23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli
Cəmiyyəti taxıl tədarükünə tam hazırdır

Muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır, bu sahənin inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların əhəmiyyətini bir daha ortaya qoyur.
Son illər 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarlarının istifadəyə verilməsi bu strateji məhsulun tədarükündə mühüm rol oynayır. Qeyd edək ki, uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 9 bunkerdən ibarətdir. Burada yüksək texniki göstəricilərə malik müasir texnoloji avadanlıqlar quraşdırılıb. Həmçinin işçilərə normal iş şəraiti yaradılıb, 8 iş otağı, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət inzibati bina tikilib istifadəyə verilib. Müəssisə strateji əhəmiyyət daşıdığından ildırımötürücü qurğu və yanğından mühafizə sistemi də quraşdırılıb.

Hər il olduğu kimi, cari ilin bu dövründə də Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində əsas diqqət sahələrdən tədarük olunacaq taxılın qəbuluna yönəldilib. Taxıl ehtiyatları anbarının müdiri Elşən Mirzəyevdən aldığımız məlumata görə, anbarlarda mövsümə hazırlıqla əlaqədar kompleks tədbirlər görülüb, havalandırma sistemində, ayrı-ayrı anbarlarda cari təmir işləri aparılıb, avadanlıqlar yağlanıb, rəqəmsal tərəzi mütəxəssislər tərəfindən yoxlanılıb. Laboratoriyaya baxış keçirilib, anbarlarda ziyanvericilərə qarşı dərmanlama işləri aparılıb. Müsahibimizin bildirdiyinə görə, əvvəlki illərdə olduğu kimi, bu il də taxıl qəbulunu yüksək səviyyədə həyata keçirəcəklər: “Hazırda görülmüş tədbirlər nəticəsində torpaq mülkiyyətçilərindən taxıl qəbulu üçün lazımi imkanlarımız var. Müəssisədə yeni quraşdırılmış avadanlıqlar beynəlxalq standartlara uyğun olaraq bütün dənli bitkilərin nəmliyini kondisiya halına salmağa şərait yaradır. Türkiyə istehsalı olan avadanlıqlar saatda 12 ton çəkidə bütün dənli bitkilərin qurudulmasını həyata keçirir. Bu avadanlıq vasitəsilə taxılı qurudur və ehtiyat anbarlarına yığırıq”.
Muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, bu gün torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər və lizinq yolu ilə müasir kənd təsərrüfatı texnikaları verilir, “Naxçıvan Aqrolizinq” ASC-nin rayon bazalarında aqrotexniki xidmət sarıdan köməkliklər göstərilir. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar buğda sahəsi üçün 100 manat, arpa əkini sahəsi üçün 50 manat ödənilir, mineral gübrələr isə 70 faiz güzəştlə verilir. 2015-ci ildən lizinqin şərtlərinə dəyişiklik edilib, alınan kənd təsərrüfatı texnikalarının ümumi dəyərinin 40 faiz həcmində güzəşt tətbiq olunub ki, bu da hər bir torpaq mülkiyyətçisinin ailə büdcəsinə müsbət təsir göstərib, onun əkib-becərmək əzmini daha da artırıb.
Məhsulun vaxtında toplanılması və münasib qiymətə satılması da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, cəmiyyətdə qəbul olunan 1 kiloqram buğda və qarğıdalı 30 qəpikdən, arpa isə 25 qəpikdən təhvil götürüləcək və dəyəri də yerində ödəniləcəkdir.
Bəli, muxtar respublikamızda strateji əhəmiyyətli məhsula – taxıla olan tələbatın daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Taxılçılıqda yeni, səmərəli toxum materialının tədarükü, becərmənin yüz faiz mexanikləşdirilməsi, gübrə normalarının tətbiqi, növbəli əkin dövriyyəsi, suvarmaların şırım üsuluna keçirilməsi məhsul istehsalının artımına səbəb olub. Xatırladaq ki, 2016-cı ildə 31 min 579 hektar sahədən 94 min 117 ton taxıl tədarük edilib, hektardan məhsuldarlıq 29,8 sentner olub. 2017-ci ilin bol məhsulunun əsası ötən ilin payızında qoyulub, 17 min 465 hektar sahədə buğda, 5035 hektar sahədə arpa olmaqla, ümumilikdə, 22 min 500 hektar sahədə payızlıq taxıl əkini keçirilib, suvarma suyuna olan tələbat vaxtlı-vaxtında ödənilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR