Yay fəslinin ən ləziz nemətlərindən biri də dondurmadır. Dondurma uşaqdan-böyüyə hər kəs tərəfindən sevilir, istirahət dəqiqələrində bu ləziz nemətdən tez-tez istifadə olunur. Bu gün təkcə Naxçıvan şəhərində dondurma satışı üzrə ixtisaslaşmış onlarla ictimai iaşə obyekti fəaliyyət göstərir, gərgin iş günündən sonra şəhər əhalisi bu məkanlarda istirahət edir, ləziz dondurmaların dadına baxır.
Təbii ki, bu məkanlara insanların üz tutmasının səbəblərindən biri də satılan dondurmanın dadı və keyfiyyəti ilə bağlıdır. Çünki paket halında bu məhsul sovetlər dövründə ittifaqın müxtəlif bölgələrindən muxtar respublikaya gətirilir, buna görə də insanların o qədər də seçim etmək imkanları qalmırdı. Ancaq indi muxtar respublikada dondurma istehsalı ilə məşğul olan bir neçə müəssisə var. Onlardan biri də artıq istehlakçılar arasında xüsusi ad qazanmış, “Danyeri” əmtəə nişanı ilə dondurma istehsal edən müəssisədir. Müəssisənin məhsulları həm qiymətinin ucuzluğu, həm də keyfiyyətinə görə analoqlarından, eləcə də xaricdən idxal olunan məhsullardan seçilir.
Əziz Əliyev küçəsində fəaliyyət göstərən “Danyeri dondurmaları” müəssisəsində yaradılan şərait və istehsal prosesi ilə yaxından tanış olmaq üçün ötən günlərdə adıçəkilən ünvanda olduq. Yay mövsümünə çox az bir müddətin qalması burada iş prosesini sürətləndirib. İşçilər gündən-günə artan tələbatı dolğun ödəmək üçün səylə çalışırlar.
Müəssisənin rəhbəri Nəriman Tarverdiyev bizimlə söhbətində bildirdi ki, 2000-ci ildən “Alyeda dondurmaları” adı altında fəaliyyətə başlayan müəssisənin məhsulları 2013-cü ildən etibarən “Danyeri” dondurmaları adı ilə satışa çıxarılır. Burada xammal və hazır süd məhsullarının istehsalı üçün müasir standartlara uyğun texnoloji avadanlıqlar, hazır məhsulun saxlanılması üçün soyuducu anbar vardır. Təbii ki, yaradılan şərait keyfiyyətli məhsul istehsalına imkan verir. Dondurma çeşidlərinin ayrı-ayrı ünvanlara vaxtında çatdırılması işi də daim diqqətdə saxlanılır. Belə ki, bu məhsullar gün ərzində marketlərə, iaşə obyektlərinə paylanılır. Daşınmalar zamanı soyuducu kameralarla təmin olunmuş nəqliyyat vasitələrindən istifadə edilir, mütəmadi olaraq istehlakçıların tələbləri və fikirləri öyrənilir, bu əsasda istehsalda yeniliklər edilir.
Burada olarkən istehsal prosesi ilə tanış olduq. Qəbul edilən süd əvvəlcə 250 litr tutumlu qazanlara tökülür, müəyyən proseslərdən keçdikdən sonra taralara qablaşdırılır, üzərinə tərkibi, istehsal tarixi və saxlanma müddəti göstərilən etiket vurulur. Müəssisədə, ümumilikdə, 12 çeşiddə dondurma istehsal olunur. 70 qramlıq və 1 kiloqramlıq “Danyeri plombir”, 50 qramlıq ”Danyeri südlü”, 0,5 kiloqramlıq “Danyeri” dondurmaları geniş alıcı kütləsi qazanıb. İstehsal prosesi ilə tanışlığımızda sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına ciddi əməl edildiyinin də şahidi olduq.
Müəssisə rəhbəri onu da bildirdi ki, hər bir alıcı dondurma alarkən mütləq məhsulun saxlanma şəraitini, tərkibini, istehsal müddətini göstərən etiketi oxumalıdır. Dondurma məhsulları mənfi 10 dərəcəyədək temperaturda saxlanılmalı və istifadə müddəti ən çox 20 gün olmalıdır. Müəssisənin istehsal etdiyi dondurmaların üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş çərçivədə göstərilir, istehsal olunan dondurmaların uyğunluq sertifikatı vardır.
Bəs bu məhsullara istehlak məkanlarında münasibət necədir? Bu suala cavab tapmaq üçün bir neçə mağazada və ictimai iaşə müəssisəsində olduq, sahibkarların fikirlərini öyrəndik. Mağaza sahibləri ilə söhbət zamanı məlum oldu ki, əvvəllər alıcılar xarici ölkələrin məhsullarına üstünlük versələr də, yerli “Danyeri” əmtəə nişanı ilə satışa buraxılan məhsulların keyfiyyəti ilbəil artdığından son illərdə bu sahədə vəziyyət xeyli dəyişib. İndi alıcıların əksəriyyəti qiymət sarıdan sərfəli olan bu dondurmalara üstünlük verir.
Dondurma haqqında həkim məsləhətlərini oxucularımızla bölüşmək də yerinə düşər. Belə ki, dondurma bir qayda olaraq yeməkdən sonra yavaş-yavaş yeyilməlidir. Dondurmanın əsas maddəsi süd olduğu üçün bəsləyici qida sayılır. Belə ki, uşaqlar istilərin düşməsi ilə süd içməkdən imtina edir və bu boşluğu dondurma ilə əvəz edə bilirlər. Dondurmanın tərkibində A, B, C, D və E qrupuna daxil vitaminlərlə birlikdə kalsium, fosfor, maqnezium, dəmir və sair minerallar da var. Buna görə də yaxşı hazırlanmış dondurma həm də vitamin mənbəyi sayıla bilər.
Mütəxəssislərin fikirlərinə görə, dondurma növündən, dadından və enerji dəyərindən asılı olaraq insanın əhvalına bu və ya digər dərəcədə təsir göstərir. Əgər yay fəslində əhvalınızın çox yaxşı olmasını istəyirsinizsə, onda istirahət dəqiqələrinizi və isti yay günlərini bu dondurmalarla keçirməyə dəyər.
Nail ƏSGƏROV