Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının uğurlu tətbiqi nəticəsində Naxçıvan Muxtar Respublikasında bu gün sosial-iqtisadi inkişaf təmin olunub, iqtisadiyyatın müasir sosialyönümlü bazar iqtisadiyyatı prinsipləri əsasında və milli mənafelərə uyğun şəkildə qurulması həyata keçirilib.
Ötən dövrdə istehsal proseslərinin geniş vüsət alması, liberallaşma və çoxcəhətli iqtisadi islahatların aparılması, xüsusən özəlləşdirmə proqramlarının uğurla həyata keçirilməsi, pul-kredit və maliyyə sisteminin yenidən qurulması və bu əsasda milli sahibkarlığın formalaşdırılması muxtar respublikanın inkişafı üçün əlverişli zəmin yaradıb. Regionda kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şəraitin yaradılması, bir sıra sənaye və digər istehsal sahələrinin bərpa edilməsi və ya yenilərinin işə salınması muxtar respublikada ixracyönümlü malların istehsal həcmini artırıb ki, bu da iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, əhalinin məşğulluğuna da öz müsbət təsirini göstərib.
İqtisadi və sosial sahələrin kompleks şəkildə inkişafında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları məxsusi əhəmiyyət daşıyır. Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına şərait yaradıb. Müvafiq dövlət proqramlarının muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. İndiyədək icrası uğurla başa çatdırılan müvafiq dövlət proqramlarının və həyata keçirilən digər mühüm tədbirlərin nəticəsidir ki, muxtar respublikada bütün makroiqtisadi göstəricilərin müsbət meyilliliyi təmin olunub, dinamik inkişaf qorunub saxlanılıb. Ötən dövr ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2003-cü ildəki müvafiq göstəricini 14 dəfə üstələyərək 2013-cü ildə 2 milyard 339 milyon manat olub. Bu dövrdə sənaye məhsulunun həcmi 49 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 5 dəfə, ixracın həcmi 97 dəfə, əhalinin gəlirləri və bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 10 dəfə artıb. Təkcə “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhatə etdiyi beş il ərzində ümumi daxili məhsulun real həcmi 2,9 dəfə artaraq 2 milyard 338 milyon 928 min manata çatıb, hər bir nəfərə düşən nominal həcmi 2,7 dəfə artaraq 5 min 423 manat təşkil edib. Muxtar respublikanın sənayesində 5,2 dəfə, kənd təsərrüfatında isə 2,2 dəfə artıma nail olunub. İqtisadiyyatın inkişafı üçün bütün maliyyə mənbələri hesabına qoyulmuş investisiyanın illik həcmi həmin dövrdə 3,4 dəfə artaraq 1 milyard 37 milyon 748 min 400 manat təşkil edib. Proqramın icrası müddətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada 22 min 296 yeni, o cümlədən 19 min 215 daimi iş yeri açılıb, yaradılan sənaye müəssisələrinin sayı 438-ə çatdırılıb.
İqtisadiyyatın dinamik inkişafının nəticəsi olaraq, 2013-cü ildə muxtar respublikada 346 növ, 988 çeşiddə məhsul istehsal edilib. Bunun 115 növ, 459 çeşidi ərzaq, 231 növ, 529 çeşidi isə qeyri-ərzaq məhsullarının payına düşür.
Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” isə indiyədək qazanılmış uğurların davamlılığını təmin etməklə yanaşı, real sektorun inkişafını, iqtisadiyyatın diversifikasiyasını, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı regionu olduğundan bu sahənin inkişaf etdirilməsi üçün indiyədək bir çox layihələr həyata keçirilib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının maşın və mexanizmlər ilə təchizatını yaxşılaşdırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2014-cü ildə 276, 2015-ci ildə 187, 2016-cı ildə 102, 2017-ci ilin ilk rübü ərzində 31 ədəd olmaqla, ümumilikdə, 596 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi, onların gübrə və texnika ilə təminatının yaxşılaşdırılması, subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi prosesi davam etdirilib. Dövlət proqramının icrası istiqamətində ötən dövr ərzində muxtar respublikada 15 heyvandarlıq, 5 quşçuluq, 16 istixana təsərrüfatı, ümumi tutumu 2330 ton olan 9 soyuducu anbar yaradılıb, 7 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Hazırda bir neçə heyvandarlıq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.
Muxtar respublikada biznes mühitinin yaxşılaşdırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məxsusi əhəmiyyət daşıyır. Mühüm tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, 2014-cü ildən 1 aprel 2017-ci il tarixədək muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 90 milyon 826 min 600 manat təşkil edib. Bu kreditlərdən 62 milyon 947 min 600 manatı fərdi sahibkarlığın inkişafına, 27 milyon 879 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunub. Dövlət proqramının icrası dövründə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına 718 investisiya layihəsinin maliyyələşdirilməsinə, bütövlükdə, 69,1 milyon manat həcmində kreditlər verilib.
Muxtar respublikada sosial-iqtisadi inkişafın prioritet istiqaməti kimi qəbul edilmiş və hazırda icrası uğurla davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsinə, əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılmasına, infrastruktur təminatının, o cümlədən kommunal xidmətlərin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.
Səbuhi HƏSƏNOV