İstehlakçı hüquqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu gün Azərbaycanda daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. Bu gün istehlakçıların hüquqlarının müdafiəsini nəzərdə tutan ayrı-ayrı dövlət proqramlarının, qanunların, qərar və qaydaların muxtar respublikanın aidiyyəti orqanları tərəfindən icrası diqqət mərkəzində saxlanılır.
Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri mal və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin dünya standartları səviyyəsinə çatdırılması, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin təmin edilməsidir. Bu məqsədlə istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ticarət norma və qaydalarına əməl edilməsi, istehlak bazarının keyfiyyətsiz və saxta mallardan qorunması, istehlakçıların hüquqlarının etibarlı müdafiəsi və digər bu kimi məsələlər qarşıya qoyulan mühüm vəzifələrdəndir.
Bu vəzifələrin icrası istiqamətində əvvəlki illərdə olduğu kimi, cari ildə də İqtisadiyyat Nazirliyi tərəfindən haqsız rəqabətin, keyfiyyətsiz mal satışının qarşısının alınması, istehlakçı hüquqlarının qorunması, həmçinin təbliğat-təşviqat və maarifləndirmə işləri davam etdirilib.
Bu ilin ötən dövrü ərzində keyfiyyətə dövlət nəzarəti istiqamətində həyata keçirilən tədbirlərə diqqət yetirsək, bu sahədə görülən işlərin əhəmiyyəti haqda dolğun təsəvvür yaranar. Belə ki, qeyd olunan məsələlərlə bağlı verilən tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə ərzaq və qeyri-ərzaq məhsullarının satışı obyektlərində monitorinqlər aparılıb, ümumi dəyəri 6250 manat olan istehlak müddəti bitmiş məhsullar ticarət dövriyyəsindən çıxarılıb.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də süni qiymət artımının və antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasıdır. Daxili bazarda süni qiymət artımına səbəb ola biləcək halların qarşısının alınması məqsədilə 382 növdə yerli istehsal, 2728 növdə idxal mənşəli əsas istehlak mallarının topdan və pərakəndə satış qiymətləri nəzarətdə saxlanılıb, məhsulların qiymətlərində müşahidə olunan artım səbəbləri araşdırılıb və əvvəlki səviyyədə saxlanılmasına nail olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarında satışda olan ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət ilə bağlı lazımi tədbirlər görülür. Bu məqsədlə 2017-ci ilin ötən dövrü ərzində 266 halda idxal, 589 halda yerli istehsal mallarından nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyasında təhlil edilib. Aparılmış analizlərin nəticələrinə əsasən, 7 halda məhsulun keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi müəyyən edilib. Keyfiyyət göstəriciləri normativ-texniki sənədlərin tələblərinə cavab verməyən məhsulların istehsalçısı və idxalçısı barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
İstehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsi çox böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən müxtəlif konfransların və seminarların keçirilməsi, kütləvi informasiya vasitələrində istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlanması, videoçarxların yayımlanması təmin edilib.
Eyni zamanda ticarət və ictimai iaşə obyektlərində çalışan xidmət personalının təlimatlandırılması və digər tədbirlərin həyata keçirilməsi məqsədilə 56 iaşə, 6 mehmanxana obyektində, o cümlədən 92 təhsil müəssisəsində fəaliyyət göstərən iaşə obyektlərində maarifləndirici monitorinqlər aparılıb, aşkar olunan nöqsanların qısa müddətdə aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
İstehlak bazarında çatışmazlıqların aradan qaldırılması üçün inzibati tədbirlərin gücləndirilməsi ilə yanaşı, təbliğat-təşviqat və maarifləndirmə işləri bundan sonra da davam etdiriləcək. İstehlakçıları isə hüquqlarının müdafiəsində fəal olmağa, üzləşdikləri problemlərin aradan qaldırılmasında aidiyyəti qurumlarla əməkdaşlıq etməyə, özlərinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirməyə dəvət edirik.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti