Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, bu ilin ötən 5 ayı ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 15 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 5 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 5 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Vergi nəzarəti tədbirləri zamanı 2 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 2 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib.
Bundan başqa, nəzarət tədbirləri zamanı bir şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və həmin şəxs barəsində qanuna müvafiq tədbirlər görülüb. Aparılan operativ nəzarət işləri zamanı tərtib edilmiş 1820 manat həcmində inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin tamamilə büdcəyə ödənilməsi təmin edilib.
Bu ilin bəhs olunan dövründə vergidən yayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 8 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb. Bu zaman müşahidəyədək olan dövriyyələr ilə müqayisədə 8805.62 manat dövriyyə artımına nail olunub. Bu da hər bir vergi ödəyicisinə məxsus obyekt üzrə orta hesabla ay ərzində 22 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.
Bu ilin ötən 5 ayı ərzində 233 obyektdə aparılmış araşdırmalar zamanı 218 yeni əmək müqaviləsinin bağlanması və 732 əmək müqaviləsində isə əməkhaqlarının real əməkhaqları səviyyəsində göstərilməsinə nail olunub.
Operativ vergi nəzarəti tədbirləri davam etdiriləcəkdir.
Xəbərlər şöbəsi