22 Dekabr 2024, Bazar

Şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyatdan keçirilməlidir. Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin Naxçıvan şəhərinin Atatürk küçəsi 1 ünvanında yerləşən müştərilərə xidmət zalında müvafiq şərait yaradılmışdır. May ayının 10-dan etibarən muxtar respublika sakinləri yeni mobil telefonlarını qeydiyyatdan keçirə bilərlər. Qeydiyyatın aparılması üçün vətəndaşın şəxsiyyət vəsiqəsini və mobil telefonunu özü ilə gətirməsi vacibdir. Bundan əlavə, sakinlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “209” nömrəli qaynar xəttindən və mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə bilərlər. Bu qayda muxtar respublikaya gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

Mobil cihazların qeydiyyat sistemi muxtar respublikada Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 17 yanvar 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun olaraq həyata keçirilir. Mobil cihazların qeydiyyat sisteminin yaradılması “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır. 
Qeydiyyat sistemi istismara başladığı tarixədək ölkədə mobil rabitə şəbəkələrində istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab edilir və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq.
Mobil cihazlardan *#06# yığmaqla İMEİ nömrəsini müəyyən etmək olar. www.imei.az internet səhifəsindən istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların İMEİ nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcə də əlavə məlumatlar əldə edə bilərlər. Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından ibarətdir. Eyni zamanda qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və həmin mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.

Naxçıvan Muxtar Respublikası
 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR