Torpağı bərəkətli, insanları zəhmətkeş olan Sədərək rayonunda taxıl biçininə hazırlıq işləri yüksək sürətlə aparılır. Cari ilin məhsulu üçün keçən ilin payızında 1706 hektarlıq sahəyə buğda, 511 hektarlıq əraziyə isə arpa toxumu səpilib.
İndi Sədərək rayonunun taxıl sahələri “sarı kəhrəba dənizi”ni xatırladır. Zəmilər bolluq, bərəkətdən soraq verir. Taxılçılar cari mövsümdə də yüksək nailiyyətlər əldə etmək əzmindədirlər.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, maşın və kombaynlara texniki baxış keçirilib, hamısı işlək vəziyyətə gətirilib. Biçin kampaniyasına 5 ədəd taxılbiçən kombaynın, 5 ədəd yükdaşıyan maşının, 4 ədəd küləş bağlayan aqreqatın cəlb edilməsi nəzərdə tutulub. Əkin sahələrinin yanğından mühafizəsi də diqqət mərkəzindədir. Hər il olduğu kimi, bu il də məhsulun itkisiz yığılmasına xüsusi diqqət ayrılacaqdır.
Qeyd edək ki, ötən il 1947 hektarlıq ərazini əhatə edən taxıl zəmilərindən 6603 ton məhsul toplanılıb.
Xəbərlər şöbəsi