23 Dekabr 2024, Bazar ertəsi

Zəngin təbiəti olan Naxçıvan Muxtar Respublikası çox sayda faydalı qazıntılara sahib olmaqla bərabər, həm də insan sağlamlığı üçün zəruri olan, min bir dərdə dava olan mineral suları ilə tanınır. Hazırda qədim diyarımızın bir çox ünvanında bu qəbildən mineral bulaqlar var ki, bu bulaqların suyu hələ sovetlər dönəmində tanınır və tibb sahəsində istifadə edilirdi. Bu ölkənin bir çox məşhur xəstəxanalarında Naxçıvandan aparılan sular reseptlə xəstələrə verilirdi. Bu sulardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı bulağa məxsusdur.
1945-1947-ci illərdə geologiya-minerologiya elmləri ­doktoru Əziz Əsgərovun rəhbərliyi altında Şahbuz rayonu, Badamlı qəsəbəsi ərazisində aparılan elmi-tədqiqat işlərinin nəticəsində “Badamlı” mineral bulağı aşkar olunmuş, 1947-ci ildə həmin suyun istehsalı üçün burada kiçik müəssisə yaradılmışdı. İlkin mərhələdə gün ərzində kustar üsulla cəmi 30-40 litr su istehsal edilmişdi.
“Badamlı” süfrə suyunun geniş şəkildə istehsal olunması müstəqillik illərinə təsadüf edir. Hazırda Naxçıvan şəhərində ən müasir texnologiyalarla təchiz olunmuş müəssisə fəaliyyət göstərir. Müəssisənin iş prosesi ilə tanış olmaq üçün ötən günlərdə yolumuzu bu ünvandan saldıq. Qarşıdan isti yay günləri gəlir, süfrə suyuna tələbat daha da artır. Bununla əlaqədar olaraq burada istehsal prosesi daha da sürətlənib.

Müəssisənin direktoru Hümbət Qəhrəmanov bizimlə söhbətində bildirdi ki, ümumi sahəsi 9590 kvadratmetr olan istehsal müəssisəsi 2009-cu ildə istifadəyə verilib. Ərazidə inşa edilən ikimərtəbəli binada yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yaradılıb. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş müəssisə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edir. Müəssisəyə Badamlı yatağından 25 kilometr uzunluğunda su nəql edən boru xətti çəkilib. Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılıb. Müəssisədə müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 12 çeşiddə mineral su istehsal olunur. Xarici və daxili bazarın tələbatına uyğun olaraq, 0,5, 1, 1,5 litrlik plastik butulkalarda qazlı və qazsız, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı, məişətdə istifadə üçün 5 və 19 litrlik plastik taralarda qazsız su istehsal edilir və gələcəkdə 10 litrlik plastik qablarda qazsız suyun istehsalı nəzərdə tutulur. Cari ildə müəssisənin istehsal gücü ötən illə müqayisədə 18 faiz artıb. Ümumilikdə, müəssisənin illik istehsal gücü 20 milyon butulkaya çatır.
Onu da qeyd edək ki, müəssisədə Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyanın köməyi ilə suyun minerallıq dərəcəsi, qələviliyi yoxlanılır, ümumi analizləri aparılır. Bu da, təbii ki, keyfiyyətin yüksək səviyyədə olmasına imkan verir. Təqdirəlayiq haldır ki, “Badamlı” mineral suyu bir çox beynəlxalq sərgilərdə yüksək qiymətləndirilib. Sonuncu dəfə isə cari ilin mart ayında İran İslam Respublikasında təşkil olunan Novruz sərgisində “Badamlı” mineral suyu nümayiş olunub. Bu gün ölkəmizin istənilən bölgəsində “Badamlı” mineral suyunu əldə etmək mümkündür. Məhsulun yüksək keyfiyyətdə olması yerli tələbatla yanaşı, xarici ölkələrdə də bu mineral suya maraq yaradıb. Bunun nəticəsində “Badamlı” mineral suyu 2010-cu ildən Rusiya Federasiyasına, 2016-cı ildən Birləşmiş Ərəb Əmirliklərinə, cari ildən isə İran İslam Respublikasına satışa göndərilir. Yaxın gələcəkdə isə Belarusa və Mərkəzi Asiya ölkələrinə ixracı nəzərdə tutulur.
Sonda daha bir məsələyə diqqət çəkmək istərdik ki, bu gün marketlərimizdə, eləcə də ictimai iaşə müəssisələrində xarici ölkələrdən gətirilmiş sərinləşdirici içkilərə rast gəlmək mümkündür. Bu məhsullar həm də qiymətinin bahalığı ilə seçilir. Ancaq bəzi sahibkarlar nədənsə bu məhsulların ­mağazalarda daha göz önündə olmasına üstünlük verirlər. Mağazaların əksəriyyətində Badamlı müəssisəsinə məxsus soyuducularda bu məhsuldan daha çox xarici mənşəli enerji içkiləri ilə qarşılaşılır. Halbuki onların kimyəvi tərkibi hələ də elm adamları üçün qaranlıq qalır. Bu içkilərin insan sağlamlığı üçün zərərlərindən dəfələrlə danışılsa da, bəzi gənclərin hələ də belə içkilərə üstünlük verməsi isə, həqiqətən, təəccüb doğurur. Çünki gəncliyin, belə demək mümkünsə, əsas “atributlarından” biri də elə coşqunluq, enerjidir. Deməli, bu sahədə təbliğat da o qədər ürəkaçan deyil. “Badamlı”, “Sirab”, “Çınqıllı”, “Böyrək suyu” və onlarla təbii süfrə suyunun olduğu bir diyarda hər bir ictimaiyyət nümayəndəsinin üzərinə düşən vəzifə yerli məhsullarımızın təbliğatına öz töhfəsini verməkdir. Əgər belə olarsa, onda süfrələrimizdə əcnəbi mənşəli məhsullar yox, elə öz bulaqlarımızın suyu olacaq.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR