Ərəbyengicə kəndi iki aydan artıqdır ki, tikinti meydançasına çevrilib. Hazırda bu yaşayış məntəqəsində 4 obyekt inşa olunur.
Kəndin simasını əsaslı surətdə dəyişəcək müasir obyektlərin inşasını Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. Müasirtipli layihə əsasında inşa edilən ikimərtəbəli binada hörgü işləri, demək olar ki, başa çatdırılıb, qapı-pəncərələr salınıb, suvaq işlərinə hazırlıqlara başlanılıb.
Kənddə yeni həkim ambulatoriyasının inşası əhalinin sağlamlığına xidmət edən quruculuq tədbirlərindəndir. Bu bina da iki mərtəbədən ibarətdir. Yeni səhiyyə ocağında müasir tibbi avadanlıqlar vasitəsilə əhaliyə nümunəvi səhiyyə xidməti göstəriləcək.
Ərəbyengicədə inşası davam etdirilən daha bir obyekt isə kənd tam orta məktəbi üçün nəzərdə tutulan binadır. Yeni məktəb binasında təhsilin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılacaq. Bu kənddə tikintisi aparılan xidmət mərkəzində isə ərzaq və sənaye malları mağazaları, gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı sakinlərə xidmət edəcək.
Kənddə aparılan kompleks quruculuq tədbirlərinin davamı olaraq Naxçıvan Yol Təmir-Tikinti İdarəsi tərəfindən İbadulla-Qışlaqabbas-Ərəbyengicə kəndlərindən keçərək Qarahəsənli kəndinədək uzanan avtomobil yolunun da əsaslı şəkildə yenidən qurulmasına başlanıb. Burada da işlər layihəyə uyğun olaraq ardıcıl davam etdirilir: yol yatağı genişləndirilir, bərkidilir, su keçidləri təmir olunur. Bütün bu işlər başa çatdırıldıqdan sonra yola asfalt örtüyü salınacaq. Qeyd edək ki, kənddə aparılan quruculuq işləri ilə yanaşı, rabitə, qaz, elektrik enerjisi infrastrukturu da yenilənir.
Rayonun şəhərləşməkdə olan kəndlərindən biri də Ələklidir. Kəndin mərkəzində yerləşən köhnə tam orta məktəb binası sökülüb, yerində üçmərtəbəli 216 şagird yerlik yeni təhsil ocağının inşasına başlanıb. Binada işıqlı sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter və elektron lövhəli siniflər, hərbi kabinə, idman zalı, direktor, psixoloq, müəllimlər üçün otaqlar, bufet müəllim və şagirdlərin ixtiyarına veriləcək. Burada həm də ikimərtəbəli kənd mərkəzi ucaldılır. Binada ərazi icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, poçt, ATS, klub, kitabxana, polis və baytarlıq məntəqələri fəaliyyət göstərəcək.
Ələkli kəndində digər bir quruculuq ünvanı isə ticarət mərkəzi üçün inşa olunan binadır. Burada mağazalar, dərzi, bərbər, qadın gözəllik salonu yerləşəcəkdir.
Kənddə tikintisi aparılan daha bir bina isə uşaq musiqi məktəbi üçün nəzərdə tutulub. Bu mədəniyyət müəssisəsinin istifadəyə verilməsi uşaqların ilkin musiqi təhsili almasına göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Tikintilərdə, əsasən, yerli inşaat materiallarından istifadə olunur, işçi qüvvəsinin əksər hissəsini kənd camaatı təşkil edir. Tikinti işlərini “Artay” LTD-nin inşaatçıları aparırlar. İşlərin vaxtında və keyfiyyətlə aparılması üçün obyektlər lazım olan texnika və tikinti materialları, işçi qüvvəsi ilə tam təmin olunub. Bu da tikintidə sürətli və keyfiyyətli iş ahənginə zəmin yaradır.
Elman MƏMMƏDOV
“Şərurun səsi” qəzetinin redaktoru