhəmiyyəti barədə söhbət açasınız.
– Əvvəla, onu qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a əsasən muxtar respublika Vergilər Nazirliyi və bank orqanları qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələr sırasında maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması, belə ödənişlərin həcminin əhəmiyyətli şəkildə artırılması, POS-terminallardan səmərəli istifadə edilməsi, əhalinin bu xidmətlərdən yararlanması üçün müxtəlif həvəsləndirici tədbirlərin həyata keçirilməsi də vardır. Məhz bu məqsədlə də muxtar respublika Vergilər Nazirliyində komissiya yaradılıb. Bu komissiyada təmsil etdiyim nazirliyin əməkdaşları ilə yanaşı, Mərkəzi Bankın nümayəndələri də iştirak edirlər.
– Komissiya tərəfindən hədiyyə qazanacaq şəxslər necə müəyyən edilir? Vətəndaşlarımızı maraqlandıran məsələlərdən biri də budur ki, hansı hallarda onlar bu tədbirin iştirakçıları ola bilərlər?
– Həvəsləndirici tədbirin ildə iki dəfə, iyun və dekabr aylarında keçirilməsi nəzərdə tutulub. Nazirlik tərəfindən bank orqanlarından ödəniş kartları vasitəsilə 400 manatdan yuxarı, əsasən də POS-terminallardan istifadə edən vətəndaşların siyahısı alınır və əmrdə qeyd olunan kriteriyalar nəzərə alınmaqla seçim aparılır. Seçim zamanı obyektivliyi təmin etmək məqsədilə bir neçə kriteriyaya diqqət edilir, yuxarı məbləğdə əməliyyat aparılmasından əlavə, say etibarilə POS-terminallardan daha çox istifadə edən vətəndaşlara üstünlük verilir. Məsələn, seçim zamanı belə hallarla rastlaşırıq: bir vətəndaş 2 və ya 3 halda 1000 manata yaxın nağdsız qaydada alış-veriş edib, digər bir vətəndaş isə 20-30 halda 700 manat həcmində nağdsız ödəniş aparıb. Bu halda daha çox üstünlük və seçim, təbii ki, ikinci vətəndaşa, yəni 700 manatlıq alış-veriş edən şəxsə verilir. Çünki qeyd olunan şəxs apardığı əməliyyatların böyük əksəriyyətini nağdsız qaydada aparır və bunu təkrarlayır. Hədiyyələrin seçilməsi meyarlarına gəldikdə isə bu bölgü 3 meyar üzrə müəyyən olunub. Belə ki, 1-ci meyar 400 manatdan 601 manatadək, 2-ci meyar 601 manatdan 801 manatadək, 3-cü meyar isə 801 manatdan yuxarı əməliyyat aparan şəxsləri əhatə edir. Hər bir meyara uyğun hədiyyə məbləğləri dəyişilir.
– Ümumiyyətlə, bu günədək keçirilən tirajların yekunu olaraq neçə nəfər hədiyyə qazanıb? Bu tədbirlər nağdsız ödənişlərin həcminin artmasına necə təsir göstərib?
– Qeyd etmək istərdim ki, 2014-cü il ərzində 232 vətəndaşa 15 min manat, 2015-ci il ərzində 398 vətəndaşa 20 min manat, 2016-cı il ərzində 435 vətəndaşa 30 min manat dəyərində, 2017-ci ilin 6 ayında isə 232 vətəndaşa 15 min manat dəyərində müxtəlif məişət avadanlıqları təqdim edilib. Hədiyyə qazanmış şəxslərin sayında ilbəil artım müşahidə edilir. İstər bu göstərici, istərsə də banklardan aldığımız siyahılarda aparılan təhlillər belə deməyə əsas verir ki, vətəndaşlarımızın nağdsız ödənişlərə marağı ilbəil artır. Əgər 2014-cü ildə muxtar respublikada ödəniş kartları vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 12 milyon 513 min manat təşkil edirdisə, 2016-cı ildə bu məbləğ 27 milyon 701 min manat olub. Tərəfimizdən nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi, eləcə də muxtar respublika əhalisinin bu sahəyə marağının artırılması ilə bağlı təhsil, səhiyyə, mədəniyyət müəssisələrində mütəmadi maarifləndirici tədbirlərimiz davam etdirilir.
– Müsahibə üçün sağ olun!
Səbuhi HÜSEYNOV