Muxtar respublikamızın ən böyük rayonlarından biri olan Şərurun torpaqları burada bir sıra bitkiçilik məhsullarının əkilib-becərilməsinə imkan verir. Bölgədə suvarma suyuna olan tələbatın tamamilə ödənilməsi, iqlim şəraiti, uzun illərin təcrübəsi və davamlı xarakter alan dövlət qayğısı Şərurun torpaq mülkiyyətçilərini bu qiymətli sərvətə daha sıx tellərlə bağlayıb. Onlar mövcud şəraitdən səmərəli istifadə edir, məhsul bolluğu yaradılmasına çalışır, daxili bazarın yerli məhsullarla təminatına töhfələrini verir, rayon iqtisadiyyatının gücləndirilməsinə səy göstərirlər.
Son illər daha çox əkilən bostan-tərəvəz məhsulları arasında soğan əsas yerlərdən birini tutur. Bu il rayonun Sərxanlı, Şəhriyar, Düdəngə, Cəlilkənd yaşayış məntəqələrində daha çox soğan əkilib. Şərur Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu il rayonda 155 hektar sahədə soğan əkilib. Hazırda sahələrdə becərmə işləri aparılır. Avqust ayının 20-dən etibarən soğanın yığımına başlanılacaq.
Qeyd edək ki, keçən il rayonda soğan sahəsinin hər hektarından orta hesabla 40 ton məhsul götürülüb.
Muxtar respublikada yaradılmış soyuducu anbarlar soğanın münasib qiymətlər əsasında qəbulunu həyata keçirir. Şərurda 3 min tonluq 11 soyuducu anbar fəaliyyət göstərir. Torpaq mülkiyyətçiləri artıq qalan məhsulu bu anbarlarda saxlayaraq ilboyu satışını təmin edirlər.
Xəbərlər şöbəsi