Muxtar respublikamızda uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl həyata keçirilməsi bütün sahələrdə olduğu kimi, əmlak-torpaq münasibətlərinin yeniləşməsinə, daşınmaz əmlak idarəçiliyinin yeni mexanizmlərinin formalaşmasına təkan verib. Daşınmaz əmlak sahiblərinin, vətəndaşların və sahibkarlıq subyektlərinin öz əmlakları üzərindəki hüquqlarının etibarlı qorunması, qeydiyyat-kadastr sisteminin modernləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Ölkəmizdə daşınmaz əmlakın qeydiyyatı tarixi təxminən iki əsr əvvəldən başlayır. 1814-cü ildə ilk əmlakın qeydiyyatına dair məlumatlara rast gəlinir. Naxçıvan İnqilab Komitəsinin qərarı ilə 1920-ci ildə yaradılan ilk torpaq şöbəsi Naxçıvan ərazisində torpaqlara nəzarət edib, ölçü, planaalma və qeydiyyat işlərini yerinə yetirib. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin arxivində Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı XX əsrin əvvəllərinə aid çoxsaylı sənədlər qorunub saxlanılır.
Dövlət müstəqilliyimizin bərpasından sonra xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabətə əsaslanan yeni iqtisadi münasibətlər sisteminin formalaşması üçün mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi zərurətə çevrildi. İctimai həyatda və dövlət quruculuğunda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar nəticəsində ardıcıl və sistemli iqtisadi proqramlar işlənib hazırlandı, yeni mülkiyyət münasibətləri, eyni zamanda mülkiyyət hüquqlarının qeydiyyatı, müdafiəsi və toxunulmazlığı ilə bağlı qanunvericilik bazası formalaşdırıldı.
Hüquqi dövlətdə və demokratik cəmiyyətdə mülkiyyət münasibətləri hüquqi təminatla birbaşa bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mülkiyyət hüququ var və mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüquqlarının müdafiəsi dövlətin ən mühüm vəzifələrindən biridir.
Konstitusiyamız və beynəlxalq hüquq mülkiyyəti toxunulmaz elan etməklə bərabər, həm də mülkiyyət hüququnun dövlət tərəfindən müdafiəsinə təminat verir. Bununla yanaşı, daşınmaz əmlaka mülkiyyət hüququnun yaranması və müdafiə olunması dövlət qeydiyyatı ilə əlaqələndirilir. Belə ki, dövlət qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına zəmanət vermir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrində qeyd olunur ki, torpaq sahəsi üzərində hüquqlar torpaq sahələrinin verilməsi barədə müqavilənin dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində deyilir ki, qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir.
Qanunvericiliyin müddəalarından görünür ki, daşınmaz əmlaka mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi və dövlət tərəfindən müdafiə edilməsi baxımından hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mühüm əhəmiyyət kəsb edir, eyni zamanda zəruri şərtdir. Mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Əmlakın dövlət reyestrində qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminatdır, həmçinin bu hüququn pozulmasının və mübahisələndirilməsinin qarşısını alır.
Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qeydiyyat orqanına təqdim edilməsi ilə başlayır. Qəbul edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və müvafiq məlumat dövlət reyestrinə daxil edilir.
Daşınmaz əmlak üzərində hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 16 iyul tarixli Fərmanı ilə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
Muxtar respublikamızda daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Göstərilən dövlət qayğısı nəticəsində komitədə qeydiyyat prosesinin operativ həyata keçirilməsi məqsədilə zəruri infrastruktur yaradılmış, daşınmaz əmlakın dövlət reyestrinin aparılması üçün informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmişdir. Hazırda komitə tərəfindən göstərilən və “Elektron Hökumət” portalına inteqrasiya olunmuş 27 növ elektron xidmətdən 19-u daşınmaz əmlakın qeydiyyatı ilə bağlıdır.
Qeydiyyat prosedurlarına əlçatanlığın və vətəndaşların rahatlığının təmin edilməsi üçün komitənin və rayon (şəhər) idarələrinin mütəxəssislərindən ibarət səyyar xidmət qrupu yaradılmışdır. Yerlərdə xidmətin yüksək səviyyədə təşkili məqsədilə qrup zəruri avadanlıqlarla təchiz edilmiş mobil ofislə təmin olunmuşdur.
Muxtar respublika iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf, əhalinin iqtisadi fəallığı, eləcə də qeydiyyat prosedurlarının sadələşdirilməsi nəticəsində vətəndaşların əmlak münasibətlərinin aktiv iştirakçısına çevrilməsi və əhali arasında aparılan davamlı maarifləndirmə tədbirlərinin nəticəsi olaraq qeydiyyata alınan əmlakların sayında sürətli artım müşahidə olunmaqdadır. Belə ki, 2010-cu il ərzində dövlət reyestrinin bütün bölmələri üzrə 3529 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ qeydə alınmışdısa, bu rəqəm 2016-cı ildə 5845-ə çatmışdır. Bu isə 1,6 dəfə artım deməkdir. Müqayisə olunan dövrdə mülkiyyət hüququ dövlət qeydiyyatına alınan torpaq sahələri 1130-dan 2909-a, fərdi yaşayış evləri 1410-dan 1765-ə, mənzillər 852-dən 945-ə, qeyri-yaşayış binaları 43-dən 60-a qədər artmışdır. Bu göstəricilər muxtar respublikada daşınmaz əmlaka yatırımların artdığını əks etdirir ki, bu da əhali gəlirlərinin ilbəil yüksəlməsinin nəticəsidir.
Daşınmaz əmlakın qeydiyyatında baş verən yeniliklər və bu prosesin sadələşməsi muxtar respublikamızda əhalinin qısa zaman ərzində əmlakını qeydiyyatdan keçirərək onun toxunulmazlığını təmin etməsi ilə bərabər, əmlakdan istifadənin səmərəliliyini də yüksəltmişdir.
Nurlan Fətəliyev
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri