Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, güclü iqtisadiyyatın yaradılması üçün sənayenin inkişafı əsas şərtdir. Bu istiqamətdə dövlət müstəqilliyimizin əldə olunmasından ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında yeni müəssisələr istifadəyə verilmiş, mövcud müəssisələrin fəaliyyətinin bərpası və yenidən qurulması təmin edilmişdir. Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörəkbişirmə, şəkər, mineral su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarla digər istehsal sahələri yaradılmışdır. Bu dövr ərzində investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri olan Naxçıvan Sement Zavodu, minik avtomobillərinin istehsalını həyata keçirən Naxçıvan Avtomobil Zavodu fəaliyyətə başlamışdır.
Sənayedə aparılan mühüm tədbirlər məhsul istehsalının artımına müsbət təsir göstərmiş, 2016-cı ildə muxtar respublikada 942 milyon manatdan artıq həcmdə sənaye məhsulu istehsalı qeydə alınmışdır. 2016-cı ildə istehsal olunmuş sənaye məhsulunun həcmi 1995-ci illə müqayisədə 103 dəfə, 2000-ci illə müqayisədə 69 dəfə artmışdır.
2016-cı ildə istehsal edilmiş sənaye məhsulunun 95,4 faizi emal sənayesinin payına düşmüşdür. Ümumi sənaye məhsulunun böyük bir hissəsinin emal sənayesi tərəfindən təmin olunması muxtar respublikada bu sahənin dinamik inkişafından xəbər verir. Qeyd edək ki, emal sənayesi kənd təsərrüfatından və mədənçıxarma sənayesindən əldə edilən məhsulların işlənildiyi və müxtəlif sahələrdə istifadəyə hazır vəziyyətə gətirildiyi sahə olub, iqtisadiyyatın özəyini təşkil edir.
Əldə olunmuş uğurların nəticəsi kimi hazırda ümumi daxili məhsul istehsalının tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, 2004-cü ildə ümumi daxili məhsul istehsalının sahə strukturunda sənayenin xüsusi çəkisinin 10,6 faizdən 2016-cı ildə 27,8 faizədək yüksəlməsində muxtar respublikada iqtisadi və sosial sahələrin kompleks inkişafı istiqamətində qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası xüsusi rol oynamış, təkcə 2016-cı ildə bu sahəyə 10 milyon 322 min manat həcmində kreditlər verilmişdir. Həyata keçirilən mühüm tədbirlər sahibkarların fəaliyyətinə stimul yaratmış, sənaye məhsulunun tərkibində özəl bölmənin payı 2004-cü ildə 54 faiz olmuş, 2016-cı ildə isə 96 faizə çatmışdır.
Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, rəqabətədavamlı yeni məhsul növlərinin istehsalı daxili tələbatı ödəməklə yanaşı, ixracın həcminin də ilbəil artmasına müsbət təsir göstərmişdir. 2016-cı ildə muxtar respublikada 419 milyon 121 min ABŞ dolları dəyərində ixrac qeydə alınmışdır ki, bu da 2004-cü ildəki müvafiq göstəricidən dəfələrlə çoxdur. 2016-cı ildə ümumi ixracın 76,4 faizini sənaye, 23,6 faizini isə kənd təsərrüfatı məhsulları təşkil etmişdir. İxracın dinamik artımı səmərəli məşğulluğun və iqtisadi sabitliyimizin əsas göstəricisidir.
Sənayenin dinamik inkişafı bu sektorda işləyən işçilərin say tərkibinin artımına da ciddi təsir göstərmişdir. Belə ki, 2016-cı ildə sənaye sektorunda 15987 nəfər işçi çalışmışdır ki, bu da 2004-cü ildəki müvafiq göstəricidən 5 dəfə çox olmuşdur. Bu dövr ərzində sənaye sahəsində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2004-cü ilə nisbətən 4 dəfə artaraq 2016-cı ildə 370,8 manat təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti