23 Dekabr 2024, Bazar ertəsi

Dünən “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində sahibkarlığa yeni başlamaq istəyənlər üçün ikigünlük seminara start verilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sa­hibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə seminar iştirakçılarına sa­hibkarlıq anlayışı və onun iqtisadi mahiyyəti haqqında ətraflı məlumat verib.
Seminarda Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Həsən Məmmədovun “Menecment fəaliyyəti, onun mahiyyəti və məzmunu”, “Naxçıvan” Universitetinin müəllimi Şahnaz Məmmədovanın “Sahibkarlıq sferasında marketinq strategiyaları”, Sahibkarlığa Kömək Fondunun əməkdaşı İsa Novruzovun “Sahibkarlıq fəaliyyətində dövlət maliyyə dəstəyinin rolu” mövzularında çıxışları olub.

Çıxışlarda qeyd edilib ki, müasir dövrdə sahibkarlıq fəaliyyəti dedikdə, təsərrüfat subyektlərinin mənfəət və ya şəxsi gəlir əldə etmək məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti əsasında, qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri üzrə həyata keçir­dikləri təşəbbüskarlıq fəaliyyəti nəzərdə tutulur. Sahibkarlıq iqtisadi kateqoriya olmaqla bazar subyektləri arasındakı çoxsahəli iqtisadi münasibətləri özündə əks etdirir. Eyni zamanda səmə­rəli təsərrüfatçılıq tipidir. Belə ki, sahibkar daha çox mənfəət əldə etmək üçün elmi-texniki tərəqqinin yeniliklərindən, mütərəqqi əmək üsullarından və sairədən istifadə edərək özünün iqtisadi fəaliyyətini daha səmərəli həyata keçirməyə çalışır. Sahibkarlıq həm də mütərəqqi iqtisadi təfəkkür tələb edir. Belə ki, bu cür təfəkkürə malik sahibkar dövrün tələbatına uyğun məhsul və xidmətlər istehsal edir, daha mütərəqqi üsullarla xidmət göstərir, ictimai həyatın müxtəlif sahələrində ciddi qənaət rejiminə riayət edir, ətraf mühitin qorunmasına çalışır. Sahibkarlıq fəaliyyətinin zəruri şərti iqtisadi azadlığın olmasıdır. Sahibkar mülkiyyətindəki kapital resurslarından istifadə edərək məhsul və xidmətlər istehsal etmək və sairə kimi iqtisadi fəaliyyət göstərməkdə müstəqildir. Digər tərəfdən sahibkarlıq subyektləri cəmiyyət, digər sahibkar, işçilər qarşısında müəyyən məsuliyyət daşıyırlar.
Bildirilib ki, menecment bazar münasibətləri şəraitində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təşkilini və onun müstəqil həyata keçirilməsini əhatə edir. Menecment daha az maddi, əmək və maliyyə ehtiyatlarından istifadə edərək səmərəliliyi yüksəltmək və mənfəəti artırmaq məqsədilə həyata keçirilən idarə­etmə fəaliyyəti ilə əlaqədar peşədir. Bu peşə idarəetmə fəaliyyəti ilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin, strategiyaların və formaların məcmusudur. Başqa sözlə, menecment bazar və ba­zar münasibətləri şəraitində idarəetmə deməkdir.
Tədbirdə sahibkarlığa yeni başlamaq istəyənlərin diqqətinə çatdırılıb ki, bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inte­qrasiyası alıcılar bazarının yaranmasına və satış bazarları uğrunda rəqabət mübarizəsinin kəskinləşməsinə səbəb olub. Belə bir şəraitdə yalnız bazarın, istehlakçıların tələbatını, davranışını və alış motivini öyrənən və onlara uyğun məhsul istehsal edən və onun satışını yüksək effektlə həyata keçirən müəssisələr bazarda rəqabət üstünlüyü əldə edə və uğur qazana bilir. Buna isə istehsal-satış fəaliyyətini müasir marketinq prinsipləri əsasında təşkil edən müəssisələr nail ola bilər.
Seminarda İqtisadiyyat Nazirliyinin Regionun inkişafı və dövlət proqramları sektorunun müdiri Elxan Sultanov slaydlar vasitəsilə müxtəlif layihələri təqdim edib.
Sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, seminar bu gün də davam edəcək.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR