Ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərinə uyğun olaraq, muxtar respublikamızda da təbiəti mühafizə və əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, ayrı-ayrı ərazilərdə yaşıllıq zolaqları salınır.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, həyata keçirilən kompleks tədbirlər ekoloji əhəmiyyəti ilə yanaşı, iqtisadi səmərəliliyi də önə çəkmiş, tarixi meyvəçilik təsərrüfatlarının bərpa olunmasına əlverişli şərait yaratmışdır. Bunun nəticəsidir ki, ötən il və bu ilin yaz əkini mövsümündə 350 hektardan çox ərazidə meyvə bağları salınmışdır. Xüsusilə orta dağlıq və dağlıq ərazilərdə, bitki örtüyünün nisbətən seyrək yayıldığı və səhralaşmaya meyilli ərazilərdə meyvə bağlarının salınmasına üstünlük verilmişdir.
Muxtar respublikamızın yaşıl sərvətinin artırılmasında regionun torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış meşə və meyvə tinglərinin, həmişəyaşıl ağacların yetişdirilməsinin mühüm ekoloji və iqtisadi əhəmiyyəti nəzərə alınaraq, əkinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatlarında 6 milyon ədəddən çox müxtəlif növ tinglər yetişdirilmişdir ki, bu da kəskin kontinental iqlim şəraiti olan regionumuzda əkinin keyfiyyətinə müsbət təsir göstərir. Regionumuzda yaşıllaşdırma tədbirlərinin uğurlu aparılmasına zəmin yaradan əsas amillərdən biri də 2007-ci ildən başlayaraq damcı üsulu ilə suvarma sisteminin tətbiq edilməsidir. Bu sistemin tətbiqi sudan səmərəli istifadə etməyə əlverişli şərait yaradır, torpaqların eroziyaya, şoranlaşmaya, bataqlıqlaşmaya uğramasının qarşısını alır, dağ yamaclarında əkilmiş tinglərin suvarılmasına geniş imkanlar açır. Damcı üsulu ilə suvarmanın bu kimi keyfiyyətlərini əsas götürərək ötən illərdə 500 hektardan çox əkin sahəsində bu sistem quraşdırılmışdır.
Muxtar respublika ərazisindəki mövcud meşələrin qorunması, yeni yaşıllıqların, meşə massivlərinin, meyvə bağlarının salınması məqsədilə 2013-cü ilin yaz əkini mövsümündə də mühüm işlər görülmüş, 210 hektar sahədə əkin aparılmış, 129 min 713 ədəd meşə və meyvə tingi, həmişəyaşıl ağaclar əkilmişdir.
Muxtar respublikamızda yaşıllaşdırma tədbirləri ilə əlaqədar həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermişdir. Müqayisə üçün qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın ümumi ərazisinin 0,6 faizini yaşıllıqlar təşkil edirdisə, hazırda bu rəqəm 10 faizdən çoxdur.
Kərəm HƏSƏNOV