23 Dekabr 2024, Bazar ertəsi

Deyirlər, yurd, el-oba insanları ilə inkişaf edib gözəlləşir. Doğma Naxçıvanımızın hansı səmtinə üz tutsan, bir-birindən abad, yaraşıqlı yaşayış məntəqələrini görmək olar. Əgər bir gün yolunuz Ordubadın Gənzə kəndinə düşsə, burada yaşayan insanların yurda sevgisinə, onların qurub-yaratmaq əzminə, qonaqpərvərliyinə və adət-ənənələrimizə bağlılığına heyran qalacaqsınız. Bəli, bu gün harada yaşamaqlarına baxmayaraq, torpaq onlar üçün müqəddəsdir. Çünki bərəkəti, ruzini bu torpaqda tapıblar. Bir ovuc torpağı çörək qədər müqəddəs sayan, öpüb gözlərinin üstünə qoyan gənzəlilərin andları da torpaqla, vətənlə bağlıdır. 

Gənzə kəndi xalqımıza məxsus yaxşı qorunub saxlanılmış adət-ənənələri ilə təkcə muxtar respublikamızda deyil, eləcə də ölkə miqyasında tanınan yaşayış məntəqələrindəndir. Ancaq bu barədə bir az sonra. Gənzəni yaxından görmək istəyən oxucularımız və eləcə də qonaqlar üçün onu bildirək ki, Ordubadın bu dağ kəndində hazırda şəhər standartları səviyyəsində yaşayış şəraiti yaradılıb. Naxçıvanın digər kəndləri kimi davamlı təbii qaz, işıq, su, telefon, yüksəksürətli internet, 4G mobil rabitə kimi müasir dövrə xas olan sosial infrastruktur şəraitinə qovuşmuş Gənzədə sakinlərin yaşayış səviyyəsi və keçirdikləri həyat tərzi, sözün əsl mənasında, insanda xoş ovqat yaradır. Gənzədə olarkən bütün bunların bir daha şahidi ­olduq.

Gənzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qürbət Əliyev bizimlə söhbətində dedi ki, bu ilin statistik məlumatına görə, kənddə 1682 nəfər yaşayır və onlar 415 təsərrüfatda birləşiblər. Nisbətən kiçik olan Anabad kəndində isə 68 təsərrüfatda 266 nəfər sakin yaşayır. Son illər muxtar respublikamızda həyata keçirilən abadlıq və qurucu­luq işlərindən Gənzəyə də az pay düşməyib. Bu tədbirlər nəticəsində kənd tamamilə abadlığa qovuşub. Bir neçə il bundan öncə istifadəyə verilən kənd mərkəzi və həkim ambu­latoriyası Gənzə və Anabad kənd­lərinin əhalisinə nümunəvi xidmət göstərir. Kənd yolunun 1,5 kilometrinə asfalt örtük salınıb, 5,5 kilometri isə əsaslı təmir edilib. Bununla yanaşı, kənddə müasirtipli tam orta məktəb binası tikilib istifadəyə verilib, 384 yerlik elektron ATS quraşdırılıb. 2003-cü ildə yaradılan kənd icra nümayəndəliyi də həmin ildən yeni binada fəaliyyət göstərir. Həyata keçirilən quruculuq tədbirləri insanların torpağa bağlılığını artırıb, onların rahat yaşamalarına, təsərrüfat işləri ilə daha səmərəli məşğul olmalarına səbəb olub.
Gənzədə bir xüsusiyyət də var ki, – deyə o qeyd edir, – bu, məncə, çox dəyərlidir. Bu, əl-ələ verərək elliklə iş görmək adətidir. Bu ən böyük xeyriyyəçilikdir. Məsələn, bu kənddə qazılan iki artezian quyusu və digər mənbələrdən bütün evlərə su çəkilib. Bir sözlə, gənzəlilərin rahat məişət şəraiti şəhər standartlarından geri qalmır, – deyir həmsöhbətim.
Gənzəlilər çox qonaqpərvərdirlər. Burada qalmağa, bu istiqanlı, mehriban insanların qonağı olmağa dəyər. Bu kənddə görüb təəssürat almalı nə yoxdur ki? Məsələn, Gənzədə ailənin dağılmasına çox pis baxırlar və yüz illər boyunca bu kənddə boşanma hadisəsi çox nadir hallarda baş verib. Heç vaxt kənd toylarına dəvət üçün dəvətnamələr yazılmayıb. Bircə dəfə kənd meydanında elan olunur ki, kiminsə evində şadlıq mərasimi olacaq. Nahar vaxtı qadınlar toyda iştirak edir, axşam isə kişilər. Milli toy adətlərimizə son dərəcə dəqiq əməl olunur. Burada keçirilən toy mərasimlərində süfrəyə spirtli içki verilmir. Gənzəlilər israfçılığı da xoşlamırlar. Stolların üstünə düzülən nemətlərin qədərində olmasına xüsusi fikir verirlər. Kənd toylarında milliliyin qorunub saxlanılmasını ifa olunan musiqi nömrələrindən də görmək olar. Cavanlar, adətən, yaşlı adamlar toydan getdikdən sonra rəqs edirlər. Gənzədə böyüklərin, ağsaqqal və ağbirçəklərin sözünü eşitmək, onların dediklərinə əməl etmək gənclərin borcudur.
Kənddə heç bir evin qapısını bağlamazlar. Bayramlarda kimsənin olmadığı evlərdə belə, çıraq yandırılar. Kənddən bir nəfər ziyarətə gedirsə, onu bütün camaat yola salır. Qarşılanma mərasimi də eləcə. Ziyarətdən qayıtdıqdan sonra verilən ehsanın kim tərəfindən hazırlandığını çoxları bilmir. Gənzəlilər üçün xarakterik olan ən başlıca xüsusiyyətlərdən biri onların gördükləri hər hansı xeyirxah işin kim tərəfindən həyata keçirildiyini deməmələridir.
Gənzə öz nemətləri ilə də məşhurdur. Bu torpaqda yetişdirilən nemətlər adla deyilir. Burada yetişdirilən ərik, cəviz, şaftalının dadından doymaq olmur. Mövsümdə buraya yolu düşən hər bir qonağın boxçasını doldurub yola salmağı da çox sevirlər.
Gənzə və Anabad kəndlərinin əkinəyararlı torpaq sahələri az olsa da, əhali, torpaq mülkiyyətçiləri imkan daxilində hər qarış torpaqdan səmərəli istifadə etməyə çalışırlar. Onlardan Vahid Əsədov, Vilayət İsmayılov, Elşən Qədimov, Nüsrət Abbasov və Xəqani Haşımov heyvandarlıq sahəsində iri təsərrüfatçı kimi tanınıblar. Onlarla söhbətdə hərtərəfli qayğı ilə əhatə olunduqlarını, bunun üçün dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Ulu öndər Heydər Əliyev Ordubadı Azərbaycanın incisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov isə Gənzəni Ordubadın incisi adlandırıb. Bu möhtəşəm ifadələr özlüyündə Gənzə kəndinin timsalında milli və mənəvi dəyərlərimizə bağlı­lığa, qədim adət-ənənələrimizə sədaqətə verilən ən yüksək qiymətdir. Özünün qədim tarixi kökləri üzərində yeni həyata qovuşan Gənzə bu qiymətə layiq bir yurd yeri kimi gələcəyə doğru inamla addımlayır.

Abbas SEYİD
“El həyatı” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR