Muxtar respublikamızda iqtisadiyyatın ayrı-ayrı sahələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni layihələr həyata keçirilir, müxtəlif emal və sənaye müəssisələri yaradılır. Sahibkarlıq fəaliyyətinə yaradılan münbit şəraitdən bəhrələnərək son illər həyata vəsiqə alan istehsal müəssisələrindən biri də “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin oksigen, azot və asetilen istehsalı müəssisəsidir.
Müəssisənin sahə rəisi Vasif Xəlilov qeyd etdi ki, oksigen istehsal edən müəssisə əvvəllər Naxçıvan Muxtar Respublikasında mövcud olmuşdur. Lakin artan tələbatın ödənilməsi məqsədilə layihəyə uyğun Naxçıvan şəhərində ayrılmış ərazidə istehsal müəssisəsi üçün yeni bina inşa olunmuş, oksigen istehsalı ilə yanaşı, quru və maye azot istehsalı sahəsi də fəaliyyətə başlamışdır.
2010-cu ilin aprel ayından fəaliyyətə başlayan oksigen və quru azot istehsalı sahəsində yüksək keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait yaradılmışdır. Oksigen istehsalı sahəsində Sloveniya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. İlkin mərhələdə oksigen kompressorla sorulub hava çənlərinə, oradan da oksigenhazırlayıcı avadanlığa ötürülüb oksigen çəninə yığılır. Buradan isə ABŞ istehsalı olan xüsusi nasoslarla oksigen balonlarına doldurulur. Avadanlığın istehsal gücü saatda 72 kubmetrdir. Quru azot istehsalı sahəsində isə Almaniya və Sloveniyadan alınmış istehsal gücü saatda 30 kubmetr olan müasir avadanlıqlar qurulmuşdur.
2011-ci ildə müəssisədə yeni – maye azot istehsalı sahəsi yaradılmış, 2012-ci ilin əvvəlindən istehsala başlanılmışdır. ABŞ istehsalı olan avadanlıqlar işə salındıqdan 24 saat sonra mənfi 180 dərəcə temperaturda mayeləşmə prosesi aparılır və saatda 1 litr maye azot istehsal olunur.
Müəssisədə asetilen istehsalı üçün yeni istehsal sahəsinin yaradılmasına başlanmışdır. Müəssisənin ərazisində asetilen istehsalı sahəsi üçün yeni bina inşa olunmuş, Hindistandan alınmış avadanlıqlar quraşdırılmışdır. Qeyd edək ki, 500 kiloqram karbitdən 370 litr asetilen istehsal ediləcək yeni istehsal sahəsində son tamamlama işləri görülür.
Müəssisədə istehsal olunan məhsul keyfiyyət göstəriciləri ilə seçilir. Oksigen istehsalı sahəsində saflıq dəyəri 100/94 faiz, azot istehsalı sahəsində isə 100/100 faiz saflıq dəyərli məhsul istehsal olunur.
Sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə istehsal prosesi avtomatlaşdırılmış, kompyuterlə idarəetmə mərkəzi yaradılmışdır. İstehsal prosesi zamanı yaranan hər hansı bir dəyişiklik kompyuterin ekranında əks olunur və operatorun müdaxiləsi ilə dərhal aradan qaldırılır. Həmçinin hazır məhsulun qablaşdırılması zamanı balonların keyfiyyət göstəricilərinə ciddi nəzarət edilir, test-sınaq yoxlamasından keçirilir, yuyulub təmizlənərək doldurulur. Çünki istər istehsal prosesi, istərsə də hazır məhsulun qablaşdırılması zamanı hər hansı bir diqqətsizlik ağır fəsadlar törədə bilər. İstehsal edilən oksigen, quru və maye azot müəssisənin balansında olan xüsusi avtomaşınla sifarişçilərin ünvanlarına göndərilir. Qeyd edək ki, əvvəllər oksigenə olan tələbatın bir hissəsi, azot isə tamamilə idxal hesabına ödənilirdisə, yeni müəssisənin istifadəyə verilməsindən sonra bu məhsullara olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
İstehsal olunan oksigen sənayedə, metalların əridilməsində, dəmirin kəsilməsində, qaynaq işlərində, xəstəxanaların reanimasiya şöbələrində, azot qida sektorunda məhsulun saxlanılması və keyfiyyət göstəricilərinin uzun müddət mühafizə edilməsində, tibb sahəsində qanın saxlanılmasında, metal və şüşə sənayesində, kimyəvi maddələr istehsal edən fabriklərin təmizlənməsində, mədən yanğınlarının söndürülməsində və sair sahələrdə, asetilen isə kimya və maşınqayırma sənayesində istifadə olunur. Oksigen və asetilen qarışığı ilə aparılan qaynaq və kəsim işləri yüksək keyfiyyət göstəriciləri ilə seçilir, sonrakı mərhələdə dəmirin çürüməsinin qarşısını alır.
Bu müəssisənin fəaliyyət göstərməsi daxili bazarın tələbatını ödəməklə yanaşı, mütəxəssislərin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaratmışdır.
Kərəm HƏSƏNOV