23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada torpaq mülkiyyətçilərinin müasir texnikalar, mineral gübrələr və suvarma suyu ilə təmin edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, eyni zamanda dövlət tərəfindən ayrılmış yardımlar aqrar sektorun kompleks inkişafına səbəb olmuşdur. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş, istehsal həcmi artmış, məhsuldarlıq yüksəlmişdir. Artıq əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəmək mümkündür.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, Naxçıvanda əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il taxıl zəmilərində bol məhsul yetişdirilmişdir. Məhsulun vaxtında və itkisiz yığılması məqsədilə muxtar respublikada taxıl biçini kampaniyasına hazırlıq işləri başa çatdırılmışdır.

Bu il muxtar respublika üzrə 31 min 632 hektar sahədə taxıl biçini aparılacaqdır ki, bunun da 22 min 268 hektarı buğda, 9 min 364 hektarı isə arpa əkinləridir. Muxtar respublika üzrə taxıl biçini üçün nəzərdə tutulmuş 108 kombayndan 16-da təmir işləri davam etdirilir. Təmirdə olan kombaynların 1-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 15-i isə fiziki və hüquqi şəxslərə məxsusdur. Hazırda taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 92 taxılbiçən kombayn, 125 lafet, 250 presvuran, 80 özüboşaldan avtomaşın saz vəziyyətə gətirilmişdir. Taxıl biçinində iştirak edəcək kombaynların 22-si “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 70-i isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.
Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan kəndlərdə 4 taxılbiçən kombayn mövcuddur ki, bunun da hamısı fiziki şəxslərdədir. Şərur rayonundakı 20 taxılbiçən kombaynın 8-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon bazasında, 12-si isə hüquqi və fiziki şəxslərdədir. Babək rayonundakı 37 taxılbiçən kombayndan 5-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Babək rayon bazasında, 32-si isə fiziki şəxslərdədir. Ordubad rayonunda 4 taxılbiçən kombayn vardır. Kombaynlardan 1-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon bazasına, 3-ü isə fiziki şəxslərə məxsus texnikalardır. Culfa rayonunda mövcud 22 taxılbiçən kombayndan 4-ü “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon bazasında, 18-i isə fiziki şəxslərdədir. Kəngərli rayonundakı 10 taxılbiçən kombayndan 2-si “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon bazasına, 8-i isə fiziki şəxslərə məxsus texnikalardır. Şahbuz rayonunda 3 taxılbiçən kombayn mövcuddur ki, bunun da 2-si “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasına, 1-i isə fiziki şəxsə məxsus texnikadır. Sədərək rayonunda olan 6 taxılbiçən kombayndan 1-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazasına, 5-i isə fiziki şəxslərə məxsusdur. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində isə 5 taxılbiçən kombayn mövcuddur ki, bunların da 2-nin biçində iştirak etməsi nəzərdə tutulur.
Taxıl biçinində iştirak edəcək kombayn, maşın və mexanizmlərin ahəngdar işləməsini təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri ehtiyat hissələri alınıb gətirilmişdir. Bundan başqa, Naxçıvan şəhərindəki ehtiyat hissələrinin satışı bazarı mağazalarında da lazım olan hissələr mövcuddur.
Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı kombaynçılar arasında maarifləndirmə tədbirləri aparılmış, bütün kombaynlar yanğınsöndürmə balonları ilə təchiz edilmişdir. Yığılmış taxılın “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tədarükü ilə bağlı hazırlıq işləri başa çatdırılmışdır. İstehsalçılardan buğdanın hər kiloqramının 30, arpanın hər kiloqramının isə 25 qəpikdən qəbulu nəzərdə tutulub.
Artıq muxtar respublikada yaz əkinləri başa çatdırılmışdır. Hazırda əkin sahələrində aqrotexniki qaydada becərmə tədbirləri aparılmaqla yanaşı, tərəvəz, kartof məhsullarının toplanılması və ot biçini davam etdirilir. Bostan-tərəvəz əkini sahələrində zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirlərində istifadə üçün muxtar respublikaya ümumi miqdarı 509 kiloqram olan 4 adda bitki mühafizə dərmanları (pestisid) gətirilmişdir. Gətirilmiş preparatların 150 kiloqramı əkin sahələrində aparılmış fitopatoloji və entomoloji müşahidələrin nəticələri əsasında əvəzsiz olaraq sahibkarlara verilmişdir. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazalarında kənd təsərrüfatının zərərvericilərinə qarşı istifadə olunan dərman preparatlarının satışı təşkil olunmuşdur. Muxtar respublikanın əkin sahələrində mütəxəssislər tərəfindən mütəmadi olaraq müşahidələrin aparılması davam etdirilir. Müşahidələr zamanı karantin obyektləri aşkar edilərsə, onlara qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması üçün Kənd Təsərrüfatı Nazirliyinin anbarında kifayət qədər dərman preparatları vardır.
Görülən tədbirlər bu il məhsulun itkisiz yığılmasına imkan verəcəkdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR