Müasir Naxçıvanın iqtisadiyyatında yüksəkkeyfiyyətli sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış xeyli sayda müəssisələrin fəaliyyət göstərməsi muxtar respublikada sahibkarlığa verilən dəstək sayəsində mümkün olub. Yeni istifadəyə verilən müəssisələr üçün müasir texnoloji avadanlıqların gətirilib quraşdırılması, daxili bazarın qorunması, yerli istehsalçıların işinin stimullaşdırılması sənaye sahəsinin canlanmasına mühüm təsir edən amillərdəndir.
İnkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyə tam nail olunması buradakı bütün iqtisadi resursları dövriyyəyə cəlb edə bilən və bununla da, onların səmərəli istifadəsinə şərait yaradan sənaye məhsulu istehsalından keçir. Əsasən, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə XX əsrin ortalarından başlayaraq inkişaf yoluna qədəm qoyub. Bu məsələlər ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xüsusilə diqqət mərkəzində olub, həmin dövr Naxçıvan Muxtar Respublikası sənayesinin inkişafında mühüm mərhələ kimi yadda qalıb. Belə ki, 1965-ci ildə muxtar respublika sənayesi cəmi 40 adda məhsul istehsal etdiyi halda, 1970-1980-ci illərdə artıq muxtar respublikada yüzlərlə növdə məhsul istehsal edilir, onların xeyli hissəsi respublika xaricinə göndərilirdi. O dövrdə Azərbaycanda istehsal edilən daşduzun, molibdenin, sink və qurğuşunun, mineral suların, ipək xammalının, inşaat materiallarının, mərmərin, şərabın, meyvə və mürəbbə konservlərinin böyük bir hissəsi muxtar respublikanın payına düşürdü.
1970-1985-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyulmuşdu. Həmin illərdə Naxçıvanda alt trikotaj fabriki, yeni mineral sudoldurma zavodu, şüşə qablar zavodu, taxıl məhsulları kombinatı, iri evtikmə kombinatı və dəmir-beton məmulatları zavodu, Şahtaxtı daş karxanası kimi, bütövlükdə, 22 iri sənaye müəssisəsi, qonşu İran dövləti ilə birgə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası tikilib istifadəyə verilmişdi. Naxçıvanda faydalı qazıntı hasilatı xüsusi yer tuturdu. Sənaye əhəmiyyətli daşduz, dolomit, travertin, tuf, mərmərləşmiş əhəngdaşı, gips, gil, qum, mergel, sink-qurğuşun, molibden, mis-molibden, qızıl və mineral sular kimi zəngin təbii sərvətlərə malik muxtar respublikada müxtəlif növ tikinti materiallarının, o cümlədən dəmir-beton, kərpic, travertin, mərmər və sair məhsulların istehsalının genişləndirilməsinə xüsusi diqqət yetirilirdi.
1987-1993-cü illərdə baş verən məlum hadisələr, ümumilikdə, Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına zərbə vurdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik bütün sahələr kimi, Naxçıvanda sənaye sahəsinin də inkişafına böyük imkanlar açdı. Artıq muxtar respublikada mövcud müəssisələrin fəaliyyətinin bərpası və ya yenidən qurulması, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni müəssisələrin yaradılması hesabına sənaye sahəsi ümumi daxili məhsulda ilk yeri tutur. Belə ki, 2016-cı ilin nəticələrinə əsasən sənaye sahəsi 28 faizlik payla ÜDM-də ilk sırada yer alıb.
