23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada yerli xammala və yüksək texnologiyanın tətbiqinə əsaslanan sənaye müəssisələri istehlak bazarında idxaldan asılılığın azaldılmasında mühüm paya malik olmaqla, eyni zamanda məşğulluq məsələlərinin həllində də əhəmiyyətlidir. 2006-cı ildən fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti də muxtar respublikanın istehlak bazarında yüksəkkeyfiyyətli pivəyə və digər içkilərə olan tələbatın yerli imkanlar hesabına ödənilməsini təmin edir. Hazırda 60 nəfərə yaxın işçinin çalışdığı bu istehsal müəssisəsi ötən dövrdə öz fəaliyyətini genişləndirməklə birlikdə yeni çeşidlərin yaradılmasına da diqqəti artırıb. Şübhəsiz, biznesdə keyfiyyət prinsiplərinin ön planda tutulması, müasir texnologiyalardan istifadə olunması ilə istehlakçı məmnuniyyətinə nail olunması uğur qazanmanın əsas yollarındandır. “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində bu tələblərə cavab verən iş sistemi həmişə diqqətdə saxlanılır. Müəssisənin sahibkarı Seyfəddin Rəhimovla söhbətimizdə də bu qənaətə gəldik.

Müəssisədə qurulmuş yeni avadanlıq haqqında danışan sahibkar bildirdi ki, hazır­da burada 10 çeşiddə pivə və digər spirtsiz içkilər istehsal olunur. Rusiyadan alınmış bu istehsal xətti isə 0,33 və 0,5 litrlik şüşə butulkalarda pivənin qablaşdırılması üçündür. İstehsal gücü saatda 2 min butulka olan bu avadanlığın alınıb quraşdırılması məqsədilə Sahibkarlığa Kömək Fondundan 150 min manat həcmində kredit alınıb. Nəfis etiketli, yüksəkkeyfiyyətli Naxçıvan pivəsinin şüşə butulkalarda qablaşdırılması artan tələbatın ödənilməsi məqsədi daşıyır. Naxçıvana gələn çox sayda xarici turistlərin bu məhsula olan tələbatını da nəzərə alsaq, plastmas taralarda istehsal olunan məhsulla yanaşı, yeni çeşidə olan tələbat da daha yüksək olacaq, – deyə sahibkar bildirdi .
Qeyd edək ki, bu yeni avadanlığın qurulması ilə müəssisədə əlavə 5 yeni iş yeri də açılıb. Burada işçilərin məhsuldar fəaliyyəti üçün normal iş şəraiti yaradılıb, onların istifadəsi üçün servis avtobusu, istehsal olunan məhsulun ticarət məntəqələrinə çatdırılması üçün isə xüsusi avtomaşınlar alınıb. İqtisadi məsələlərlə yanaşı, “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ətraf mühitin qorunması və ekoloji təmizliyə də ciddi fikir verir. Müəssisə ətrafındakı səliqə-sahman, təmizlik və yaşıllıq bunu deməyə əsas verir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR