Bu proqram çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində təşkil olunan tədbirdə Bakı şəhərindən gəlmiş mətbuat nümayəndələri və Mərkəzi Bankın əməkdaşları iştirak ediblər.
Tədbiri Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsini icra edən Orxan Abdullayev açıb. O, muxtar respublikamızda sosial-iqtisadi inkişafın dinamik xarakter alması, bank sisteminin inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, idarənin həyata keçirdiyi funksiyalar və muxtar respublika iqtisadiyyatı üçün bankın əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə bankın İqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi Hafiz İsmayılbəyli slaydlar vasitəsilə ölkəmizdə fəaliyyət göstərən müasir bank sisteminin, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin funksiyaları, bank və bank olmayan kredit təşkilatları, bankların iqtisadi proseslərdə rolu, iş prinsipləri barədə danışıb.
Bankın iqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi muxtar respublikada bankçılıq sahəsi üzrə tətbiq olunan dövlət proqramları, həmin proqramlardan irəli gələn vəzifələrin icrası istiqamətində görülmüş işlərdən də bəhs edib.
Muxtar respublikamızda bank sektorunun cari vəziyyətindən, bu sahədə görülmüş işlərdən və əldə olunan nailiyyətlərdən söz açılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonra qonaqlar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin, muxtar respublikanın bank infrastrukturlarının fəaliyyəti ilə yaxından tanış olub, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.
Qonaqlar bu gün Naxçıvan şəhərinin görməli yerlərini gəzəcək, Naxçıvan Dövlət Texniki Kollecində maliyyə savadlılığının artırılması ilə bağlı seminar-treninqdə iştirak edəcəklər.
Muxtar MƏMMƏDOV