Muxtar respublikamızda 2013-cü ilin bol məhsulunun əsasını qoymaq üçün şum qaldırılması, toxum səpini və əkilmiş sahələrin suvarılması istiqamətində həyata keçirilən tədbirlərin sürəti artır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, yaz əkini kampaniyasının mütəşəkkil şəkildə başa çatdırılması üçün əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri özünü göstərir. Qeyd edək ki, şum qaldırılmasını vaxtında başa çatdırmaq üçün sahələrə kifayət qədər texnika çıxarılmışdır. Şumun keyfiyyətli aparılmasının bol məhsul üçün vacib şərtlərdən biri olduğunu unutmayan mexanizatorlar şum qaldırılmasında bu amilə ciddi diqqət yetirirlər.
Nazirlikdən verilən məlumata görə, may ayının 14-dək muxtar respublikamızda 20 min 745 hektar sahədə şum qaldırılmış, 19 min 755 hektar sahədə əkin aparılmışdır. Əkin zamanı məhsuldar toxum sortlarından istifadəyə üstünlük verən torpaq mülkiyyətçiləri 3127 hektar sahədə yazlıq taxıl əkini həyata keçirmiş, sahələrin suvarılmasını təmin etmişlər. Hər il olduğu kimi, cari ildə də üstün istiqamət verilən əkinçilik sahələrindən biri kartofçuluqdur. Daxili bazarda bu qiymətli məhsulun xüsusi çəkisini artırmaq üçün torpaq adamları hələlik 2517 hektar sahədə kartof əkmişlər. Tərəvəz əkini sahələrində də vəziyyət qənaətbəxşdir. Bu günədək 4593 hektar sahədə tərəvəz əkini aparılmışdır. 1966 hektar sahədə isə bostan məhsullarının əkini yekunlaşdırılmışdır. 1763 hektar sahədə dənli-paxlalı, 831 hektar sahədə qarğıdalı, 231 hektar sahədə isə günəbaxan əkilmişdir. Hazırda sahələrdə aqrotexniki tədbirlər aparılır.
Qeyd edək ki, regionda heyvandarlığı inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Qüvvəli yem ehtiyatı yaratmaq üçün torpaq mülkiyyətçiləri 4462 hektar sahədə çoxillik, 265 hektar sahədə birillik əkmələr aparmışlar.
Əkinçilik təsərrüfatlarında bu günədək görülən işlər belə qənaət yaradır ki, cari təsərrüfat ili də torpaq mülkiyyətçilərimiz üçün uğurlu illərdən biri olacaq.
Xəbərlər şöbəsi