Naxçıvan Muxtar Respublikasında sənaye çoxprofilli və yüksək texnologiyanın tətbiqinə əsaslanmaqla əhali məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Artıq muxtar respublikada yerli və idxal xammal əsasında işləyən çox sayda sənaye müəssisələri fəaliyyət göstərməkdədir. Bu müəssisələrin əksəriyyətinin Naxçıvan şəhərində olması muxtar respublika paytaxtının sənaye şəhəri adlandırılmasına əsas verir. Təkcə Naxçıvan şəhərində 35-ə yaxın profil üzrə 100-dən çox ixtisaslaşmış sənaye müəssisəsi vardır. Onlar arasında plastmas qablardan avtomobillərə, polietilen torbalardan mebellərə, quş ətindən şirniyyat məhsullarına qədər çox geniş profildə məhsullar istehsal edən müəssisələri qeyd etmək mümkündür. Daxili bazarın tələbatının ödənilməsi üçün yerli xammaldan səmərəli istifadə olunmaqla, idxal əvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər artıq öz bəhrəsini verməyə başlayıb. Məsələn, hazırda iki yüzdən çox insanın işlə təmin olunduğu “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin ən müxtəlif keyfiyyətli qida məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bu müəssisədə hazırda çox çeşiddə çörək, süd və şirniyyat kimi milli mətbəximizdə mühüm yer tutan ərzaq məhsulları istehsal edilir. Müəssisədə Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Beləliklə, əvvəllər alıcılar xaricdən gətirilən ərzaq və qeyri-ərzaq məhsullarına maraq göstərirdilərsə, indi artıq muxtar respublikada istehsal olunan məhsullara üstünlük verilir.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində Azərbaycanın məşhur mineral su brendi “Badamlı” istehsal olunur. 2009-cu ildə yüksək texnologiya ilə dünya standartları səviyyəsində məhsul istehsalına başlanılan bu müəssisə 1947-ci ildən bəri hər yerdə tanınan “Badamlı”nın şöhrətinin özünə qaytarılmasında mühüm rol oynayıb. Müəssisədə geniş çeşiddə istehsal olunan qazlı və qazsız “Badamlı” suları təkcə Naxçıvanda deyil, ölkəmizin hər yerində, eləcə də Rusiya və Dubay bazarlarında özünə alıcı tapır. Bu qiymətli təbii sərvətimizin mineral sular ixracatçısı olan Rusiya bazarına çıxarılması biznes əlaqələrinin genişləndirilməsi ilə bağlıdırsa, digər tərəfdən “Badamlı” təbii mineral süfrə suyunun xarici bazarda özünəməxsus yer tutması və möhkəmlənməsi onun dünya standartlarına uyğun yüksəkkeyfiyyətli istehsalı və müalicəvi əhəmiyyəti ilə əlaqədardır.
Bu gün muxtar respublikanın digər bir əhəmiyyətli sənaye müəssisəsi olan Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə tələbat böyükdür. Zavod yaradıldığı 2008-ci ildən bəri müxtəlif modellərdə 5 mindən çox minik avtomobili istehsal edib. Bu zavod muxtar respublikada nümunəvi taksi nəqliyyatının təşkili üçün lazım olan avtomobillərin təmin olunması baxımından mühüm rol oynayır. Hazırda zavodun istehsal etdiyi avtomobillərə Naxçıvandan başqa ölkəmizin digər regionlarında, o cümlədən paytaxt Bakıda böyük tələbat vardır.
Naxçıvan Muxtar Respublikasında davam etdirilən genişmiqyaslı quruculuq işlərində “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin də payı böyükdür. 2010-cu ildə yaradılmış bu müəssisə Kəngərli rayonunun ərazisindən gətirilən xammal əsasında travertin və mərmər emalı üzrə ixtisaslaşıb. Müəssisənin istehsal etdiyi məhsullara muxtar respublikadan kənarda da böyük tələbat vardır.
Yeraltı və yerüstü sərvətlərlə zəngin muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə məqsədilə reallaşdırılan daha bir nəhəng layihə 2012-ci ildə yaradılan Naxçıvan Sement Zavodudur. Muxtar respublika ərazisində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən lazımi xammal aşkar olunduqdan sonra Kəngərli rayonunda zavodun tikintisinə başlanılıb. Öz əhəmiyyətinə görə son 20 ilin ən böyük layihələrindən olan müəssisənin inşası nəticəsində muxtar respublikada sementə olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilməyə başlanıb.
Bunlarla yanaşı, Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Mebel Fabriki”, “Cahan-Pen” və “Dizayn Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətləri, habelə qida sektorunda uğurla fəaliyyət göstərən “Ləzzət Qida Sənaye”, “Araz-3” və “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli cəmiyyətləri, muxtar respublikanın rayonlarındakı istehsal-emal müəssisələri də regionun sənaye potensialını artıran mühüm obyektlərdəndir.
Naxçıvanda fəaliyyət göstərən çox sayda digər istehsal-emal müəssisələrinin adlarını çəkmək olar. Ümumilikdə isə onların fəaliyyətinin əsas məqsədi muxtar respublikada daxili bazarın tələbatlarının ödənilməsi və idxaldan asılılığın azaldılmasıdır. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən yeni iqtisadi siyasətə uyğun olaraq Naxçıvanda reallaşdırılan işlər öz uğurlu bəhrəsini verib. Belə ki, hazırda muxtar respublikada istehsal olunan 366 adda məhsul və əhalinin 344 növdə məhsula olan tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsi bu sahədə böyük bir təcrübə və potensialın qazanıldığından xəbər verir. Bütün bunlar isə Naxçıvanın hazırkı və gələcəkdəki iqtisadi potensialının ümumiləşmiş bir göstəricisidir.
Aida HƏSƏNLİ
AMEA Naxçıvan Bölməsinin əməkdaşı